Məhkəmə qərarları › İş №2(105)-331/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-331/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-331/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5370/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-cü il tarixli müqavilə ilə təhvil verilmiş mənzilin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanması, cavabdehdən artıq ödənilmiş 5940 manatın və vurulmuş ziyana görə 1188 manatın və dövlət rüsumu kimi ödənilmiş 92 manatın alınıb iddiaçıya verilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-cü il tarixli müqavilə ilə təhvil verilmiş mənzilin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanması,cavabdehdən artıq ödənilmiş 5940 manatın və vurulmuş ziyana görə 1188 manatın və dövlət rüsumu kimi ödənilmiş 92 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən 14 mərtəbəli binada yerləşən Giriş 1A, Mərtəbə 2, mənzil 3-ün tikintisi haqqında 30 dekabr 2012-ci ildə müqavilə bağlanmışdır. Müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən vaxtlı-vaxtında icra edilmişdir. Lakin, cavabdeh ona müqavilədə nəzərdə tutulmuş sahəyə malik mənzil verməmişdir. Belə ki, müqavilədə mənzilin sahəsi 118 kv.m göstərilsə də, ona faktiki 104.8 kv.m mənzil verilmişdir (13.2 kv.m az) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1603/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiaçının iddiası qismən təmin olunmuş, ona 5940 manat məbləğində pul ödənilməsi qət edilmişdir. Həmin iş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizası bu nəticəyə gəlmişdir ki, İddiaçı ona məxsus 3 nömrəli mənzilin müqavilədə nəzərdə tutulan 118 kv.m ölçüsünə görə mənzil verilməmiş, mənzilin faktiki sahəsi ilə ümumi sahəsi arasında olan fərqi 13,2 kv.m. təşkil edir. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsi həmin qətnamədən verilən apellyasiya şikayətlərini qismən təmin edərək, qətnaməni ləğv etmiş və iddianı baxılmamış saxlamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddialar bir iddiada birləşdirilə bilməz və ayrı-ayrılıqda verilməlidir. İddianın mahiyyəti ilə bağlı hesab edir ki, cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir və belə olan halda iddiaçının şərtləşdirilmiş malı əldə etmədiyi üçün daha az ödəniş etmək və artıq etdiyi ödənişi geri almaq hüququ yaranmışdır. Müqavilədə mənzilin sahəsinin 118 kv.m olması qeyd edilsə də, təhvil verilən mənzilin faktiki sahəsi 104.8 kv.m təşkil edir. İddiaçı ona məxsus 3 nömrəli mənzilin müqavilədə nəzərdə tutulan 118 kv.m ölçüsünə görə 53100 manat, yəni mənzilin hər kv.metrinə görə 450 manat ödəniş etmişdir. Beləliklə ona mənzilin faktiki sahəsi ilə ümumi sahəsi arasında olan 13,2 m2 fərqə görə cavabdeh "xxxx" MTK tərəfindən 5940 (450 x 13,2) manat pul qaytarılmalıdır. Eyni zamanda, bu vəsaiti isə əsassız olaraq qəbul edib özündə saxlamaqla, cavabdeh həmin vəsait hesabına əsasssız varlanmış və iddiaçıya ziyan vurmuşdur. İddiaçı ödənişlərini 2019-cu ildə tam bitirmişdir. Həmin ildən başlayaraq, 4 il ərzində bank uçot dərəcəsi nəzərə alınmaqla iddiaçıya dəymiş ziyan aşağıdakı qaydada hesablanmalıdır: 5940 manat * 5% * 4 il = 1188 manat. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5370/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi qanunsuz və əsassızdır, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış və buna görə də ləğv edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yeni, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Mübahisə koperativ mənzil tikintisi haqqında müqavilə üzrə kooperativin üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməməsi ilə bağlıdır. İlkin görünüşdə podrat sifarişinin elementləri olsa da, hesab edir ki, bu mübahisəyə podrat münasibətlərini tənzimləyən normalar deyil, kooperativə üzvlük, ona əmlak payı qoyulması və onun ümumi mülkiyyətdəki payı ilə bağlı normalar tədbiq edilməli idi. Mülki Məcəllənin 110.1-ci maddəsinə əsasən, kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Həmin Məcəllənin 110-1.1-ci maddəsinə əsasən, kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini müəyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır. Mübahisəli mənzilə dair bağlanmış müqavilədən də göründüyü kimi, o podrat müqaviləsi deyil, kooperativə üzv olma və mənzil payı almaqla bağlı müqavilədir. Məhkəmə iddia müddəti ilə bağlı normaları yalnış tətbiq edib. Belə ki, Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2.-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırkı müqavilə podrat müqaviləsi olmadığı üçün, burada 1 illik deyil, 6 illik iddia müddəti əsas götürülməli idi. Məhkəmədə iddia müddətinin tətbiqi ilə bağlı araşdırma zamanı bildirmişdir ki, mübahisəli mənzili 2013cü ildə qəbul etsə də, onun yerləşdiyi bina yalnız 2019-cu ildə istismara qəbul edilmiş və yalnız bundan sonra həmin mənzillər üzərində mülkiyyət hüququnun qeydiyyatına başlanılmışdır. Qeydiyyat idarəsinin mütəxəssislərinin ölçmə işlərindən sonra bəlli olmuşdur ki, mənzillərin sahələrində əksiklik var. 2021-ci ildə 6 mənzil sahibinin birgə sifarişi əsasında mütəxəssis dəvət olunmuş, ölçmə işlərindən sonra 6 mənzilin hər birində sahə əksikliyi aşkar olunmuşdur. Əslində, binanın 2019-cu ildə istismara verilməsi faktı işin mübahisələndirilməyən halıdır. Məhkəmə iddiaçının hüququnun pozulduğunu bildiyi anı 2013-cü illə əlaqələndirsə də, bununla bağlı konkret sübuta istinad etməyib. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalaraq apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. İddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən 14 mərtəbəli binada yerləşən giriş 1A, mərtəbə 2, mənzil 3-ün tikintisi haqqında 30 dekabr 2012-ci ildə müqavilə bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi mənzilin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanması, cavabdehdən artıq ödənilmiş 5940 manatın və vurulmuş ziyana görə 1188 manatın ödənilməsi barədədir, iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 752-ci maddəsi təşkil edir. Məhkəmə kollegiyası həmçinin iddia müddətinin keçməsinə görə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki Məcəllənin 776.1. maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). İşdən göründüyü kimi mübahisəli mənzillə bağlı müqavilə xx.xx.2012-ci ildə bağlansa da, iddiaçı mənzili 2015-ci ildə təmir etdirməsinə və elə 2015-ci ildən həmin mənzildə yaşamasına baxmayaraq iddiaçı məhkəməyə ilk dəfə 2022-ci il tarixdə müraciət etməklə mövcud qanunvericilikdə nəzərdə tutulmuş 5 illik iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar