Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-195/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 Mustafa oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “Acura TSX” markalı, 2010-cu il buraxılışlı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın sığorta tərəfindən ödənilməyən hissəsinin əvəzi olaraq 4008,17 manat, ziyan nəticəsində avtomobilin icarəyə götürülməsi üçün 1400 manat, avtomobilin evakuatorla daşınması xərclərinin əvəzi 40 manat, 75 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 5523,17 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Acura TSX” markalı, 2010-cu il buraxılışlı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında onun sahibliyində yəni, mülkiyyətindədir. Avtomobillə xx.xx.2023-cü il tarixdə saat təxminən 00:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Neftçilər metrosu istiqamətində hərəkətdə olarkən, ondan arxa tərəfdə hərəkətdə olan “X6 Rover” markalı, 2014-cü il buraxılışlı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil sürət həddinə uyğun ara məsafəsi seçməmiş, onun idarə etdiyi avtomobilə çırpılmış və o da, zərbəni təsirindən işıqforun qırmızısında qarşısında dayanmış Seyfullayev Elman Vəkil oğlunun idarə etdiyi “Hyundai” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə möhkəm dəymişdir. İdarə etdiyi avtomobili vuran həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. Həmin zaman etibarnamə üzrə avtomobili idarə edərək qəza törədən isə Cavabdeh2 olmuşdur. Qəza nəticəsində avtomobilinin arxa və ön hissələrinə böyük məbləğdə zərər dəymişdir. Bu ilkin qiymətləndirmə aktları ilə də sübut olunur. Müstəqil eskpert rəyinə əsasən ona məxsus avtomobilə 8356 manat məbləğində ziyan dəymişdir. Həmin məbləğin 4347,83 manat hissəsi “Azərbaycan Sığorta Şirkəti” tərəfindən ödənilmişdir. Bununla da maşınının təmiri üçün əlavə olaraq 4008,17 manat xərcləməlidir. Həmçinin avtomobil təmirdə olduğu müddətdə iki ay müddətinə "xxxx" MMCdən aylığı 700 manata avomobil icarəyə götürmüş və 1400 manat xərcləmişdir. Bakı şəhər DYPİ YNH baş inspektoru polis mayoru X2 tərəfindən Cavabdeh2 oğl AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində qərar qəbul edilmişdir. Cavabdeh2 sığorta tərəfindən ödəniş edildikdən sonra qalan xərcləri ödəyəcəyini bildirsə də, daha sonra yayınmışdır. Dəymiş ziyan 9000 manatdan çox olmasına baxmayaraq, hadisə üzrə cəmi 5000 manat ödəniş vəsaitindən ona sadəcə sığorta şirkəti tərəfindən 4347,83 manat ödənilmiş, qalan vəsait isə digər zərər çəkmiş sürücüyə ödənilmişdir. Telefonla cavabdehlə əlaqə saxlamış, dəyən zərəri ödəyəcəyini bildirsə də, daha sonra telefon zənglərinə də cavab verilməmişdir. Taksi fəaliyyəti ilə məşğul olur, həmin hadisə zamanı da taksi kimi fəaliyyət göstərirdi. Bu qəza nəticəsində cavabdehlərin ona vurduqları ziyan və ziyanı ödəməkdən yayınmaları nəticəsində taksi fəaliyyəti göstərmək üçün avtomobil icarəyə götürmüşdür. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “Acura TSX” markalı, 2010-cu il buraxılışlı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın sığorta tərəfindən ödənilməyən hissəsinin əvəzi olaraq 4008,17 manat, ziyan nəticəsində avtomobilin icarəyə götürülməsi üçün 2100 manat, avtomobilin evakuatorla daşınması xərclərinin əvəzi 40 manat, 75 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 6223,17 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Mustafa oğlunun nümayəndəsi və vəkili Vəkil iddianın əsassız olduğunu bildirərək, rədd edilməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs “X6 Rover” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2dur, nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir. Nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1dur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində “Acura TSX” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil zərər vurulduğu müəyyən edilmişdir; “Kia Motors” tərəfindən verilmiş Qüsur aktının surətindən görünür ki, “Acura TSX” markalı, **-UY-*** qeydiyyat nömrəli avtomobilə cəmi 6100 manat məbləğində ziyan dəymişdir; İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan və İnzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə “X6 Rover” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 tərəfindən AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; ƏN-Vİ seriyalı, 424234 nömrəli Etibarnamənin surətindən görünür ki, “etibar edən” Cavabdeh1 mülkiyyətində olan “X6 Rover” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etmək səlahiyyətini “etibar edilən” Cavabdeh2 etibar etmişdir. Etibarnamə 02 ay 15 gün müddətinə verilmiş və xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur; ƏN-Vİ seriyalı, 773285 nömrəli Etibarnamənin surətindən görünür ki, “etibar edən” X3 mülkiyyətində olan “Acura TSX” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etmək, sərəncam vermək və sair səlahiyyətləri “etibar edilən” İddiaçı oğluna etibar etmişdir. Etibarnamə 01 il müddətinə verilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədədir; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X6 Rover” markalı, **-XA-*** qeydiyyat nömrəli avtomobil Cavabdeh1 mülkiyyətindədir; xx.xx.2023-cü il tarixli Müstəqil Ekspert rəyindən görünür ki, “Acura TSX” markalı, **- UY-*** qeydiyyat nömrəli avtomobilə cəmi 8356 manat məbləğində ziyan dəymişdir “Azumi Motors” tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Qüsur aktının surətindən görünür ki, “Acura TSX” markalı, **-UY-*** qeydiyyat nömrəli avtomobilə cəmi 8300 manat məbləğində ziyan dəymişdir; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 407 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı aylıq 700 manat ödəməklə avtomobil icarəyə götürmüşdür; xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (saat 10:25) və xx.xx.2023-cü il tarixli (saat 10:26) ödəniş qəbzlərinin surətindən görünür ki, "xxxx" MMC-nin hesabına üç dəfə 700 manat olmaqla, cəmi 2100 manat ödəniş edilmişdir; "xxxx" MMC tərəfindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, “Acura TSX” markalı, **-UY-*** qeydiyyat nömrəli avtomobilə cəmi 4643 manat məbləğində ziyan dəymişdir; "xxxx" MMC tərəfindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, “Acura TSX” markalı, **-UY-*** qeydiyyat nömrəli avtomobilə cəmi 4858 manat məbləğində ziyan dəymişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8241 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Kia Motors” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Acura TSX” markalı, **-UY-*** qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci 5501,94 manat müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2023cü il tarixli mütəxəssin rəyi məlumatlarına əsasən əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Acura TSX” markalı, **-UY-*** qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci 5859,31 manat müəyyən edilmişdir. Beləliklə işin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh2 Mustafa oğlu xx.xx.2022-ci il tarixdə “X6 Rover” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Acura TSX” markalı, **-UY-*** dövlət qeydiyvat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Dəymiş zərərin bir hissəsi siğorta şirkəti tərəfindən qarşılanmışdır. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş və sığorta tərəfindən ödənilməmiş maddi zərər əvəzini cavabdeh tərəfindən ödənilməsini tələb edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.2 və 1096-cı maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Eyni Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh2dur. Belə ki, digər Cavabdeh1 tərəfindən “X6 Rover” markalı, **-XA-*** markalı avtonəqliyyat vasitəsini idarə etmək hüququ etibarnamə əsasında Cavabdeh2 verilmişdir. Yəni, Cavabdeh2 qanuni əsaslarla sözügedən avtomobilə sahiblik etmişdir. İş materiallarından da göründüyü kimi, hadisə baş verən vaxt Cavabdeh2 avtomobili etibarnamə əsasında idarə etmişdir. Bu səbəbdən də onun barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə tənbeh tətbiq edilmişdir. Beləliklə, Cavabdeh1 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır, iddia tələbi ona aid hissədə rədd edilməlidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Belə ki, İnzibati xəta haqqında protokoldan və digər iş materiallarından da göründüyü kimi, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 Mustafa oğlunun qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyində “Kia Motors” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Acura TSX” markalı, **- UY-*** qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci 5501,94 manat və xx.xx.2023-cü il tarixli mütəxəssin rəyi məlumatlarına əsasən əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla avtomobilin təmir-bərpa xərci 5859,31 manat müəyyən edilmişdir. Məhkəmə “Kia Motors” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən verilmiş rəydəki qiyməti, yəni 5501,94 manatı əsas götürülməsi daha məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə isə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə iddiaçının avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 5501,94 manat təşkil etdiyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını və həmçinin həmin məbləğin 4347,83 manat hissəsi “Azərbaycan Sığorta Şirkəti” tərəfindən ödənildiyini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, (5501,94 manatdan sığorta tərəfindən ödənilmiş 4347,83 manat çıxılaraq, qalan 1154,11 manat) dəymiş maddi ziyana görə Cavabdeh2 1154,11 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “ziyan nəticəsində avtomobilin icarəyə götürülməsi üçün 2100 manat, avtomobilin evakuatorla daşınması xərclərinin əvəzi 40 manat” hissəsində qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində iddiaçının avtomobilinə zərər dəymiş və avtomobil müvəqqəti olaraq istismara yararsız hala düşmüşdür. Bu səbəbdən iddiaçı "xxxx" MMC ilə müqavilə bağlayaraq, aylıq 700 manat ödəməklə avtomobil icarəyə götürmüşdür. İddiaçı üç ayın ödəniş qəbzlərini sübut kimi təqdim etmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının idarə etdiyi avtomobilə dəymiş ziyan 1 ay müddətində aradan qaldırıla bilərdi və avtomobil vaxtında təmir edildiyi halda qalan 2 ay MMC-dən avtomobil icarəyə götürmək zərurəti yaranmazdı. Odur ki, iddianın qeyd edilən hissədə 1 ay üçün icarə haqqının əvəzi, yəni 700 manat hissədə təmin edilməsini məhkəmə ağlabatan və əsaslı hesab edir. Məhkəmə iddia tələbinin “avtomobilin evakuatorla daşınması xərclərinin əvəzi 40 manat” hissəsində qeyd edir ki, iddia həmin təmin edilməməlidir. Belə ki, iddiaçı qeyd edilən ödənişə dair hər hansı qəbz və digər sübut təqdim etməmişdir. Odur ki, qeyd edilən ödənişin həyata keçirilməsinə dair sübut təqdim edilmədiyindən, iddia həmin hissədə təmin edilməsi mümkün deyildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərci iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, tərəflərə aid edilməlidir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 75 manatın 22,35 manatı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 60 manatın 42,1 manatı iddiaçıdan, 17,9 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki prosessual 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 1154,11 manat, ziyan nəticəsində avtomobilin icarəyə götürülməsi üçün ödənilmiş pulun əvəzi olaraq 700 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 75 manatın 22,35 manatı Cavabdeh2 Mustafa oğludan tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 60 manatın 42,1 manatı İddiaçı, 17,9 manatı isə Cavabdeh2 Mustafa oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-195/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-195/2024
18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver