Məhkəmə qərarları › İş №2(005)-1964/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1964/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1964/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq özündə saxladığı 6200 manat pulun, gecikdirilmiş məbləğ üçün 310 manat miqdarında faizin, dövlət rüsumu kimi ödənilmiş 86 manat pulun, ümumilikdə 6596 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh aralarında olan razılaşmaya uyğun olaraq, 6200 manat məbləğində pul vermişdir. Bu razılaşmaya əsasən, İddiaçı öz öhdəliyini yerinə yetirərək, 6200 manat pul vəsaitini Cavabdeh vermişdir. Lakin cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Belə ki, razılaşmaya əsasən Cavabdeh X1 6200 manat məbləğində pulu qısa müddətdə qaytarmağı öhdəsinə götürmüş, lakin indiyədək qaytarmamışdır. Qeyd edilənlərlə bağlı Cavabdeh səs yazıları mövcuddur. Borclu tərəf öz borcunu etiraf etmiş və bu həm səslə, həm də ki öz imzası olan yazı ilə sübut edir. İddiaçı xx.xx.2024-cü il tarixində borcu qaytaracağı təqdirdə 1200 manat cavabdehə güzəştə getdiyini qeyd edir, lakin bu güzəştə baxmayaraq borclu yenə də öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdehə xx.xx.2025-ci il tarixində ödənilməmiş pul vəsaitinin ödənilməsi tələbi ilə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunun xx.xx.2025-ci il tarixində cavabdehə çatdırılmasına baxmayaraq bu günədək cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdeh ilə olan razılaşmasına əsasən, o, cavabdehə 2 baş inək satmış, cavabdeh isə onun ətini sataraq 6200 manat pulu ona verməyi öhdəsinə götürmüşdür. O, inəkləri 2024-cü ilin aprel ayında satsa da, may ayında pulu qaytarmadığından ona 5000 manat borcun olmasına dair yazılı sənəd vermişdir. Əslində isə o pulu vaxtında qaytarmaq şərtilə 1200 manatı keçərək 5000 manat olmasına razılaşmışdı. Lakin bu günə qədər o pulu qaytarmamışdır. Buna görə 6200 manat pul və onu qaytarmaqdan boyun qaçırdığına görə faizlər cavabdehdən tutulmalıdır. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli əlyazmanın surətindən görünür ki, Cavabdeh İddiaçı 5000 manat borcunun olmasına dair qəbzə imza etmişdir; - Diskdə təqdim edilmiş video yazılardan görünür ki, İddiaçı 6200 manat pulun 1200 manatını istəmədiyini, geriyə qalan 5000 manatı tələb etdiyini bildirir. Cavabdeh isə 5000 manat borcunun olmasını qəbul edir və ödəyəcəyini bildirir; -xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunun olması, borcun qaytarılmadığı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə iki baş inək satmış, cavabdeh isə hissə-hissə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabeh tərəfindən öhdəlik icra edilmədiyindən xx.xx.2024-cü il tarixdə cavabdeh onun iddiaçıya 5000 manat borcunun olmasına dair qəbzi imzalamışdır. Hazırda iddiaçı inəklərin dəyərinin 6200 manata, pulu vaxtında verərsə 5000 manata razılaşdıqlarını, öhdəliyin icrasının isə gecikdirildiyini bildirərək, alğı-satqının dəyəri olan 6200 manat pulun və gecikdirilmiş məbləğə görə 310 manat pulun tutulmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Heyvanların, quşların və balıqların alğı-satqısı Mülki Məcəllənin 608-613-cü maddələri ilə tənzimlənir. Həmin Məcəllənin 608-ci maddəsinə uyğun olaraq, əgər bu paraqrafın müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından hazırki iş üzrə cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddiaçıdan aldığı malın qarşılığını ona qaytarmamışdır. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmalı, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Qeyd olunmalıdır ki, pulun qaytarılmasını sübut etmək yükünü cavabdeh daşıyır, hazırki iş materiallarında isə belə bir sübut mövcud deyildir. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Borcun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı satdığı malın dəyərinin 6200 manat olduğunu bildirsə də, iş materiallarında yalnız cavabdehin iddiaçıya 5000 manat borcunun olması ilə bağlı sübut mövcuddur. Belə ki, məhkəməyə təqdim edilmiş əlyazmada Afəsin Qalibə olan borcu 5000 manat qeyd edilmişdir. Həmçinin təqdim edilmiş videoyazıda da cavabdeh 5000 manat borcu olduğunu qəbul edir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırkı mülki işdə isə cavabdehin 6200 manat borcunun olmasını təsdiq edən sübut aşkar olunmamışdır. Yalnız iddiaçının izahatlarına əsaslanmaqla müvafiq məbləğin tutulması isə yolverilməzdir. Belə ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinin tələblərinə uyğun olaraq, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, iddiaçı həmin hissədə iddiasının əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etməmiş, iddianı etiraf və ya qəbul etməmişdir. Bu baxımdan iddia həmin hissədə qismən təmin edilməli, 5000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri) İddiaçının pul məbləğinin ödənilməsinin gecikdirildiyinə görə illik beş faiz ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə borclu-cavabdeh kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçının izahatına əsasən inəklər 2024-cü ilin aprel ayında cavabdehə verilmiş, cavabdeh isə onun ətini sataraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin ilin may ayında pul ödənilmədiyindən iddiaçı məcbur qalaraq cavabdehə borcun mövcudluğu ilə bağlı qəbzi imzalatmışdır. Bu baxımdan məhkəmə may ayını xəbərdarlıq müddəti hesab edərək 2024-cü ilin iyun ayının 1-dən iddia ərizəsinin verildiyi günədək, yəni xx.xx.2025-ci il tarixədək (271 gün üçün) illik beş faiz hesablanmalı olduğu qənaətinə gəlir. 5000 manat məbləğində pul öhdəliyinin icrası gecikdirildiyindən 186 manat məbləğində pul (5 faiz/5000 manat:365x271gün =185,6) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi verilməsi üçün 86 manat rüsum ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5000 manat məbləğində pul, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 186 manat pul, cəmi 5186 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 86 manat pulun 68 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 186 manat pul, cəmi 5186 (beş min yüz səksən altı) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 86 manat pulun 68 (altmış səkkiz) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar