Məhkəmə qərarları › İş №2(005)-197/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-197/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-197/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Yelo Bank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1207.25 ABŞ dolları əsas, 1229.57 ABŞ dolları faiz və 199.68 ABŞ dolları cərimə borcu olmaqla, 05.03.2019-cu il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 76.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2713.3 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 05 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 26 faizlə 18 ay müddətinə 3000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 05 iyun 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 02 mart 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti 05 mart 2019-cu il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il mayın 14-dək Cavabdeh1 banka 05 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1207.25 ABŞ dolları əsas, 1229.57 ABŞ dolları faiz və 199.68 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 2636.5 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan başqa, 14 may 2020ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka 05 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1207.25 ABŞ dolları əsas, 1229.57 ABŞ dolları faiz və 199.68 ABŞ dolları cərimə borcu olmaqla 05.03.2019-cu il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 76.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2713.3 ABŞ dolları borcu vardır. 25 iyul 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, əsas borcu ödəməyə razı olduğunu, faiz borcunun azaldılması xahiş etdi Cavabdeh1 əlavə olaraq qeyd etdi ki, pandemiya ilə əlaqədar olaraq banka olan blorcunu gecikdirmişdir. Həmin pulu ödəmək üçün ona vaxt lazımdır. Məhkəmə iclasında Cavabdeh2 kredit borcu üzrə zamin olduğunu, ona münasibətdə iddia tələbinir rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" İKB ASC arasında bağlanmış 05.06.2015-ci il tarixli 23-M-1-0-303-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 30 faizlə 18 ay müddətinə 3000 ABŞ dolları kredit götürmüş, borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 05 iyun 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır; İş materiallarında olan "xxxx" İKB ASC-nin 05.06.2015-ci il tarixli 23-M-1-0-303-15 saylı kredit müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, Cavabdeh1 05.07.2015-05.12.2016-cı il tarixləri üçün ümumilikdə 3762.20 ABŞ dolları ödəniş etməyi öz öhdəsinə götürmüşdür. 05.06.2015-ci il tarixli 23-M-1-0-303-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə 02 mart 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti 05 mart 2019-cu il tarixədək uzadılmış, Cavabdeh1 və Cavabdeh3 ilə "xxxx" İKB ASC arasında bağlanmışdır. 05.06.2015-ci il tarixli 23-M-1-0-303-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə 02 mart 2016-cı il tarixli əlavə sazişə uyğun tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 05.04.2016-cı və 05.05.2016-cı il tarixində 55.46, 05.06.2016-cı tarixindən 05.02.2019-cu il tarixədək 107.16 ABŞ dolları, sonuncu ay (05.03.2019) 107.31 ABŞ dolları ödəməli idi. 05.06.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, 3000 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 verilmişdir; İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanlanmış 14.05.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehlərdən 5 gün müddətinə qeyd olunan borcun ödənilməsi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdilər; İş materiallarında olan İddiaçı ASC-nin 14.05.2020-ci il tarixli, maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 05.06.2015-ci il tarixli 23-M-1-0-303-15 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 1207.25 manat əsas, 1229.57 manat faiz borcu, 199.68 manat dəbbə pulu və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 76.8 manat borc, ümumilikdə 2636.5 manat məbləğində borcu var; 01.06.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəsini almış 2-(103)- 2475/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb etməklə cavabdeh “Yelo Bank" ASC-yə qarşı “kredit öhdəliyi üzrə vaxt keçmiş kredit borcunun restrukturızasıya edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4233/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" İKB ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 05.06.2015-ci il tarixli 23-M- 1-0-303-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASCdən illik 30 faizlə 18 ay müddətinə 3000 ABŞ dolları kredit götürmüş, borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 05 iyun 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 05.06.2015-ci il tarixli 23-M-1-0-303-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə 02 mart 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti 05 mart 2019-cu il tarixədək uzadılmış, Cavabdeh1 və Cavabdeh3 ilə "xxxx" İKB ASC arasında bağlanmışdır. Lakin kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə qaytarmamışdır. Bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 1207.25 ABŞ dolları əsas, 1229.57 ABŞ dolları faiz tutulmalıdır. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 199.68 ABŞ dolları məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, 05.06.2015-ci il tarixli müqavilə üzrə hesablanmış 199.68 ABŞ dolları dəbbə borcu əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 50 ABŞ dolları məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinadən məhkəmə qeyd edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə iddia üzrə tələb edilən “05.03.2019-cu il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 76.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda” hissəsində iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Eyni zamanda, müəyyən edilmişdir ki, "xxxx" İKB ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə arasında bağlanmış 05.06.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşlər. Məhkəmə qeyd edir ki, həm kredit, həm də zaminlik müqavilələri eyni tarixdə bağlanmış və zaminlik müqaviləsi kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra edilənədək qüvvədə olması barədə razılığa gəlmişlər. (4.7) Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. "Zaminliklə təmin edilmiş öhdəlik “Kredit alan” tərəfindən “Bank” qarşısında tam həcmdə icra edilənədək qüvvədədir" ifadəsi (müddəası) isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətini ehtimal etmək mümkün deyil. Həmçinin, Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, 05.06.2015-ci tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Tərəflər arasında bağlanılmış müqavilənin şərtindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 05.03.2019-cu il tarixdə qaytarılmasını razılaşdırmışlar. İddiaçı zaminlərə qarşı iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmiş, hazırki məsələ ilə bağlı 12.06.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda 05.06.2015-ci il tarixli 23-M-1-0-303-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə 02 mart 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti 05 mart 2019-cu il tarixədək uzadılmış, bu müqavilə Cavabdeh1 və Cavabdeh3 ilə "xxxx" İKB ASC arasında bağlanmış, Cavabdeh2 ilə zaminlik müqaviləsinin müddəti uzadılmamışdır. İddiaçı «Yelo Bank” ASC zamin Cavabdeh2 qarşı iddia qaldırmaq hüququ 05.12.2017-ci tarixədək, zamin Cavabdeh3 isə 05 mart 2020-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmişdir. Buna görə də, zaminlərə münasibətdə iddia tələbi rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 1207.25 ABŞ dolları əsas, 1229.57 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə və 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 76.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda, həmçinin 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1207.25 (bir min iki yüz yeddi dollar iyirmi beş sent) ABŞ dolları əsas, 1229.57 (bir min iki yüz iyirmi doqquz dollar əlli yeddi sent) ABŞ dolları faiz, 50 (əlli dollar) ABŞ dolları cərimə və 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 76.8 (yetmiş altı dollar səksən sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2486.82 (iki min dörd yüz səksən altı dollar səksən iki sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar