Məhkəmə qərarları › İş №2(005)-1974/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1974/2022

06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1974/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilin təmiri üçün zəruri olan 1.110 (bir min yüz on) manat məbləğində maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci ildə günorta saat 12:00 radələrində idarə etdiyi “Mercedes Benz 220” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilini Ziya Bünyadov prospektində “Qızlar” yanacaqdoldurma məntəqəsinin yanında yol qırağında saxlamışdır. Oğlu da onunla birlikdə hadisə baş verən zaman avtomobildə olmuşdur. Qəflətən avtomobilə arxadan hərəkət edən bir avtomobil çırpılmışdır. Hadisə yerinə gələn BŞDYPİ-nin inspektoru polis baş leytenantı X4 avtomobillərə baxış keçirərək, ondan və “Bolt” Taksi xidməti adından Toyota Prius (Hibrid) markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh izahat almışdır. Yol polisi inspektoru Fərid Əkbərov onun adından yazdığı izahatda göstərmişdir ki, guya onun avtomobili hərəkətdə olarkən Toyota Prius markalı avtomobil arxadan çırpılmışdır. O etirazını bildirmiş və izahatına əlavə olaraq hadisəni olduğu kimi göstərmişdir. Cavabdeh hadisə yerində bildirmişdir ki, onun idarə etdiyi avtomobilin sığortası vardır və “Atəşgah” Sığorta şirkətində qeydiyyata alınmışdır. Lakin yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh idarə etdiyi Toyota Prius markalı avtomobilin 2022-ci ildə yeni sığortası olmamışdır. Hadisədən 34 dəqiqə sonra, yəni günorta saat 12:34 dəqiqədə avtomobil “Atəşgah” Sığorta 2022-ci il üçün sığorta qeydiyyatına alınıb. “Atəşgah” sığorta şirkəti məhz bu səbəbdən avtomobilinə vurulmuş ziyanın ödənilməsindən imtina etmişdir. Cavabdeh isə avtomobilin təmirindən ötrü tələb olunan 1.110 (bir min yüz on) manat pulu ödəmir. 28 mart 2022-ci ildə o, avtomobilini ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də texniki baxışa saldırmışdır. Avtomobilin təmiri üçün tələb olunan maddi vəsait həmmin texniki baxışda qiymətləndirilmişdir. 08 mart 2022-ci ildə BŞDYPİ-nin inspektoru polis baş leytenantı Fərid Əkbərov yolnəqliyyat hadisəsi ilə bağlı X6 protokol tərtib edərək, AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Cavabdeh 40 (qırx) manat məbləğində cərimə etməklə barəsində inzibati tənbeh növü seçilmişdir. Lakin polis inspektoru hal-hazıra kimi onun avtomobilinə dəyən ziyanın ödənilməsindən ötrü konkret tədbir görməmişdir. O maddi imkanı olmadığına görə avtomobili təmir etdirə bilmir. Cavabdeh vurduğu maddi ziyanı ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbinə qismən qəbul etmiş, ziyan verulmasında təqsirinin olmasını qəbul etmiş, lakin tələb olunan məbləğlə razı olmadığını bildirmişdir. Avtomobilə dəymiş zərərin 500-600 manat olduğunu, həmin məbləğin ödənilməsi üçün vaxt lazım olduğunu qeyd etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AB seriyalı, 194254 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətinə əsasən 1994-cü il buraxılışlı “Mercedes Benz 220” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir; AE seriyalı, 007804 nömrəli, “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətinə əsasən 2008-ci il buraxılışlı “X8” minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. İş materiallarında olan İXP ******* saylı , xx.xx.2022-ci il tarixli X6 protokola əsasən Bakı şəhər DYPİ YNH inspektoru polis baş leytenantı X4 tərəfindən Cavabdeh barəsində İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/7902 nömrəli, xx.xx.2022-ci il tarixli aktına əsasən Cavabdeh sərxoşluq vəziyyəti aşkarlanmamışdır. "xxxx" MMC tərəfindən verilmiş Qüsur aktı”na əsasən “Mercedes Benz 220” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi 1110,0 manat təşkil edir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı məhkəmədə iddia qaldırmağ üçün 31 manat məbləğində dövlət rüsumu ödəmişdir. İcbari Sığorta müqavilələrinin yoxlanılması barədə portaldan çıxarışdan görünür ki, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verdiyi tarixdə sığortası olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4819 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli aktı məlumatlara əsasən 1994-cü il buraxılışlı “Mercedes Benz 220” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 1110 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 1994-cü il buraxılışlı “Mercedes Benz 220” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir, “X8” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən xx.xx.2022-ci il tarixdə saat təxminən 12:00 radələrində Ziya Bünyadov prospektində “Qızlar” yanacaqdoldurma məntəqəsinin yanında ondan irəlidə dayanmış olan “Mercedes Benz 220” minik markalı avtomaşının arxa hissəsi ilə toqquşmuşdur, avtomobilə 1110 (min yüz on ) manat zərər dəymişdir. Məhkəmə iddia tələbi əsaslı hesab edir və qeyd edir ki, dəymiş zərərin məbləğinin 1110 manat olması iş üzrə keçirilmiş avto-texniki-əmtəəşünaslıq ekspertizası ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh 1994cü il buraxılışlı “Mercedes Benz 220” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər üzrə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Mercedes Benz 220” markalı, **- OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 1.110 manat tutularaq İddiaçı ödənilməli, iddia təmin olunduğundan ekspertiza xərci cavabdehdən tutulmalı, ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsi və ya borcun tutulmasına möhlət verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Məhkəmə dövlət rüsumu ilə bağlı hissədə iddiaçı tərəfindən hər hansı bir müraciət olunmadığından belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Mercedes Benz 220” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 1.110 (bir min bir yüz on) manat İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar