Məhkəmə qərarları › İş №2(005)-1976/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1976/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1976/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı “müqavilə üzrə olan borcun tam həcmdə ödəmək şərtilə girov qoyulmuş qızıl-zinət əşyalarının geri alınması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilə üzrə olan borcun tam həcmdə ödəmək şərtilə girov qoyulmuş qızıl-zinət əşyalarının geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli KR0229996 nömrəli müqaviləyə əsasən cavabdehə olan borc məbləğinin tam həcmdə ödəmək şərti ilə girov qoyulmuş 7 adda 2.957 manat dəyərində qızıl-zinət əşyalarının iddiaçıya geri qaytarılması, ödədiyi 49,57 manat dövlət rüsumunun və sənədlərin hazırlanmasına 50 manat xərc etdiyi məbləğin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının oğlu 1985-ci il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdə münaqişə əsasında aldığı bıçaq xəsarətindən ölmüşdür. İstintaq dövründə Kürdəmir rayon Prokurorluğunun xx.xx.2015-ci il qərarı ilə iddiaçı vəfat etmiş oğlunun hüquqi varisi kimi tanınmışdır. Vəfat etmiş oğlunun 2 övladı və həyat yoldaşı birbaşa iddiaçının himayəsində yaşayırlar. Nəvələrindən biri anadangəlmə xəstə olduğu üçün daima müalicə alır və bu səbəbdən də ailənin maliyyə çətinlikləri yarandığından iddiaçı xx.xx.2023-cü il tarixdə KR0185625 nömrəli müqavilə üzrə vəfat etmiş oğlunun həyat yoldaşına məxsus 8 adda qızıl-zinət əşyalarını girov qoyaraq, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 90A ünvanında qeydiyyatda olan Cavabdeh QSC-nin Kürdəmir rayonunda yerləşən filialından 2 il müddətinə geri qaytarmaq şərti ilə 3.540 manat kredit götürüb və xx.xx.2024-cü il tarixə kimi hər ay qrafik üzrə ödəmələri vaxtında həyata keçirmişdir. Nəvəsinin müalicəsi üçün əlavə vəsait tələb olunduğundan, iddiaçı girov qoyduğu vəfat etmiş oğlunun həyat yoldaşına məxsus 8 adda qızıldan birinin alınması ilə əlaqədar Cavabdeh ASC-nin Kürdəmir filialına müraciət edib və onlar bundan sonra girov qoyduğu qızıldan bir ədədini ona geri qaytarıblar və onlarda saxlanılan 7 ədəd girov qoyulan qızıla görə iddiaçı ilə yenidən xx.xx.2024-cü il tarixli KR0229996 nömrəli müqavilə bağlayaraq 2.957 manat məbləğində krediti Cavabdeh ASC-nin verdiyi 5376- 0933-4737-1619 nömrəli iddiaçıya məxsus karta keçirdilər və onun xəbəri olmadan həmin məbləği öz hesablarına siliblər. Həmin məbləğdən iddiaçı istifadə etməmişdir və bu zaman ona bildirildi ki, kartından silinən məbləğ bundan əlavə götürdüyü krediti bağlamaq üçün həyata keçirilmişdir. Bundan sonra yeni kredit müqaviləsi üzrə maliyyə çətinliyi ilə əlaqədar 3 ay ödəməni həyata keçirə bilməmişdir və Cavabdeh ASC-nin baş ofisi ilə əlaqə saxlayıb və bu zaman mərkəzi ofisin işçisi Göyçək xanım iddiaçıya bildirib ki, mütləq ödəmə etməlidir. İddiaçı bundan sonra 3 halda 150 manat kreditə görə ödəmə etmişdir. Bundan sonra növbəti ödəməni iyun ayının axırına kimi, yəni pensiya alana kimi vaxt istəyib və cavabdeh iddiaçı ilə razılaşıb. Bundan sonra qohum və tanışlardan krediti tam ödəmək üçün pul əldə etmiş və pulu ödəyib, girov qoyduğu qızılları götürmək üçün 2024-cü ilin iyul ayının 17-də Cavabdeh QSC-nin Kürdəmir filialının direktoru Dərgah Əzimova yaxınlaşıb. Bu zaman filialın direktoru bildirib ki, artıq qızıllar satılıb və kredit müqaviləsinə xitam verilib. Bundan sonra iddiaçı tərəf cavabdehə bu məsələyə aydınlıq gətirilməsi üçün ardıcıl olaraq həm yazılı və həm də şifahi müraciətlər etsə də, cavab verilməyib. Cavab verilməməsi iddiaçını məhkəməyə müraciət etməyə məcbur edib. İddiaçının İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, onun girov qoyduğu qızılları düzgün qiymətləndirməyiblər. Qızılın cəmi 1/3 hissəsi qiymətləndrilməmişdir. Məhkəmədən iddianın təmin edilməsini, qızıllarının geri qaytarılmasını və ya qızılın satışından qalan qalıq məbləğin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı ilə ASC arasında kredit müqaviləsi bağlanmış, iddiaçıya 2.957 manat kredit ayrılmış və iddiaçı tərəfindən qızıl zinət əşyaları girov qoyulmuşdur. İddiaçı tərəfindən kredit ödənişləri gecikdirilmişdir. İddiaçıya dəfələrlə xəbərdarlıq edilmiş, iddiaçı hər dəfəsində kreditin ödənilməsi üçün vaxt istəmişdir. Rəsmi qaydada iddiaçının qızıl əşyaları satışa çıxarılmış və əldə edilən məbləğdən kredit vəsaiti ödənilmişdir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ASC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli KR0185625-2023 nömrəli çərçivə kredit və girov müqaviləsinin surətindən görünür ki, borcluya 60 ay müddətinə illik 45% ilə 3.540 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən borcalan İddiaçı tərəfindən 3.256 manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan Cavabdeh ASC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli KR0229996-2024 saylı çərçivə kredit və girov müqaviləsinin surətindən görünür ki, borcluya 60 ay müddətinə illik 48% ilə 2.957 manat məbləğində krеdit vеrilmişdir. Həmin müqaviləyə əsasən borcalan İddiaçı tərəfindən 2.617 manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan Cavabdeh ASC Kürdəmir filialının xx.xx.2024-cü il tarixli müştəri ilə hesablaşma aktının surətindən görünür ki, İddiaçı KR0229996-2024 saylı kredit müqaviləsi üzrə 2.957 manat kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə əsasən, İddiaçı ikinci dərəcəli əlilliyi mövcuddur. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1737/2023 nömrəli xəbərdarlıq məktubundan görünür ki, 56 gün gecikmə ilə 273,73 manat məbləğində borcu yarandığı və xx.xx.2024-cü il tarixinə qədər həmin borcun ödənilməsi tələb edilmişdir. Əks halda çərçivə kredit və girov müqaviləsi üzrə girov biletinə qoyulmuş əşyalar satılaraq kredit borcunun bağlanmasına yönəldiləcəyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin direktoru X2 İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı kredit ödənişinin ilk ayında 15 gündən çox aylıq ödənişini gecikdirdiyi halda, kreditə təminat olaraq qoyduğu qızıl-zinət əşyalarının İddiaçı xəbərdarlıq edilmədən, satışa çıxarılmasına, satışdan əldə edilən vəsaitin kredit borcuna yönləndirilməsinə heç bir etirazı yoxdur və bununla bağlı hər hansı iddiası olmayacaqdır. İş materiallarında olan sms yazışmanın surətindən görünür ki, xx.xx.2024-cü ildə İddiaçı qızılların satışa gedəcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh ASC-nin “Kürdəmir” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında aktın surətindən görünür ki, 1 ədəd sep, 2 ədəd qolbaq (qırıq), 1 ədəd qolbaq, 3 ədəd üzük (2-ci qırıq) cəmi 2.617 manat dəyərində qiymətləndirilmiş və həmin qızıl-zinət əşyaları göstərilmiş qiymətlə X3 tərəfindən satın alınmışdır. Beləliklə, məhkəmədə araşdırılması zamanı tərəflərin dəqdim etdikləri dəlillər əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında olan kredit münasibətlərinə əsasən, aralarında xx.xx.2023-cü ildə çərçivə kredit və girov müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ASC tərəfindən iddiaçıya 60 ay müddətinə qaytarılması şərtilə 3.540 manat kredit verilmiş, daha sonra tərəflər arasında xx.xx.2024cü il tarixdə yenidən kredit müqaviləsi bağlanmış, əvvəlki kredit müqaviləsi üzrə iddiaçının borcu bağlanaraq, girov əşyalardan biri iddiaçıya qaytarıldıqdan sonra yenidən girov predmetləri qiymətləndirilərək, 2.617 manat müəyyən edilmişdir. İddiaçı özü də bildirir ki, o, kredit müqavilələri üzrə öhdəliklərini vaxtında icra edə bilməmiş və ona möhlət verilməsini istəmişdir. Həmçinin iddiaçının ASC-yə ünvanlandığı ərizəsində bildirmişdir ki, kredit ödənişini gecikdirdiyi halda ödəmənin onun qızıl-zinət əşyalarına yönəldilməsinə razıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırkı iş üzrə tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iddiaçının 2.617 manat məbləğində borc pulu götürməməsi barədə irəli sürdüyü arqumentə hüquqi qiymət verərək, qeyd edir ki, iddiaçı kredit və girov müqavilələrini, ödəniş qrafikini şəxsən imzalamışdır. Yəni o, kredit müqavilələrini imzalayan zaman bilirdi ki, hansı məbləğdə, hansı müddətə və hansı qaytarılma faizi ilə kreditin götürülməsi üçün imza edir. Bundan başqa, o kredit müqaviləsi üzrə ödəmələri həyata keçirə bilmədiyi üçün onunla yeni kredit müqaviləsi bağlanmış, bağlanmış sonuncu kredit müqaviləsi üzrə isə ona yenidən kredit vəsaiti verilməsi deyil, həmin kredit vəsaiti hesabına əvvəlki kredit borcunun ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək hesab edir ki, işin araşdırılmış faktiki hallarından müəyyən edilir ki, iddiaçının dəlilləri formal olmaqla yalnız izahatlarından ibarətdir. Belə ki, iddiaçı bildirir ki, onun ASC-yə təqdim etdiyi qızılların qiymətləndirilməsi doğru aparılmamışdır. Halbuki, kredit müqaviləsi bağlanan zaman o, qızılların qiymətləndirilmiş qiyməti ilə razı olmuş və müqavilələri imzalamışdır. Sonradan ödənişlərini həyata keçirə bilmədiyi üçün borcun ödənilməsi girov əşyalarına yönəldilmişdir ki, burada cavabdeh tərəfindən qanunsuz və əsassız hər hansı hərəkətə yol verilməsi müəyyən edilmir. Azərbaycan Respublikası “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən, Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. 4.3.2-ci maddəsinə əsasən, xüsusi yüklülüyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu daxildir. 16.1-ci maddəsinə əsasən, yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. 17.5-ci maddəsinə əsasən, yüklülük predmetinin daha baha qiymətə satılması mümkünlüyü həmin satışın ağlabatan qiymətə həyata keçirilməməsini təsdiq etmir. 18.4-ci maddəsinə əsasən, əgər yüklülük predmetinin satışından götürülən məbləğ yüklülük sahibinin tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda yüklülük sahibinin yüklülüyə əsaslanan üstünlük hüququ yoxdur. 25.1-ci maddəsinə əsasən, borclu reyestrə daxil edilmiş yüklülüklə bağlı öhdəliyi tam həcmdə icra etdikdən sonra yüklülük sahibi 5 (beş) iş günü ərzində yüklülüyə xitam vermə haqqında bildirişi reyestrə daxil etməlidir, bu şərtlə ki, yüklülük haqqında bildiriş onda nəzərdə tutulan müddət bitdikdən sonra və ya reyestrə inteqrasiya olunmuş digər elektron informasiya sistemləri vasitəsilə avtomatik qaydada reyestrdə görünən məlumatların siyahısından silinməmiş olsun. 25.4-ci maddəsinə əsasən, yüklülüyə xitam vermə haqqında bildirişin yüklülük sahibi tərəfindən reyestrə daxil edilməsindən imtinadan şikayətlərə məhkəmədə baxılır və reyestrdə olan yüklülüyə məcburi qaydada xitam verilməsinə yalnız qüvvəyə minmiş məhkəmə qərarı əsasında yol verilir. 25.5-ci maddəsinə əsasən, yüklülük sahibi bu Qanunla müəyyən edilmiş müddətdə və qaydada yüklülüyə xitam vermə haqqında bildirişin reyestrə vaxtında daxil edilməməsi nəticəsində vurduğu zərərə görə yüklülük verən qarşısında Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Məhkəmə iddiaçının borcu ödəməklə daşınar əşyaların girovdan azad edilməsi münasibətdə qeyd edir ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi qızıl-zinət əşyaları yenidən qiymətləndirilərək, 2.617 manat müəyyən edilmiş və həmin qızıl-zinət əşyaları göstərilmiş qiymətlə X3 tərəfindən satın alınmışdır. Göründüyü kimi, iddia tələbinin dəlilləri məhkəmə araşdırılması nəticəsində əsassız olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən iddia tələblərinin əsası qanunauyğun olmadığından təmin edilməməli və ödənilmiş dövlət rüsumu və digər xərclər də iddiaçıya aid edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən, maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı “müqavilə üzrə olan borcun tam həcmdə ödəmək şərtilə girov qoyulmuş qızıl-zinət əşyalarının geri alınması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar