Məhkəmə qərarları › İş №2(005)-1979/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1979/2024

03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1979/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından 20 aprel 2020-ci il tarixdə doğulmuş X4 və 13 mart 2022-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər bir uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin və mediasıya prosesinin keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pul məbləğinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 ilə 16 noyabr 2018-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 20 aprel 2020-ci il tarixdə doğulmuş X4 və 13 mart 2022-ci il tarixdə doğulmuş X6 adlı 2 qız uşaqları var. Birgə ailə həyatları baş tutmayıb və Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-3166/2023 saylı qətnaməsi ilə nikah pozulmuşdur və hər iki övladlarının onun yanında qalması qət edilmişdir. Eyni zamanda Nərimanov Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli,2(005)-859/2023 saylı qətnaməsinə əsasən birgə nikahdan 20 aprel 2020-ci il tarixdə doğulmuş X4 və 13 mart 2022-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər bir uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. O, heç bir yerdə işləmir və Cavabdeh hər uşaq üçün 15 manat alimentin artırılmasını bildirsə də, bundan imtina etmiş və nəticədə 16 saylı Mediasiya Təşkilatına müraciət etsə də heç bir nəticə əldə edilməmişdir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu əsas və səbəblərə görə hesab edir ki, birgə nikahdan 20 aprel 2020-ci il tarixdə doğulmuş X4 və 13 mart 2022-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər bir uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və Mediasiya prosesinin keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pul məbləğinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə məhkəmə tərəfindən qətnamə çıxarılmalıdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-859/2023 saylı, 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə birgə nikahdan olan 20 aprel 2020-ci il təvəllüdlü X2 və 13 mart 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin, eyni zamanda uşaqların 3 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 manat maddi yardımın ondan tutulması qət edilmişdir. O, bir ata kimi övladlarının həmişə qayğısına qalmağa hazırdır. Sadəcə olaraq iddia ərizəsində tələb olunan alimentin məbləği həddən artıq yüksəkdir. Belə ki, o, hazırda işsizdir. Həmçinin səhhətində ciddi böyrək problemləri var. Davamlı olaraq müalicələr alır. Həmçinin ailəli olduqları dövrdə ailə ehtiyaclarını ödəmək üçün kredit götürmüşdü. Hazırda aylıq kredit borcu ödəyir. Digər tərəfdən də o hər ay 2 uşaq üçün hər uşağa 220 manat olmaqla sabit pul məbləğində aliment və 50 manat maddi yardım olmaqla cəmi 490 manat aliment ödəyir. Hazırki iqtisadi vəziyyətdə bu qədər yükü çəkmək iqtidarında deyil. Bu səbəbdən də iddia ərizəsində tələb olunan məbləğdə aliment ödəməyə maddi durumu imkan vermir. Beləliklə, İddiaçı “alimentin artırılması” tələbinə dair iddiasının rədd qəbul edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 859/2023 saylı 06 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, ödənilən aliment uşaqların xərclərini qarşılamır, həmçinin uşaqlar üçün minimum xərclər artmışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, tələb olunan alimentin məbləği yüksəkdir. Onsuz da alimenti valideynlərinin köməkliyi ilə ödəyir. O, hazırda işsizdir. Həmçinin səhhətində ciddi böyrək problemləri var. Davamlı olaraq müalicələr alır. Aliment məbləğinin artırılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-859/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 20 aprel 2020-ci il tarixdə doğulmuş X4 və 13 mart 2022-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment və mediasiya prosesinin keçirilməsilə bağlı ödənilmiş 50 manat pulun İddiaçı xeyrinə tutulması, 20 aprel 2020-ci il tarixdə doğulmuş X4 və 13 mart 2022-ci il tarixdə doğulmuş X3 3 yaşına çatanadək Cavabdeh hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3166/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə bağlanmış, 3138 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2020ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması qət edilmişdir; - mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir; - 6 saylı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh işsiz kimi qeydiyyatdadır; - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə qalıq borcu 2390,56 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2018-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan iki övladları vardır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçıdan uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cəmi 440 manat və uşaqların 3 yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı uşaqlar üçün yaşayış minimumunun artmasına əsaslanaraq alimentin məbləğinin hər uşaq üçün 235 manat müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İlk öncə qeyd edilməlidir ki, irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, hazırki işlə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından, cavabdehin etirazı və mövcud vəziyyəti nəzərə alınmaqla iddia haqlı sayılmır. Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir, süni surətdə hüquqi məsuliyyətə (inzibati və cinayət) cəlb edilən şəxslərin sayı artır. İş materiallarından görünür ki, cavabdehin ödədiyi aliment məbləği Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-859/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ümümumilikdə 440 manat müəyyən edilmişdir. Həmçinin o, uşağın 3 yaşına çatanadək 50 manat məbləğində əlavə aliment ödəyir. Hazırda cavabdeh işsizdir. Qətnamənin qüvvəyə minməsindən az müddət keçmişdir. Həmçinin hazırki işdə iddiaçı cavabdehin qazancının artmasına, yaxud maddi vəziyyətinin müsbətə doğru dəyişməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Mövcud vəziyyətdə iddia tələbində göstərilən hal (minimum yaşayış məbləğinin artması) qətnamə ilə müəyyən edilmiş alimentin artırılması üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermədiyindən, qətnamənin qanuni qüvvəyə minməsindən qısa müddət keçdiyindən iddia tələbi əsassızdır və rədd edilməlidir. Bu baxımdan, iddia mediasiya xərcinin ödənilməsi hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar