Məhkəmə qərarları › İş №2(005)-1983/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1983/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1983/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2460 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında xx.xx.2021-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisində kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən cavabdeh xx.xx.2023-cü il tarixədək hər ay 164 manat ödəniş etməklə borcu ödəməyi öhdəsinə götürsə də, bu günə kimi heç bir ödəniş etməmişdir. Məhkəməyə müraciət etməzdən qabaq cavabdehə mübahisənin məhkəmədən kənar həlli ilə bağlı müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, iddiaçının taksi şirkətində sürücü işləmişdir. Avto qəza ilə əlaqədar iddiaçı ilə aralarında borc müqaviləsi bağlanmışdır. Əmək haqqısından hər 15 gündən bir 100 manat olmaqla, 600 manat tutulmuşdur. Əmək haqqını alan zaman tam məbləğə imza atsa da, lakin faktiki olaraq borca görə 100 manat əksik almışdır. Əmək haqqını iddiaçının maliyyə işləri ilə məşğul olan şəxs Kamrana ödəmişdir. Qeyd edilən nəzərə alaraq, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı onun dostudur, cavabdehi isə iddiaçının taksi şirkətində sürücü kimi işləyən zaman tanımışdır. Həmin şirkətdə maliyyə işləri ilə məşğul idi. Avtoqəza ilə əlaqədar cavabdehin iddiaçıya borcu yaranmışdır. Borc 3000 manatdan artıq olmuşdur. Tərəflər arasında borc müqaviləsi bağlanmış, cavabdeh ona müqavilə bağlandıqdan sonra borcundan hər hansı ödəniş etməmişdir. İş materiallarına əlavə edilmiş: Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh 2460 manat məbləğində pul borc verir. Tərəflərin razılığına əsasən “borc alan” krediti xx.xx.2023-cü il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər; "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə mədaxil edərək depozit hesaba 2460 manat məbləğində pul qoymuşdur; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış Xəbərdarlıq məktubundan görünür ki, 2460 manat borcun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2021-ci il tarixində tərəfər notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlamış, müqaviləyə əsasən “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 2460 manat məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığı borcu müvafiq olaraq xx.xx.2023-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı qeyd edilən 2460 manat borc məbləğində pulun tutulmasını xahiş edir. Cavabdeh isə bunu qismən qəbul edərək, borcdan 600 manat ödədiyini bildirir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının öz üzərinə düşən öhdəliyini yerinə yetirməsi, cavabdehin isə müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsbit olunmuşdur. Belə ki, “Borc verən” İddiaçı tərəfindən “Borclu” Cavabdeh 2460 manat məbləğində pulun verilməsi tərəflər arasında yazılı şəkildə bağlanmış borc müqaviləsi, həmçinin kassa qəbzi ilə öz təsdiqini tapmışdır. Borcun qaytarılması və kredit müqaviləsinin etibarlı olmamasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh iddia tələbini təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh izahatında əmək haqqısından hər 15 gündən bir 100 manat olmaqla, ümumilikdə 600 manat borca görə tutulduğunu və həmin ödənişlər işlədiyi taksi şirkətində Kamran adlı şəxs tərəfindən tutulduğunu bildirmişdir. Lakin məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, borc müqaviləsindən sonra cavabdeh tərəfindən ödənişlər olmamışdır. Cavabdeh tərəf iddia etdiyi 600 manat ödəniş barədə hər hansı sübut təqdim etməmiş, həmçinin iddiaçı da həmin ödənişin olduğunu etiraf etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyinə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin bağlanması zamanı əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Beləliklə, müqavilənin məzmunundan və işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun bağlanması ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2460 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2460 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar