Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1987/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı oglunun Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı oglu Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.000 (üç min) manat məbləğində dəymiş zərərin əvəzinin İddiaçı oglunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı oglu iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-cü il tarixdən, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, yaşadığı 59 nömrəli ünvanda təndir və avtomaşın yuyucu məntəqəsi açaraq bir kiçik sahibkar kimi fəaliyyət göstərirdi və dövlətə vaxtlı-vaxtında vergi ödəyir. İşlətdiyi obyektlər yaşadığı həyət evinin nəzdindədir. Qaz, işıq və su təchizatı həmin obyektlərdə qanunla işlədilir. Onun yaşadığı evlə üzbəüz, yolun qarşı tərəfində Xan Şuşunski küçəsi 70-150 nömrəli evdə yaşayan qonşusu Cavabdeh onun sahibkarlıq fəaliyyətinə dəfələrlə maneəçilik törədərək, avtomaşın-yuyucu məntəqəsinin fəaliyyətini pozaraq ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Belə ki, Cavabdeh 2019-cu ilin sentyabr ayında, 2020-ci ilin 13 mart və 29 mart tarixlərində heç bir səbəb olmadan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyiynin 102 xidmətinə yalan məlumat (guya avtoyuyucunun qarşısında xuliqanlıq hadisəsi olması barədə) vermişdir. Bu məlumatlara əsasən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə müvəkkili Zamil Əliheydərov onun yaşadığı ünvana hər dəfə gələrək heç bir xuliqanlıq hərəkətləri və qanun pozuntusu aşkarlamayaraq yuyucu məntəqəsimin fəaliyyətini dayandırmışdır. Sahə müvəkkili ona hər dəfə bildirirdi ki, onun bura gəlmə səbəbi qonşusu Cavabdeh burada işləyən işçilərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayəti olmuşdur. Hər dəfə sahə müvəkkili gəlib heç bir xuliqanlıq faktını aşkar etmədikdə çıxıb gedirdi, ancaq onun yuyucu məntəqəsi hər dəfə on günlərlə fəaliyyətsiz qalırdı, ona görə ki, işləyən fəhlələr qorxub çıxıb gedirdilər. Bundan əlavə 2019-cu ilin son aylarında Bakı şəhəri Nərimanov Rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Elçin Həşimov və 2020-ci ilin mart ayının 13-də Bakı şəhəri Nərimanov Rayon Kommunal Təsərrüfat Birliyinin mühəndisi Edison adlı şəxslər də ona yuycu məntəqəsinin işlətməsini qadağan edirdilər və bildirirdilər ki, qonşusu Cavabdeh onun işlətdiyi yuyucu məntəqəsinin fəaliyyətindən şikayət edibdir. O, Bakı şəhəri Nərimanov Rayon Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarına bildirmişdir ki, işlətdiyi yuyucu məntəqəsi yaşadığı həyətin nəzdindədir və qonşusu Cavabdeh maneəçilik etmir, lakin onlar onun sözlərimə məhəl qoymayaraq bildirmişdilər ki, polis Cavabdeh şikayətini araşdırana kimi yuyucu məntəqəsini işlətmək olmaz. Beləliklə, onun yuyucu məntəqəsi 2019-cu ilin son aylarında - 10 (on) gün, 2020-ci ilin mart ayında 20 (iyrimi) gün fəaliyyətsiz qalmışdır və hər gün qazanc etdiyi 100 (bir yüz) manatdan məhrum olurdu. Ümumilikdə, ona 30 (otuz) gün ərzində 3.000 (üç min) manat məbləğində ziyan dəymişdir və bunun müqabilində dövlətə vaxtında vergi ödəmək imkanı olmamışdır. Cavabdeh polisə yalan məlumat verməsini Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə müvəkkili Zamil Əliheydərov araşdırma aparmış, lakin ona bir sahibkar kimi heç bir sənəd təqdim etməmişdir, sadəcə avtoyuyucu məntəqəni işlətməyə icazə vermişdir. Hesab edir ki, Cavabdeh ona qarşı etdiyi hərəkətlər ona 3.000 (üç min) manat məbləğində maddi ziyan dəyməsi ilə nəticələnmişdir, bir sahibkar kimi dəymiş maddi ziyan onun üçün əhəmiyyətlidir və Cavabdeh bu məbləği ona ödəməlidir. Cavabdeh məhkəmə iclasında ərizə ilə müraciət edərək, İddiaçı iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını və yekun qərar çıxarılmasını, eyni zamanda verdiyi izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 59 ünvanında qeydiyyatda olan İddiaçı ********** nömrəli VÖEN ilə xx xxxxxx 2014-cü il tarixdə müvafiq qeydiyyatdan keçmişdir; Nərimanov RPİ tərəfindən xx xxxx 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 59 ünvanında qeydiyyatdadır; ASAN 1 tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 70 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 59 ünvanında, Cavabdeh isə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 70 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı ********** nömrəli VÖEN ilə xx xxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin sahibkarlıq uçotundan qeydiyyatdan keçmişdir. İddiaçı iddia ərizəsində iddia etdiyinə görə Cavabdeh onun sahibkarlıq fəaliyyətinə dəfələrlə maneəçilik törədərək, avtomaşın-yuyucu məntəqəsinin fəaliyyətini pozaraq ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. İddiaçı şəxsin yuyucu məntəqəsi 2019-cu ilin son aylarında - 10 (on) gün, 2020-ci ilin mart ayında 20 (iyrimi) gün fəaliyyətsiz qalmışdır və hər gün qazanc etdiyi 100 (bir yüz) manatdan məbləğində pul vəsaitindən məhrum olmuşdur. İddiaçı şəxs hesab edir ki, cavadeh Cavabdeh ona qarşı etdiyi hərəkətlər ona 3.000 (üç min) manat məbləğində maddi ziyan dəyməsi ilə nəticələnmişdir, bir sahibkar kimi dəymiş maddi ziyan onun üçün əhəmiyyətlidir və Cavabdeh bu məbləği ona ödəməlidir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilə başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh şəxsdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı şəxs iddia ərizəsində tələb etdiyi pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmamışdır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, iddia ərizəsinə fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin və yaşadığı evin planının surətlərini, müvafiq evlərin foto şəkillərini iddia ərizəsinə əlavə etməklə kifayətlənmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı oglunun Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oglunun Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1987/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1987/2020
12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver