Məhkəmə qərarları › İş №2(005)-1989/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1989/2024

21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1989/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: alimentin artırılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, birgə nikahdan doğulmuş övladı xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 18 dekabr 2019-cu il tarixdə nikaha daxil olmuşdur. Nikah xx.xx.2021-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 adlı oğlunun öz yanında saxlanması müəyyən edilmişdir. Nərimanov rayon məhkəməsinin 2(005)-3285/2021-007 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat alınaraq ona verilməsi müəyyən edilmişdir. Qətnamə qət olduğu zaman aliment məbləği əslində bir uşağın saxlanmasına kifayət etməməsinə baxmayaraq bununla razılaşmışdır. Lakin hazırkı şəraitdə bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməyi mümkün deyildir. Bununla bağlı olaraq da təbii ki, onun xərcləri əvvəlki miqdarda deyil. Məhkəmələr isə sabit pul məbləğində alimenti müəyyən edərkən minimumu yox, uşağın əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanması prinsipini rəhbər tutmalıdırlar. İndiki halda tək 175 manat alimentlə bütün bu xərclərin öhdəsindən gəlmək imkanı olmadığına görə birgə nikahdan doğulmuş X3 adlı uşağının saxlanması üçün cavabdehdən tutulan aliment miqdarının artırılmasını zəruri hesab edir. Alimentin artırılmasıyla bağlı mediasiya təşkilatına müraciət etmişdir. Lakin mediasiya vasitəsiylə məsələni tənzim edə bilməmişlər. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, hazırda övladının 3 yaşı var. Psixoloq və loqopedə gedir. Özü əməliyyat olunmuşdur deyə hazırda işləmir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, alimentin artırılmasına razı deyildir, uşağa görə 150 manat aliment ödəməyə razıdır. Çünki borcları var, ayda banka 260 manat kreditə görə pul ödəyir. Birkarta görə də borcu vardır. Hazırda uşağın saxlanmasına görə 173 manat aliment ödəyir. Alimentin 150 manat həddində müəyyən olunmasını, müəyyən olunmadığı təqdirdə olduğu kimi qalmasını istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, oğlu fəhlə işləyir. Aliment təyin olunduqdan sonra həftəsonları da işləyir. Cavabdehin öz ehtiyacları da var və maddi imkanı zəif olduğundan artırılma ilə razı deyildir. Cavabdehin başqa uşaqları, ailəsi yoxdur. Hazırda alimentin 175 manatdan 150 manatadək azadılması ilə bağlı müraciət etmək istəyirlər. Alimentin artırılmasına qəti etiraz edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -AZ-İV seriyalı 573751 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 15 fevral 2021-ci il tarixdə dünyaya gəlmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3285/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Məmmədova (Əzizova) Nigar Telman qızı ilə Cavabdeh arasında xx.xx.2019-cu ildə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış nikah pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X3 iddiaçı (anası) Məmmədova (Əzizova) Nigar Telman qızının yanında saxlanması, xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Məmmədova (Əzizova) Nigar Telman qızına ödənilməsi qət edilmişdir. - Nizami rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə borclu Cavabdeh hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 175 sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlanılmışdır. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh Heydər Əliyev adına Neft Emalı zavodunda bağban vəzifəsində işləyir. Əmək haqqı 727,89 manatdır. Həmçinin xx.xx.2019-cu il tarixdən etibarən (hazırda aktiv olaraq) sair fərdi xidmətlərin göstərilməsi istiqamətində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı adına əmək müqaviləsi aşkar edilməmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin xx.xx.2021-ci il təvəllüdlü X3 adlı bir uşaqları vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3285/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasında olan nikah pozulmuş, uşaq ananın himayəsində saxlanmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3285/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşağın üç yaş böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onun saxlanması üçün kifayət deyildir və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Qanunvericiliklə alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Hazırki iş materiallarından görünür ki, Cavabdeh Heydər Əliyev adına Neft Emalı zavodunda bağban vəzifəsində işləyir. Əmək haqqı 727,89 manatdır. Həmçinin xx.xx.2019-cu il tarixdən etibarən (hazırda aktiv olaraq) sair fərdi xidmətlərin göstərilməsi istiqamətində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Nərimanov Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşağa görə 175 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün (2021-ci il) həyat standartlarını və yaşayış minimumunu əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri nisbətən artmış, həmçinin uşaq böyümüş, onun tələbatları artmışdır. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə hesab edir ki, alimentin tutulması uşağın saxlanması və zəruri yaşayış məqsədlərinə xidmət etdiyindən, uşağın mənafeyinin müdafiəsi zəruriliyi baxımdan ən azı onun əvvəlki yaşayış səviyyəsi saxlanmalıdır. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3285/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, hər iki valideynin “uşaqlarını saxlamaq” vəzifəsinin olmasını, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin əmək haqqı məbləğini, uşağın yaş həddini, böyüməsini, həyat standartları və istehlak qiymətlərinin nisbətən artmasını, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, qanunla müəyyən edilmiş 2024-cü il üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun məbləğini (2021-ci il üzrə 175 manat; 2024-ci il üzrə 235 manat) nəzərə alaraq, uşağın saxlanması üçün cavabdehdən tutulan aliment miqdarının 235 manat sabit pul məbləği həddinə artırılmasını məqsədəmüvafiq hesab edir. Alimentin sabit pul məbləğində təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə, cavabdehin kredit borcunun olması və s. barədə dəlilərinə münasibətdə isə hesab edir ki, bu hallar cavabdehi əvvəlki nikahdan olan övladının saxlanılmasında və getdikcə artan tələbatının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh işləməsəydi belə, bu onu uşağını saxlamaq, maddi təminatı ödəmək vəzifəsindən azad edə bilməzdi. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3285/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməli, alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3285/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar