Məhkəmə qərarları › İş №2(005)-1996/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1996/2023

14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1996/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus Lexus İS200 minik markalı, 99TA969 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3731,0 (üç min yeddi yüz otuz bir) manat maddi ziyanın və iddianın verilməsi üçün ödədiyi 57.31 (əlli yeddi manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3788,31 (üç min yeddi yüz səksən səkkiz manat otuz bir qəpik) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixində saat 22.20-də Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində Chevrolet Cruze minik markalı 90ZJ725 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən arakəsmə qaydalarını pozaraq idarə etdiyi Lexus İS200 minik markalı, 99TA969 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq qəza törətmişdir. Cavabdeh barəsində TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinə əsasən 40 manat cərimə tətbiq edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Hadisədən sonra iddiaçı, avtomobilinə dəymiş zərərin qiymətləndirilməsi üçün servisə müraciət etmişdir. Hesablama nəticəsində avtomobilində dəyişiləcək detallar və usta haqqı nəzərə alnımaqla ümumilikdə 8731 (səkkiz min yeddi yüz otuz, bir) manat məbləğində pul ödəməli olduğu müəyyən edilmişdir. Məbləğin 5000 (beş min) manatı sığorta tərəfindən ona ödənilmişdir. Hesab edir ki, dəymiş ziyanın 3731 (üç min yeddi yüz otuz bir) manat hissəsi cavabdehdən tutularaq ona ödənilməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, hadisə zamanı avtomobili idarə edən İddiaçı olmuşdur, lakin başqa şəxs tərəfindən idarə olunduğunu demişdirlər. Dəymiş ziyan tələb edilən məbləğ qədər deyildir. Qeyd olunan məbləği ödəyə bilməyəcəkdir. Hal-hazırda 11500 manat borcu var və yeni doğulmuş övladı vəfat etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəy qüsur aktı ilə fərqlənir. Avtomobil təmir olunmuşdur, lakin rəydə qalan məbləğ az hesablanmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, 99TA969 dövlət qeydiyyat nişanlı “Lexus İS200 minik” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur. - 18.12.202-ci il tarixli ******* saylı “İnzibati Xəta” haqqında protokoldan görünür ki, “Chevrolet Cruze minik” markalı 90ZJ725 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 22:00-da Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində “Chevrolet Cruze minik” markalı 90ZJ725 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydarını pozaraq Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh 40 manat cərimə olunmuşdur. - "xxxx" MMC-nin 30 dekabr 2022-ci il tarixli beh alınması aktından görünür ki, müştəri Tahir Carçıyev 99TA969 DQN-lı Lexus markalı avtomobilin avtolüks servisdə təmirinə razılıq verdiyi üçün 500 azn beh ödəmişdir. Avtomobilin ümumi xərci 3100 manatdır. - "xxxx" MMC xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, 2017-ci il buraxılışlı 99TA969 dövlət qeydiyyat nişanlı “Lexus İS200 minik” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan ehtiyat hissələri və işçilik olmaqla toplam 8731 manatdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli 9/5025 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Lexus İS200 minik” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6415 manat müəyyən edilir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “99TA969 dövlət qeydiyyat nişanlı “Lexus İS200 minik” markalı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. Həmin avtomobil 18 dekabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hadisə zamanı Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Cruze minik” markalı 90ZJ725 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur. Hazırda iddiaçı avtomobilinə dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. İddiaçıya sığorta şirkəti tərəfindən 5000 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən cavabdeh vurduğu ziyanın əvəzini iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zaman iddiaçıya məxsus avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1996/2023 saylı 31 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 22 sentyabr 2023-cü il tarixli 9/5025 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Lexus İS200 minik” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6415 manat müəyyən edilir. Məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin təmir-bərpa xərci 6415 (altı min dörd yüz on beş) manat həddində müəyyən edilməlidir. Həmin rəyə əsasən avtomobilə vurulmuş zərərin məbləğinin 6415 manat olması müyyən edilsə də, İddiaçı ona icbari sığorta tərəfindən 5000 manat pulun ödənildiyini iddia ərizəsində bildirmişdir. Məhkəmə hesab edir ki, bu məbləğ iddia tələbi təmin edilərkən nəzərə alınmalı, Cavabdeh vurulmuş zərərin əvəzi kimi 1415 (6415 - 5000) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri tərəflərə aid edilməli, iddia tələbinin təmin olunmuş hissəsi nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumu kimi 22 manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə İddiaçı özünə aid edilməlidir. Həmçinin mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 25 manat İddiaçı, 25 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 1415 (min dörd yüz on beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 22 (iyirmi iki) manat tutularaq İddiaçı xeyrinə ödənilməli. İddia qalan hissədə təmin edilməməli. Cavabdeh 25 (iyirmi beş) manat, İddiaçı 25 (iyirmi beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 1415 (min dörd yüz on beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 22 (iyirmi iki) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 25 (iyirmi beş) manat, İddiaçı 25 (iyirmi beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar