Məhkəmə qərarları › İş №2(005)-2006/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2006/2024

10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2006/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: 1.Bakı ağır Cinayətlər Məhkəməsinin 1(101)-1442/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli hökmü ilə X6 AR CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Məhkəmənin sözügedən hökmü ilə müəyyən edilmişdir ki, X6 03 avqust 2017-ci il tarixdə saat 21:23-də idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus “Mercedes G63 Brabus” markalı **-PP-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində, yolun Rəssamlar Akademiyasının qarşısında olan hissəsinə çatanda yol hərəkəti qaydalarını pozmuş, avtomobil 120 km/saat sürətlə idarə edərkən yanlış manevr edərək digər nəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə avtomobili idarəetmə nəzarətini itirdiyindən avtomobil yolun sol tərəfindən sağ tərəfinə istiqamətlənərək beton yol ayrıcını aşıb köməkçi yola çıxmış, idarə olunmaz vəziyyətdə hərəkətini davam etdirib səki ilə hərəkətdə olan piyadalar X7, Türkiyə Respublikası vətəndaşları İddiaçı və Mutallib Tekişi vurmuş, sonra H.Əliyev prospekti 79/2 saylı binanın fasadına çırpılaraq yolun əks istiqamətinə çevrilərək yanmış və bununla da avtomobildə olan sərnişin X12 və piyada X5 həyat üçün sağlamlıqlarına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan ölümlərinə, digər piyadalar İddiaçı və Mutallib Tekişin sağlamlıqlarına ehtiyatsızlıqdan ağır zərə vurulmasına səbəb olmuşdur. 2.Cavabdeh2 MMC tərəfindən zərərçəkmiş İddiaçı və Mutallib Tekişə ünvanlanmış 05 dekabr 2017-ci il tarixli məktubda Cavabdeh2 MMC tərəfindən Azərbaycan Respublikasında və Türkiyə Respublikasında onların müalicə olunmaqları ilə bağlı bugünədək yaranmış xərclər ödənilmişdir. Cavabdeh2 MMC onların müalicələrinin davam etdirilməsi və bununla əlaqədar zəruri olacaq bütün sonrakı xərclərin əvəzini ödəmək öhdəliyi daşıyır və bu öhdəliyi vaxtlı-vatında və lazımınca yerinə yetirildiyi qeyd eidlmişdir.

3. 08 dekabr 2017-ci il tarixli İddiaçı yazılı imtina ilə xx.xx.2017-ci il tarixində Azərbaycan Bakı şəhərində düşdüyü avtomobil qəzası ilə əlaqədar olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən aparılmış 1(101)-1442/2017 nömrəli cinayət işində təqsirləndirilən şəxs X2 şikayətçi olmadığı, gələcəkdə də ona qarşı qəza ilə bağlı heç bir iddia qaldırmayacağını, yuxarıda haqqında danışdığı cinayət işi ilə bağlı olaraq təqsirləndirilən şəxslə bağlı bütün iddia və təzminat hüquqlarından imtina etdiyini bildirmişdir.

4. xx.xx.2017-ci il tarixli Cavabdeh1 Öhdəlik ərizəsi ilə X1 maşınla meydana gələn və Mutallib Tekiş ilə İddiaçı xəsarət alması ilə nəticələnən yol qəzasına görə zərərçəkmiş şəxslərə əvvəlcə çəkdiyi xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi ziyan qarşılığında İddiaçı xx.xx.2017-ci ildə 265000 ABŞ dolları əlavə ödəyəcəyini bildirir və bundan əlavə İddiaçı indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərini xərclərini ödəyəcəyini bəyan edir və öhdəliyi götürmüşdür. 5.TR Səhiyyə Nazirliyi Adana X10 X14 üçün Əlillik Tibbi komissiyasının rəyi ilə İddiaçı pareplaegiya + əməliyyat olunmu bel fəqərəsinin sınığı + ümumi sidik inkontinansı diaqnozları qoyulmuş, əlillik faizi 80 faiz, qismi asılılıq müəyyən edilmişdir. 6.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-852/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC və Cavabdeh1 sağlamlığa vurulmuş maddi zərərə görə 35000 ABŞ dolları, 920308 TL və 22000 avro vəsait (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə) İddiaçı xeyrinə tutulmuşdur. 7.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7826/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh2 MMC və Cavabdeh1 sağlamlığa vurulmuş maddi zərər görə 35000 ABŞ dolları, 920308 TL (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə) İddiaçı xeyrinə tutulması eləcə də Cavabdeh2 MMC-dən 22000 avro tutulması hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi “Cavabdeh1 22000 avro vəsait (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə) İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılmışdır. 8.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5641/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti rədd edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə (maddi ziyana görə 920308 TL pul tələbinin təmin olunmayan və iddianın Cavabdeh2 MMC-yə qarşı təmin olunmayan hissələrində) ləğv edilmiş və həmin hissədə rədd edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

9.İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sağlamlığına vurulmuş maddi zərərə görə 76850 (yetmiş altı min səkkiz yüz əlli EUR) avro vəsaitin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər öhdəlik götürərək onun həyat və sağlamlığına, səhhətinə dəymiş və dəyəcək olan bütün zərər və ziyanı, bütün müalicə və müayinə xərclərini, qulluq xərclərini tibbi xərcləri və digər xərcləri ödəyəcəklərini vəd etmişlər. Cavabdeh “Gardenia" MMC 05 dekabr 2017-ci il tarixli əqdlə, Cavabdeh1 08 dekabr 2017-ci il tarixli əqdlə ona vurulan zərərin ödənilməsini öz üzərlərinə götürmüş, sağlamlığının pozulması ilə bağlı və ondan irəli gələn. habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərər və ziyanını ödəməyi öz üzərlərinə götürmüşdür. Odur ki, cavabdehlər öz öhdəliklərini vicdanla icra edilməlidirlər. Sağlamlığına vurulmuş zərərin əvəzi kimi hazırda təxirəsalınınadan ödənilməli olan vəsait 76 850 (yetmiş altı min səkkiz yüz əlli) avro təşkil edir. Belə ki, əvvəllər alınmış olan nevro tronik ayaq biləyi sensorlu yürümə cihaz (diz, ayaq, ayaq bilek orlezi) aşağı keyfiyyətli olduğundan effekti olduqca azalmışdır. Daha yüksək texnoligiyalı, daha keyfiyyətli və modern cihaz istifadə olunması zərurəti vardır. Buna görə də yeni modern məhsul alınmalıdır. Lakin onu bunu almaq üçün maddi imkanı çatmır, cihazın (diz. ayaq, ayaq bilek orlezi) qiyməti 76850 avrodur. Tərəfindən bu barədə cavabdehlərə müraciət olunmuş, xəbərdarlıq, bildiriş çatdırılmışdır. Lakin cavabdehlər müvafiq ödənişi həyala keçirməkdən imtina elmişlər. Xəbərdarlığa verdikləri cavabda cavabdehlər qeyd etmişlər ki, Cavabdeh1 və Cavabdeh2 MMC-nin hazırda onlar qarşısında hər hansı bir öhdəliyi mövcud deyildir. Bunu isə onunla əsaslandırmışlar ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilmiş və həmin hissədə iddia təmin olunmamışdır, irəli sürülən tələblə bağlı artıq qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnaməsi vardır. Cavabdehlər nəzərə almamışlar ki, iddiaçının iddia tələbləri sözügedən qətnamələrlə əsaslı hesab edilməklə qismən təmin olunmuşdur, eləcə də məhz həmin qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, cavabdehərin iddiaçı qarşısında müəyyən öhdəlikləri mövcuddur və onlar bu öhdəliklərini icra etməlidirlər. Cavabdehlər əsassız olaraq öhdəliklərini icra etmədiklərindən o məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Onun hazırda daha yüksək texnoligiyalı, daha keyfiyyətli, modern və effektli cihaz (dizlik. diz. ayaq, ayaq bilek orlezi) istifadə etməyinin zəruri olması Türkıyə Respublikası Səhiyyə Nazirliyi Kahramanmaraş rayonu Səhiyyə İdarəsi Kahramanmaraş Necip Fazil şəhər xəstəxanası tərəfindən verilən ********** nömrəli xx.xx.2014-cü il tarixli tibbi arayışda da öz əksini tapmışıdr. Belə ki, sözügedən tibbi arayışda qeyd olunmuşdur ki, pasient bel fəqərələrinin sınığı səbəbindən əməliyyat olunub. Hər iki alt ətrafda uyuşma və zəifllik. uyuşma və əzələ gücünün azalması müşahidə olunur. Xəstə əlil arabasından istifadə edir və kömək vasitsəilə çətinliklə addım ata bilir. Xəstə fiziki müalicə alır və daha yaxşı dizlikdən istifadə tövsiyə olunur. Onun hazırda istifadə etdiyi dizlik (diz. ayaq, ayaq bilek ortezi, yürümə cihazı) tələbata cavab vermir, lazımi keyfiyyətdə sayılmır, bu isə onun vəziyyətinin daha da pisləşməsinə səbəb olur, xəstəxana və həkimlər davamlı olaraq ona daha yaxşı və daha keyfiyyətli dizlik istifadə etməyini məsləhət görürlər. Hazırda onun yüksək texnologiyalı və keyfiyyətli müasir dizlikdən istifadə etməyə başlamağı zəruridir, bu onun həyat və sağlamlığı üçün vacibdir. Sözügedən keyliyyətdə dizlikləri isə onun almaq üçün maddi imkanı yoxdur. Onun və ailə üzvlərinin gəliri və qazancı yoxdur, o və əri məlum avtomobil qəzası nəticəsində əlil olmuş, sağlamlıqlarını itirmiş, 3 azyaşlı övladlarıyla birlikdə başqalarının köməyinə möhtac qalmışdırlar. O, fəaliyyət funksiyalarının 80 faizini itirmiş, l qrup əlildir, ömürlük əlil olaraq yaşamağa məhkum olmuşdur. Onun əlilliyinin ortadan qalxması, onun sağalmağı və normal həyata qayıtmağı mümkün olmadığı müəyyəndir. Tibbi arayışlarda onun sağalmağından bəhs edilmir, onun vəziyyətinin yaxşılaşması və müalicəsinin davam edə bilməsindən söhbət gedir. Yəni, onun səhhətində, tibbi vəziyyətində yaxşılaşma baş verməsi onun başqasının köməyi olmadan, eləcə də əlil arabası, yürümə cihazı, dizlik və avadanlıqların köməyi ilə qısa məsafələrə yürüyə bilməyi və müalicəyə davam edə bilməyi olaraq anlaşılır. Onun ömürlük şikəst kimi başqasının köməyi, qulluğu olmadan, həmçinin müalicəyə davam etmədən həyatını davam etdirməyi mümkün deyildir. Habelə, indiyə kimi də onun barəsində verilən bütün tibbi arayış, rəy, ekspert rəyi və həkim raporlarında müayinə və tədavi nəticələrində xəstənin sağalmasından deyil, yaxşılaşması və sonrakı müalicəsinə davam etməli olması qeyd olunur, vurğulanır. O uzun müddətdir ki. müalicə almaqdadır, lakin buna baxmayaraq belə də o özü özünü təmin etmək, başqasının köməyi olmadan gündəlik həyat üçün zəruri olanları yerinə yetirmək iqtidarında deyildir. Bundan əlavə, onun durumu elədir ki. bu hal onu ömür boyu psixoloji müalicə almağı, davamlı psixoloji yardım almağını zəruri edir. O ömür boyu müəyyən müalicə, reabilitasiya və psixoloji yardıma, başqasının köməyi və qulluğuna möhtac durumdadır. Bu hal artıq iş üzrə müəyyən edilmiş hallara aiddir və bir hansı şübhə doğurmur. Odur ki, onun müalicə və qulluq ilə bağlı xərclərinin ödənilməsinə dair cavabdehlərin öhdəliyi bu müalicə və qulluğa olan ehtiyac ortadan qalxmadıqca davam edir, qüvvədə sayılır. Onu da deyir ki, o bu şəkildə yaşamaqdansa ölməyi üstün tutur, ölümün hazırda onun üçün bir nemət olduğu qənaətindədir. O həyatda qalmaqla sadəcə əzab çəkir, həm özü üçün, həm də ailə üzvləri üçün. Buna görə də o yaşamaqdansa ölümünü, həyatına son verməyi seçərdi. Lakin bu seçimini də icra edə bilmir, buna imkan yaradılmır, bunun hüquqa zidd olduğu ona təlqin olunur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri

11.Etiraz ərizəsi və iddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən əvvəllər də Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddia qaldırılaraq, maddi zərərə görə 1 050 000 ABŞ dolları və 993 932 Türkiyə Lirəsi, mənəvi zərərə görə 500 000 ABŞ dolları olmaqla ümumilikdə 1550 000 ABŞ dolları, 993 932 Türkiyə Lirəsi və 22 000 avro (nevro tronik ayaq biləyi sensorlu yürümə cihazı üçün) vəsaitin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh1 tərəfindən verilmiş 08 dekabr 2017-ci il tarixli öhdəlik (taahutname) imzalandıqdan sonra iddiaçıya həmin gün pul vəsaitləri ödənilmiş və sonuncu tərəfindən həmin gün, yəni 08 dekabr 2017-ci il tarixdə notariat qaydada təsdiqlənməklə aşağıdakı məzmunda “Yazılı imtina” imzalanmışdır: “xx.xx.2017-ci il tarixində Azərbaycanda/Bakı şəhərində düşdüyüm avtomobil qəzası ilə əlaqədar olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qaldırılmış 1 (101)1442/2017 nömrəli cinayət işində təqsirləndirilən şəxs X2 şikayətçi olmadığımı, gələcəkdə də ona qarşı qəza ilə bağlı heç bir iddia qaldırmayacağımı, yuxarıda haqqında danışdığım cinayət işi ilə bağlı olaraq təqsirləndirilən şəxslə bağlı bütün iddia və təzminat hüquqlarımdan imtina etdiyimi bildirirəm.” İddiaçının notariat qaydada təsdiqlənməklə bildirdiyi iradə ifadəsi ilə ona Cavabdeh1 tərəfindən verilmiş pul vəsaitlərini qəbul etməklə sonuncuya qarşı bütün iddia və təzminat hüquqlarından imtina etdiyini bildirmişdir. Həmin əqd qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Göründüyü kimi, iddiaçı (kreditor) onun xeyrinə cavabdeh (borclu) tərəfindən lazımınca icranın yerinə yetirildiyini özünün notariat qaydada təsdiqlənmiş iradə ifadəsi ilə təsdiq etmiş və öhdəliyə xitam verilmişdir. Xitam olunmuş öhdəliyin yenidən tələb olunmasının yolverilməzliyini isə sübut etməyə ehtiyac yoxdur. Belə olan halda, iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququnun olmadığı aşkardır. imtina imperativ qaydada müəyyən edən Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinin təsir dairəsindən çıxarmır. İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini iddianın yolverilməzliyinə görə qəbul olunmasından imtina edilməsini xahiş edilir. Eyni zamanda hazırkı iş üzrə iddiaçı tərəfindən əvvəllər də Cavabdeh2 MMCyə və Cavabdeh1 qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilinəsi barədə” iddia qaldırılaraq, maddi zərərə görə 1 050 000 ABŞ dolları və 993 932 Türkiyə Lirəsi, mənəvi zərərə görə 500 000 ABŞ dolları olmaqla ümumilikdə 1550 000 ABŞ dolları, 993 932 Türkiyə Lirəsi və 22 000 avro (nevro tronik ayaq biləyi sensorlu yürümə cihazı üçün) vəsaitin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdi. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(005)-852/2021 saylı Qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC-dən və Cavabdeh1 Ol i oğlundan sağlamlığa vurulmuş maddi zərərə görə 35 000 ABŞ dolları, 920 308 TL və 22000 avro vəsait (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) iddiaçının xeyrinə tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(103)-5641/2022 savlı Qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti rədd olunmuş, Cavabdeh2 MMC və Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunaraq, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilmiş və həmin hissədə iddiaçının iddiası rədd olunmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə aktı tam icra olunmuşdur. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının hazırkı iddia ərizəsi ilə iddia etdiyi nevro tronik ayaq biləyi sensorlu yürüıııə cihazının dəyərini təşkil edən 22000 avro vəsaitin tutulması qət edilmiş və icra olunmuşdur. Həmçinin, iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün müəyyən edilmiş iddia müddəti də ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin Ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən, “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” Yuxarıda qeyd edilənlərə və AR Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən, iddia müddətinin tətbiq edilərək iddiaçı Tekiş Songıil tərəfindən Cavabdeh1 və "xxxx" MMC-yə qarşı qaldırılmış maddi ziyanın ödənilməsi tələbinə dair 2(005)- 2006/2024 saylı mülki iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

Məhkəmə iclasında verilən izahatlar

12.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. 13.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirmişdir.

Mülki işin materialları

14. Türkiyə Respublikası DİN X4 İdarəsi Beynəlxalq nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Mutallip Tekiş xx.xx.2001-ci il tarixində nikaha daxil olmuşdurlar.

15. Cavabdeh2 MMC tərəfindən zərərçəkmiş İddiaçı və Mutallib Tekişə ünvanlanmış 05 dekabr 2017-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 MMC tərəfindən Azərbaycan Respublikasında və Türkiyə Respublikasında onların müalicə olunmaqları ilə bağlı bugünədək yaranmış xərclər ödənilmişdir. Cavabdeh2 MMC onların müalicələrinin davam etdirilməsi və bununla əlaqədar zəruri olacaq bütün sonrakı xərclərin əvəzini ödəmək öhdəliyi daşıyı və bu öhdəliyi vaxtlı-vatında və lazımınca yerinə yetirəcəkdir.

16. 08 dekabr 2017-ci il tarixli Songük Tekişin yazılı imtinasında görünür ki, xx.xx.2017-ci il tarixində Azərbaycan Bakı şəhərində düşdüyü avtomobil qəzası ilə əlaqədar olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən aparılmış 1(101)-1442/2017 nömrəli cinayət işində təqsirləndirilən şəxs X2 şikayətçi olmadığı, gələcəkdə də ona qarşı qəza ilə bağlı heç bir iddia qaldırmayacağını, yuxarıda haqqında danışdığı cinayət işi ilə bağlı olaraq təqsirləndirilən şəxslə bağlı bütün iddia və təzminat hüquqlarından imtina etdiyini bildirir.

17. xx.xx.2017-ci il tarixli Cavabdeh1 Öhdəlik ərizəsindən görünür ki, X1 maşınla meydana gələn və Mutallib Tekiş ilə İddiaçı xəsarət alması ilə nəticələnən yol qəzasına görə zərərçəkmiş şəxslərə əvvəlcə çəkdiyi xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi ziyan qarşılığında İddiaçı xx.xx.2017-ci ildə 265000 ABŞ dolları əlavə ödəyəcəyini bildirir və bundan əlavə İddiaçı indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərini xərclərini ödəyəcəyini bəyan edir və öhdəliyi götürür.

18. TR Səhiyyə Nazirliyi Adana X10 X14 üçün Əlillik Tibbi komissiyasının rəyindən görünür ki, İddiaçı pareplaegiya + əməliyyat olunmu bel fəqərəsinin sınığı + ümumi sidik inkontinansı diaqnozları qoyulmuş, əlillik faizi 80 faiz, qismi asılılıq müəyyən edilmişdir.

19. X16 Protez –Ortez Hazırlama və Tətbiqi Mərkəzinin xx.xx.2019-cu il tarixli sənəddən görünür ki,mərkəzə müraciət edən xəstə İddiaçı vəziyyətinin qiymətləndirilməsi nəticəsində fərdi istehsal sensorlu neyro tronik ayaq biləyi uzun gəzinti cihazı çatdırılma mərhələsində idi və ödənişi alındı. Dəyəri 22000 avro müəyyən edilmişdir.

20. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-852/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia qismn təmin edilmiş, Cavabdeh2 MMC və Cavabdeh1 sağlamlığa vurulmuş maddi zərərə görə 35000 ABŞ dolları, 920308 TL və 22000 avro vəsait (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə) İddiaçı xeyrinə tutulmuşdur.

21. X11 xx.xx.2021-ci il tarixli İddiaçı Reabilitasiya proqramının uzadılması haqqında aidiyyəti quruma olan məktubundan görünür ki, hər iki aşağı ətrafların distalında qismi əzələ atrofiyası mövcuddur. Hər iki aşağı ətraf ortezləri və valkerin köməyi ilə qısa məsafəli hərəkətlər edir. Xəstə əvvəlki qiymətləndirməyə görə qismi yaxşılaşma mövcuddur. Xəstə hələ də gündəlik həyat fəaliyyətində ikinci bir şəxsin müşayiət və yardımına möhtacdır. Xəstənin mövcud irəliləməsi, müalicəsinin nailiyyətləri və inkişafı baxımından 1-2 il müddətinə reabilitasiya proqramını (ən az altı ay stasionar şəkildə) davam etdirməsi uyğun hesab edilmişdir.

22. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, ödəniş qəbzi 18 fevral 2019- 28 fevral 2021-ci il tarixləri əhatə edir. Ümumi ödəniş 635.000 TL təşkil edir.

23. X11 xx.xx.2021-ci il tarixli İddiaçı Reabilitasiya proqramının uzadılması haqqında aidiyyəti quruma olan məktubundan görünür ki, müalicə dövründə xəstədə qismən yaxşılaşma müşahidə edildi. Xəstənin yaxşılaşması və sonrakı müalicəsi üçün xəstəni 1 ildən 2 ilə qədər bir müddətə reabilitasiya proqramına aparmaq (ən azı 6 ay xəstəxanaya yerləşdirmək) lazımdır.

24. Bakı Apellyasiya Məhkəməsiin 2(103)-7826/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh2 MMC və Cavabdeh1 sağlamlığa vurulmuş maddi zərər görə 35000 ABŞ dolları, 920308 TL (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə) İddiaçı xeyrinə tutulması eləcə də Cavabdeh2 MMC-22000 avro tutulması hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri ləğv edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi “Cavabdeh1 22000 avro vəsait (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə) İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

25. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5641/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti rədd edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilmiş və həmin hissədə rədd edilmişdir.

26. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7826/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələb təmin olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir.

27. xx.xx.2022-ci il tarixli “A” formatlı ödəniş tapşırığından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 38337,20 manat ödəniş edilmişdir.

28. Türkiyə Respublikası Səhiyyə Nazirliyi Kahramanmaraş rayonu Səhiyyə İdarəsi Kahramanmaraş Necip Fazıl Şəhər Xəstəxanasının arayışından görünür ki, İddiaçı bel fəqərələrinin sınığı səbəbindən əməliyyat olunub. Hər iki alt ətrafda uyuşma və zəiflik , uyuşma və əzələ gücünün azalması müşahidə olunur. Xəstə əlil arabasından istifadə edir və yeriyən, kömək vasitəsilə çətinliklə addı ata bilir. Xəstə fiziki müalicə alır və daha yaxşı dizlikdən istifadə tövsiyə edildi.

29. xx.xx.2024-cü il tarixli X8 görünür ki, İddiaçı tərəfindən C-Brace joint unit (diz, ayaq, ayaq bilək ortezi) karbon tökmə qəlib üçün 2.519,365 TL ödəniş edilmişdir.

30. İddiaçı nümayəndəsi Mutallip Tekiş tərəfindən Cavabdeh1 və Cavabdeh2 MMCyə ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq ərizəsindən görünür ki, Cavabdeh2 MMC 05 dekabr 2017-ci il tarixli əqdlə, Cavabdeh1 isə 08 dekabr 2017-ci il tarixli əqdlə ona dəymiş zərərin ödənilməsini vəd edərək öhdələrinə götürmüşlər ki, sağlamlağının pozulması ilə bağlı və ondan irəli gələn, habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərər və ziyanı təzmin edəcəklər. Qeyd olunanları nəzərə alaraq sağlamlığına vurulmuş zərərin əvəzi kimi hazırda təxirəsalınmadan ödənilməli olan 76850 avro vəsaitin ödənilməsi tələb olunur.

31. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 və ya Cavabdeh2 MMC-nin hazırda İddiaçı qarşısında hər hansı bir öhdəliyi mövcud deyildir.

Mülki işə tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır

34. 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

35. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin) habelə, sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava dərman alınmasına, protezləşdirməyə, başqasıın qulluğuna, sanatoriya kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyən edilsin.

36. 1118.2-ci maddəyə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.

İşə baxan məhkəmənin mövqeyi:

37. Hazırki iş üzrə iddiaçı tərəf cavabdeh “Gardenia" MMC 05 dekabr 2017-ci il tarixli əqdlə, Cavabdeh1 08 dekabr 2017-ci il tarixli əqdlə ona X6 03 avqust 2017-ci il tarixdə saat 21:23-də idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus “Mercedes G63 Brabus” markalı **-PP-*** qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-qəza hadisəsi nəticəsində vurulan zərərin, sağlamlığının pozulması ilə bağlı və ondan irəli gələn habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərər və ziyanını ödəməyi öz üzərlərinə götürmələrinə istinad edərək onun sağlamlığına vurulmuş maddi zərərə görə 76850 (yetmiş altı min səkkiz yüz əlli EUR) avro vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb etmişdir.

38. Cavabdeh tərəf isə iddiaya etiraz edərək Cavabdeh1 tərəfindən verilmiş 08 dekabr 2017-ci il tarixli öhdəlik (taahutname) imzalandıqdan sonra iddiaçıya həmin gün pul vəsaitlərinin ödənilməsi və sonuncu tərəfindən həmin gün, yəni 08 dekabr 2017-ci il tarixdə notariat qaydada təsdiqlənmiş əqdin qüvvədə olmasına, eləcə də Cavabdeh2 MMC-dən və Cavabdeh1 sağlamlığa vurulmuş maddi zərərə görə sonuncudan 22000 Avro tutulmasına dair hissəsi istisna olmaqla digər iddiaların təmin edilməməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin mövcudluğuna istinad etmişdir.

39. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, 03 avqust 2017-ci il tarixində baş vermiş yol qəza hadisəsi nəticəsində İddiaçı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması məhkəmədə qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101) - 1442/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli hökmü, Türkiyə Respublikası Səhiyyə Nazirliyi Adana X10 yetkinlik yaşına çatanlar üçün əllillik tibbi komissiyasının rəyi, “Algomed” Xəstəxanası tərəfindən verilən xx.xx.2021-ci il tarixli tbbi arayışla və digər sübutlarla təsdiqlənir

40. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı sağlamlığıma vurulmuş zərərə görə kompensasiya kimi maddi zərərə görə ******* ABŞ dolları (bir milyon əlli min) və 993932 Türkiyə Lirəsi (doqquz yüz doxsan üç min doqquz yüz otuz iki), mənəvi zərərə görə 500000 ABŞ dolları (beş yüz min) olmaqla ümumilikdə 1550 000 ABŞ dolları (bir milyon beş yüz əlli min), 993932 Türkiyə Lirəsi (doqquz yüz doxsan üç min doqquz yüz otuz iki) və 22000 avro (iyirmi iki min) vəsaitin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsinə dair iddiası üzrə qəbul edilmiş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-852/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətləri ilə bağlı yuxarı instansiya məhkəmələri, yəni, Bakı Apellyasiya Məhkəməsiin 2(103)-7826/2021 saylı, xx.xx.2021-ci il tarixli (müəyyən hissədə) və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5641/2022 saylı Qətnamələri hazırda qüvvədədir.

41. Belə ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin Cavabdeh1 75.000 dollar, həmin məbləğin vaxtında ödənilmədiyi üçün öhdəliyin icrasının gecikdirilməsinə görə 2017-2021ci illər üçün həmin məbləğə 5 faizlə hesablanmış faiz, yəni 15.000 dollar, bundan sonra müayinə və müalicənin, eləcə də tibbi xidmətlərin davam etdirilməsi üçün, habelə həyatının davam etdirilməsi üçün 960.000 dollar, mənəvi zərərə görə 500.000 dollar pul tələblərinin rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmış, maddi zərərə görə 920.308 türk lirəsi pul tələbinin təmin olunmayan və iddianının Cavabdeh2 MMC-yə qarşı təmin olunmayan hissələrində ləğv edilərək iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 5641/2022 saylı Qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti rədd olunaraq, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 isə apellyasiya şikayəti qismən təmin olunaraq Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilmiş və həmin hissədə İddiaçı iddiası rədd olunmuşdur.

42. Göründüyü kimi, qeyd edilən apellyasiya instansiyası məhkəməsinin qətnamələri ilə Cavabdeh1 22.000 avronun iddiaçının xeyrinə tutulması hissəsindən başqa iddiaçının cavabdehlərə qarşı digər tələbləri rədd edilmişdir.

43. İşin materiallarından görünür ki, qətnamə Cavabdeh1 22.000 avronun iddiaçının xeyrinə tutulması hissəsində artıq icra edilmişdir.

44. Məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsiin 2(103)-7826/2021 saylı, xx.xx.2021-ci il tarixli və Qətnamələri hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsə də, həmin qətnamələrlə müəyyən edilmiş diqqətə layiq hallar hazırki mübahisənin həlli baxımından nəzərə alınmalıdır.

45. Belə ki, hazırki iş üzrə iddiaçının tələbinin əsası kimi əqd olaraq istinad etdiyi, ona sağlamlığının pozulması ilə bağlı və ondan irəli gələn, habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərər və ziyanını ödəməyi öz üzərlərinə götürmələrinə dair “Gardenia" MMC 05 dekabr 2017-ci il tarixli məktubu və Cavabdeh1 08 dekabr 2017ci il tarixli öhdəlik sənədi ilə bağlı hər iki apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi mövqe göstərilmişdir.

46. Hər iki apellyasiya instansiyası məhkəməsinin qətnamələrində əksini tapmış və hazırki iş materiallarında olan Cavabdeh2 MMC tərəfindən Nümayəndə və İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, sonunculara Cavabdeh2 MMC tərəfindən Azərbaycan Respublikasında və Türkiyə Respublikasında müalicə olunmaları ilə bağlı bu günədək yaranmış xərclər ödənilmişdir. Rəsmi olaraq bildirilir ki, Cavabdeh2 MMC onların müalicəsinin davam etdirilməsi və bununla əlaqədar zəruri olraq bütün sonrakı xərclərin də əvəzini ödəmək öhdəliyini daşıyır və bu öhdəliyi vaxtı-vaxtında və lazımınca yerinə yetirəcəkdir

47. xx.xx.2017-ci il tarixli Adana 11 saylı notariusu tərəfindən təsdiq edilmiş X9 öhdəlik ərizəsində göstərilmişdir ki, «xx.xx.2017-ci ildə Bakıda anadan olmuş, X1 maşınla meydana gələn və Nümayəndə ilə İddiaçı xəsarət alması ilə nəticələnən yol qəzasına görə zərər çəkmiş şəxslərə əvvəlcə çəkdiyim xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi ziyan qarşılığında İddiaçı-ə xx.xx.2017-ci ildə 265.000,00 dollar (iki yüz altmış beş min Amerika Dolları) əlavə ödəyəcəyimi bildirir və bundan əlavə İddiaçı indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəyəcəyimi bəyan edir və öhdəliyimə götürürəm»

48. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7826/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2019-cu ilin yanvar ayına qədər mütamadi olaraq iddiaçının bütün xərcləri qarşılanmışdır. Belə ki, iddiaçı işin bu hallarını inkar etməmiş və qeyd edilən, yəni təxminən yarım milyon TL-yə qədər xərclər həqiqətən də cavabdeh tərəfindən ödənilmişdir. İşin materiallarından görünür ki, Cavabdeh1 tərəfindən X19 vasitəsi ilə İddiaçı həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına xx.xx.2017-ci il tarixdə 190000 ABŞ dolları köçürülmüşdür ki, bu ödəniş də iddiaçı tərəfindən etiraf edilir. Həmçinin Cavabdeh1 tərəfindən X19 vasitəsi ilə İddiaçı həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına 45000 ABS dolları köçürülmüşdür. İşin materiallarından daha sonra görünür ki, xx.xx.2017-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə nağd şəkildə 40000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. İddiaçı həmin məbləğin ödənilməsini də etiraf etmişdir.

49. Həmin qətnamə ilə həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf həmin iş üzrə iddia edilən məbləğlə bağlı xx.xx.2017-ci il tarixli Adana 11 saylı notariusu tərəfindən təsdiq edilmiş X9 öhdəlik ərizəsində İddiaçı indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəyəcəyini bəyan etməsi və öhdəliyinə götürməsinə dair öhdəlik ərizəsinə istinad etsə də, çəkilmiş və çəkilməli olan xərcələrin təsdiqi olan mötəbər və tutarlı sübutlar təqdim etməmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, Cavabdeh1 hazırki vaxta kimi iddiaçıya yuxarıda (qətnamədə) sadalanan işin halları üzrə müəyyən məbləğlər ödənilməsi faktı mövcud olmaqla yanaşı, onun iddiaçı qarşısında öhdəlik daşıyıcıyıcısı olmasına baxmayaraq iddiaçının hazırki sağlıq durumu (hərəkət məhdudluğu) onun qəza nəticəsində malik olduğu yaşam tərzindən mərhum olmaqla fərqli bir yaşam tərzinə düşməsi və hazırki həyatının davam etdirilməsinə ciddi təsir göstərə biləcək sözügedən cihazın alınması üçün tələb olunan 22000 Avro vəsaitin ödənilməsi ilə bağlı Cavabdeh1 qarşı iddiası əsaslıdır.

51. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarından sonra qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 5641/2022 saylı Qətnaməsi ilə müəyyən edilmişdir ki, təqsirkar sürücünün törətdiyi, sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi mülki-hüquqi müstəvidə delikt hesab olunur. MMC delikt törətməyib, lakin o, delikt törətmiş şəxsin (təqsirkar sürücünün) idarə etdiyi “Mercedes G63 Brabus” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Cavabdeh1 məsuliyyəti müqaviləyə əsaslanır. Belə ki, o, delikt törətməyib və ya yüksək təhlükə mənbəyinin sahibi deyil. İddiaçı ilə Cavabdeh1 arasında arasında yazılı formada müqavilə bağlanmayıb, lakin şifahi formada müqavilə mövcuddur. xx.xx.2017-ci il tarixli “Öhdəlik ərizəsi” müqavilə hesab olunmur, lakin həmin ərizə (sənəd) şifahi müqavilənin bağlandığını təsdiq edən yazılı sübut sayılır. Şifahi müqaviləyə görə onlar razılaşıblar ki, təqsirkar sürücünün törətdiyi delikt nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi onun atası tərəfindən ödəniləcək, habelə əlavə olaraq maddi və mənəvi zərərin qarşılığında 265.000 dollar ödəniləcək. Belə müqavilə qanunda nəzərdə tutulmayıb, lakin qanuna zidd deyil.

52. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Öhdəlik ərizəsi”ni Cavabdeh2 MMC imzalamadığına görə, o, müqavilədən əmələ gələn öhdəliyin (265.000 dollar ödəmək öhdəliyinin) tərəfi sayılmır. Buna müvafiq olaraq Cavabdeh2 MMC həmin pulun ödənilməsinin gecikdirilməsinə görə 5 faiz ödəmək vəzifəsi də daşımır.

53. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, iş üzrə iki cavabdeh olsa da mənəvi zərərin ödənilməsi məsələsi həll edilərkən onların məsuliyyəti ayrılmalı deyil, çünki mənafeləri eynidir, onların hər ikisi 1 hadisə (yol-nəqliyyat hadisəsi) nəticəsində vurulmuş mənəvi zərərə görə məsuliyyət daşıyır. Odur ki, cavabdehlərdən birinin mənəvi zərərin əvəzi kimi pul kompensasiyası ödəməsi digər cavabdehi mənəvi zərərə görə məsuliyyətdən azad edir. Mənəvi zərərin əvəzi kimi bundan artıq pul tutulması üçün əsas yoxdur. Ona görə də Cavabdeh2 MMC-yə qarşı irəli sürülmüş, mənəvi zərərin əvəzi kimi 500.000 dollar ödənilməsi barədə tələb əsassızdır.

54. Məhkəmə hazırki iş üzrə iddiaçının 22000 Avro məbləğinə əvvəllər alınmış olan nevro tronik ayaq biləyi sensorlu yürümə cihaz (diz, ayaq, ayaq bilek orlezi) aşağı keyfiyyətli olduğundan effekti olduqca azaldığından daha yüksək texnologiyalı, keyfiyyətli və modern cihaz istifadə olunması zərurəti yarandığı üçün yeni modern məhsul alınması ilə əlaqədar iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzi kimi cavabdehlərdən hazırda təxirəsalınmadan 76 850 (yetmiş altı min səkkiz yüz əlli) avro təşkil edən vəsaitin tutulmasına dair iddiasının əsası kimi istinad etdiyi dəlilləri əsassız sayır.

55. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, ki, “Gardenia" MMC 05 dekabr 2017-ci il tarixli məktubu və Cavabdeh1 08 dekabr 2017-ci il tarixli öhdəlik sənədi iddiaçının qəza nəticəsində bundan sonrakı malik olduğu yaşam tərzi ilə əlaqədar istifadə etdiyi cihazın köhnələrək hər dəfə yaranacaq yeni texnologiyalar əsasında yüksək texnologiyalı, daha keyfiyyətli və modern cihaz alınması üçün hüquqi əsas yaratmır. Qeyd edilən sənədlər 2017-ci ildə verildikdən sonra iddiaçı tərəfindən də 08 dekabr 2017-ci il tarixdə notariat qaydada təsdiqlənmiş “Yazılı imtina” adlanan sənədin məzmunu artıq tərəflər arasında hər hansı mübahisənin aradan qalxmasının təsdiqidir. İddiaçı həmin imtina ərizəsində təqsirləndirilən şəxs X2 şikayətçi olmadığını, gələcəkdə də ona qarşı qəza ilə bağlı heç bir iddia qaldırmayacağını, xx.xx.2017-ci il tarixində Azərbaycanda/Bakı şəhərində düşdüyü avtomobil qəzası ilə əlaqədar olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qaldırılmış 1-(101)1442/2017 nömrəli cinayət işi ilə bağlı olaraq təqsirləndirilən şəxslə bağlı bütün iddia və təzminat hüquqlarından imtina etdiyini bildirməsi, eyni zamanda hazırki iş üzrə cavabdehlərə də birbaşa şamildir. (Cavabdeh1 təqsirləndirilən şəxs X3 atası və hazırki iş üzrə cavabdeh olan MMC-nin təsisçisidir) Belə ki, iddiaçı notariat qaydada təsdiqlənməklə imzalıdığı imtina ərizəsində bildirdiyi iradə ifadəsi ilə ona məhz Cavabdeh1 tərəfindən verilmiş pul vəsaitlərini qəbul etməklə sonuncuya qarşı bütün iddia və təzminat hüquqlarından imtina etdiyini bildirmişdir.

56. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

57. Həmçinin, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

60. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007- ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Nəticə:

62. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmabığından iddiası əsaslı sayıla bilməz və rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar