Məhkəmə qərarları › İş №2(005)-2013/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2013/2023

13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2013/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aliment məbləğinin artırılaraq Cavabdeh (1977-ci ildə anadan olmuş) xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 255 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2005-ci il tarixli rəsmi nikahlarından 04 mart 2008-ci il təvəllüdlü X4 adlı qızları var. Cavabdehin ailə həyatına hazır olmayan şəxs olduğuna görə onu məhkəmə qaydasında boşamışdır. Xətai rayon Məhkəməsinin qətnaməsi ilə 04 mart 2008-ci il təvəllüdlü X2 öz himayəsində saxlanılması və cavabdehin hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin həmin məbləğ uşağın saxlanması üçün kifayət etməmişdir. Alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Nərimanov məhkəməsi xx.xx.2021-ci il tarixində təmin edərək, cavabdehdən aylıq 175 manat alimentin tutulmasını qət etmişdir. Təkrar olaraq alimentin artırılması tələbi ilə müraciət etdiyi Nərimanov rayon məhkəməsi xx.xx.2022-ci il tarixində iddianı təmin edərək, cavabdehdən ayda 193 manat aliment tutulmasını qət etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bir uşağın saxlanması üçün aliment 220 manat miqdarında müəyyən edilmişdir. Ona görə də alimentin artırılması barədə iddia qaldırmaq istəyir. Həmin 193 manat aliment qızının saxlanılmasını kifayət etmir, yəni məbləğ çox azdır, Cavabdeh tələb etdiyi məbləği tam ödəyə bilər. Çünki onun maddi vəziyyəti buna imkan verir. Belə ki, cavabdehin özünəməxsus xüsusi həyətyanı sahəsində inşa edilmiş xüsusi evi, kifayət qədər də maddi vəsaiti vardır. Özü tibb bacısı işləyir, maaşı həddindən artıq azdır (270 manat), özünün və uşağın ehtiyaclarını qarşılamaq üçün yetərli deyildir. Üstəlik cavabdeh olduqca məsuliyyətsiz şəxsdir. Cavabdeh övladından tamamilə xəbərsizdir. 10 ildən çoxdur ki, övladını gəlib görmür, onunla maraqlanmır. Qızının istər mənəvi, istərsə də maddi ehtiyaclarını ödəmək istəmir, hətta məhkəmə qətnaməsini icra etməkdən yayınır. X7 günügündən böyüyür, xərcləri də artmaqdadır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinə əsasən tərəflər iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki: İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-3853/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh qətnamə qanuni üvvəyə mindiyi tarixdən başlayaraq, 04 mart 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat pul məbləğində aliment İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 197766 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 04 mart 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası X1r. İş materiallarında olan AZ-İ seriyalı 351062 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 arasında bağlanmış nikaha 26 may 2011-ci il tarixdə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehin birgə nikahından 04 mart 2008-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-3853/2022 nömrəli qətnaməsi ilə 04 mart 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat alimentin ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılaraq 04 mart 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. İddiaçı cavabdeh tərəfindən hər ay uşağa görə 220 manat sabit pul məbləğində miqdarında alimentin ödənilməsini tələb edir. Cavabdehin hazırda işləməsi və aylıq sabit əmək haqqı alması öz təsdiqini tapmamışdır. Belə olan halda cavabdehdən 04 mart 2008ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 04 mart 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 04 mart 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-3853/2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh 04 mart 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar