Məhkəmə qərarları › İş №2(005)-2026/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2026/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2026/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı Cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı faiz borcunun və dəbbə pulunun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 0869-PK AZN 2013 saylı kredit müqaviləsi əsasında hesablanmış 755.49 manat faiz borcu və 1954,93 manat dəbbə pulunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla BOKT "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə l-0869-PK AZN 2013 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, ona 12 ay müddətinə 2624 manat məbləğində kredit ayrılmışdır. Həmin kredit müqaviləsinə əsasən, aylıq müəyyən edilmiş məbləğlərini ödəmişdir. Bir müddət ödəyə bilmədiyinə görə, həmin kredit ilə əlaqədar yüksək faizlər və dəbbə pulu hesablanmışdır. Kredit ilə əlaqədar göndərilən bildirişdə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixindən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi nəticəsində xx.xx.2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli, İ-0869-PK/AZN-2023 saylı kredit müqaviləsinin şərtlərindən irəli gələrək 2624 manat əsas borc, 755.49 manat faiz borcu və 1954,93 manat dəbbə pulu olmaqla, cəmi 5334,42 manat məbləğində pul ödənilməlidir. O, hesablanmış faizlər və dəbbə pulu həddən artıq çox olduğunu, hətta kreditin əsas hissəsindən də çox hesablandığını bildirmişdir. Cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, İ-0869- Pk/AZN-2023 saylı kredit müqaviləsinin şərtlərinə əsasən, borclu 2624 manat məbləğində kredit götürmüş və borclunun qarşısına xx.xx.2023- cü il tarixindən etibarən aylıq müəyyən edilmiş məbləğləri ödəmək öhdəliyi qoyulmuş, həmçinin, ödəmədiyi hər gün üçün dəbbə pulu və faiz borcu hesablanacağı kredit müqaviləsinin şərtlərində göstərilmişdir. Lakin, borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, cəmi bir dəfə, yəni xx.xx.2024-cü il tarixində 49.52 manat ödəniş etmişdir. Borclu tərəfindən kredit borcu mütəmadi olaraq ödənilməmiş, ödənilmədiyi 6 ay müddətində kredit borcuna əlavə dəbbə pulu hesablanmışdır. Borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyi üçün sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, lakin borclu yenə də öhdəliyi icra etmədiyi üçün müraciətə əsasən, borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmışdır. Həmin icra sənədinə əsasən aparılmış məcburi icra tədbirləri nəticəsində tələb borclunun əmək haqqına yönəldilmiş, nəticədə xx.xx.2025-ci il tarixdə 340.69 manat xx.xx.2025-ci il tarixində 269.52 manat məbləğində pul tutularaq onlara ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, icra qeydi əsasında tutma onun əmək haqqına yönəldilir. Lakin icra qeydində faiz və cərimə məbləği çox göstərilmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 icra qeydi olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata aşağıda qeyd edilənlərə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, İ-0869- Pk/AZN-2023 saylı kredit müqaviləsindən görünür ki, “Borc verən” (BOKT "xxxx" MMC) müqavilə şərtləri daxilində “Borc alan”a 12 ay müddətinə qaytarmaq şərtilə, 2624 manat məbləğində kredit verməyi, “Borc alan” isə kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür; - İsmayıllı Rayon Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, vaxtında ödənilməmiş 3379,49 manat əsas, 1954,96 manat cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 5359,45 manat pul İddiaçı tutulmalıdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə cavabdeh BOKT "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə, İ-0869-PK/AZN-2023 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə öhdəliklər lazımınca icra edilmədiyindən, tələbkar notariat ofisinə müraciət etmiş və icra qeydi almışdır. Həmin icra qeydi üzrə məcburi icra tədbirləri həyata keçirilmiş, borcun tutulması iddiaçının əmək haqqına yönəldilmişdir. Hazırda iddiaçı müqavilə üzrə hesablanmış faiz və cərimə borcunun silinməsini xahiş edir. Cavabdehin nümayəndəsi isə artıq icra sənədi olduğunu bildirərək iddiaya etiraz edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və müddət keçmədiyi halda aparılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə görə, notariusun icra qeydləri icra sənədi sayılır. Qeyd olunduğu kimi, hazırki iş üzrə borclunun kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi səbəbindən cavabdeh tərəfindən notariat ofisinə müraciət olunmuş, borcun məbləğini təsdiq edən sənədlər əsasında notarius tərəfindən icra qeydi aparılmışdır. Nəticədə, icra sənədi qüvvəyə minmiş və “İcra haqqında” Qanuna uyğun olaraq məcburi icra tədbirləri həyata keçirilmişdir. Həmin icra qeydi hal-hazırda qüvvədədir və ləğv edilməmişdir, icra qeydi aparılmış tələb vaxtında mübahisələndirilməmişdir. Beləliklə, iddia tələbi ilə bağlı notariusun icra qeydi olduğundan və icra qeydi əsasında İsmayıllı Rayon İcra Şöbəsində icraat başlanıldığından hazırki işə məhkəmədə baxıla bilməz. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən 60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı borcun silinməsi tələbinə dair iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə qarşı faiz borcunun və dəbbə pulunun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar