Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-203/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı “maddi ziyan, əldən çıxmış fayda, əmək qabiliyyəti bərpa olunanadək vaxtaşırı ödəmələr və mənəvi zərərin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı “maddi ziyan, əldən çıxmış fayda, əmək qabiliyyəti bərpa olunanadək vaxtaşırı ödəmələr və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMCnin və direktoru Cavabdeh2 hüquqazidd hərəkətləri nəticəsində baş vermiş hadisə ilə əlaqədar aldığı xəsarətlərə görə iddiaçıya vurmuş olduqları 11.100 (on bir min yüz) manat məbləğində maddi zərərin, bu günə kimi əldən çıxmış fayda olan 7.000 (yeddi min) manat əmək haqqının, əmək qabiliyyəti bərpa olunan müddətədək aylıq 1000 (bir min) manat əmək haqqı və 50.000 (əlli min) manat mənəvi ziyanın iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(005)-841/2023 nömrəli qərarı ilə Cavabdeh1 MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən qərardan narazı qalan MMC tərəfindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-902/2023 nömrəli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)-842/2023 nömrəli Qərarı ilə Cavabdeh1 MMC İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir ki, bu iş üzrə də MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 3(103)-903/2023 nömrəli Qərarı ilə təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda bildirilir ki, MMC-nin direktoru Cavabdeh2 (bundan sonra mətndə təqsirkar şəxs kimi qeyd olunacaq) barəsində Nərimanov Rayon Məhkəməsinin hakimi cənab Vüsal Qurbanov tərəfindən qəbul edilmiş Qərarla 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Prokurorluqda iş üzrə aparılmış araşdırma nəticəsində, iddiaçı ilə bağlı baş vermiş hadisə (əmək müqaviləsi bağlamadan iddiaçını işə cəlb etməsi, əməyin mühafizəsi qaydalarını pozması və nəticədə, iddiaçının uzun müddətli əmək qabiliyyətini itirməyi ilə nəticələri xəsarət almağı) tam şəkildə sübuta yetirilmişdir. İddiaçı bildirir ki, halhazırda 3-cü qrup əlildir, epilepsiya xəstəsidir, hadisə nəticəsində aldığı sol tərəfli qabırğaların sınığı, sol aşıq sümüyünün sınığı və baldır-aşıq oynağının qırığı zədələrinə görə əmək qabiliyyətini itirmə faizi artmışdır ki, bir-neçə aydan sonra 2-ci qrup əlillik alacağı gözlənilir. Həmçinin hadisə nəticəsində epilepsiya xəstəliyi ilə əlaqədar səhhətində olan narahatlıqlarda artım hiss etmişdir. Nərimanov Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyi qərarları baş vermiş hadisə nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyanın həcmini müəyyən edib, ona ödənilməsini təmin etməməklə, İXM-in müvafiq maddələrinin tələblərini pozmuşdur. Baş vermiş hadisə nəticəsində aldığı xəsarətlərin müalicəsi üçün tələb olunan xərcləri bu günə kimi özü (ailə üzvləri, aldığı cüzi əlillik pensiyası) ödəmişdir. Baş vermiş hadisə nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyan aşağıdakılardan ibarətdir:
1. Maddi ziyan cəmi - 11.100 (on bir min yüz) manat, açıqlaması aşağıdakı kimidir: 1.1. XİAOMİ NOT 5 PRO mobil telefonu (prosesdə təqdim olunacaq) hadisə zamanı yararsız hala düşmüşdür - 500 (beş yüz) manat (aldığı qiymət); 1.2. PREMİUM CLİNİC adlı özəl klinikada cərrahi əməliyyat - 1400 (bir min dörd yüz) manat (qəbzin surəti əlavə olunur); 1.3. Bu günə qədər olan müalicə və digər xərcləri (nəqliyyat, tibb bacısı, dərmanlar, xəstəxanaya, həkimə, texniki işçilərə ödənilən qeyri-rəsmi ödənişlər, iş üzrə icraat zamanı çəkdiyi xərclər və sair) - təqribi hesablamaları əsasən ağılabatan məbləğ - 2000 (iki min) manat; 1.4. Hüquqi xidmət-200 (iki yüz) manat (qəbzin surəti əlavə olunur); 1.5. Bu günə qədər MMC-dən alacağı 7 aylıq ortalama əmək haqqı 1000 (bir min) manat hesabı ilə (əmək haqqı razılaşmasına görə birinci ay 700 (yeddi yüz) manat olacaqdır, sonrakı aylarda isə 1500 (bir min beş yüz) manata kimi artacaqdır, xx.xx.2022 - 2 6.12.2022-ci il birinci ayın əmək haqqını ödədiyini nəzərə aldıqda, xx.xx.2022-ci il tarixdən bugünki günə kimi əhatə edən dövr üçün) - 7000 (yeddi min) manat əldən çıxmış fayda (prosesin davam etdiyi müddət ərzində yekun məhkəmə aktı qəbul edilənədək müddətlər nəzərə alınmaqla məbləğ artırılmaqla);
2. Vaxtaşırı ödənilməli olan məbləğ - əmək qabiliyyətini bərpa olunan müddətədək əmək haqqı kimi aylıq 1000 (bir min) manat;
3. Mənəvi ziyan - 50000 (əlli min) manat. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, MayoMed fizioterapiya-reabilitasiya mərkəzində fizioterapiya qəbul etdiyini bildirmiş, iddia ərizəsində qeyd olunmuş iddia tələbinin həcminin qəbzdə göstərilən 150 (bir yüz əlli) manat məbləğində artırılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçının normal addımlarla məhkəmənin inzibati binasına qədər gəldiyini müşahidə etmiş, lakin məhkəmə dəhlizinə daxil olduqda o, nədənsə axsamağa başlayır. Qeyd edir ki, 11.000 manat məbləğində zərərin əvəzinin nədən ibarət olduğu görünmür. Həmçinin, 500 manat dəyərində mobil telefonun zədələnməsinin əsasına dair dəlillər də iş materiallarında göstərilməmişdir. Bundan başqa, iddiaçı 1000 manat əmək haqqı almağına dair da iş materiallarına sübut əlavə etməmişdir. Bununla bağlı hər hansı razılaşma da mövcud deyil. Əldən çıxmış fayda hissəsində də iddia əsassızdır. İddiaçı hazırda da işləyir və normal əmək qabiliyyətinə malikdir. Mənəvi zərər çəkməsi barəsində də iddiaçı heç bir sübut təqdim etməmişdir və həmin hissədə tələb əsaslandırılmır. İddia tələbi şişirdilmişdir və böyük bir hissəsi sübut olunmur. Cərrahi əməliyyata görə 1400 manat məbləğində xərcin çəkilməsindən başqa, qalan hissələrdə iddia tələbi əsassızdır, bu səbəbdən də iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğunu, iddia tələbinin dəlilləri üzrə sübutların məhkəməyə təqdim edilmədiyini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə travma almış, xx.xx.2023-cü il tarixdə sol baldır-aşıq oynağından əməliyyat olunmuşdur. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli №1 göndəriş məktubunun surətindən görünür ki, İddiaçı göstərilən tibbi xidmətlərin dəyəri 1400 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X4 xx.xx.2023-cü il tarixli arayışının surətindən müəyyən olunur ki, İddiaçı “sol pəncənin aşıqaltı köhnəlmiş çıxığı” diaqnozu qoyulmuş, xəstəyə cərrahi əməliyyat məsləhət görülmüşdür. - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli Dövlət tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsindən müəyyən olunur ki, İddiaçı müayinə və müalicəsi üçün Respublika Klinik Xəstəxanasına göndəriş verilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli satış çekinin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən 1400 manat ödəniş edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 842/2023 saylı qərarına əsasən, Cavabdeh1 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 841/2023 saylı qərarına əsasən, Cavabdeh1 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 1500 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-903/2023 saylı qərarına əsasən, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış hüquqi şəxs Cavabdeh1 MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-902/2023 saylı qərarına əsasən, Cavabdeh1 MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 3(005)- 841/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - Mayomed Klinikasının xx.xx.2023-cü il tarixli çıxarışından müəyyən olunur ki, İddiaçı fizioterapiya reabilitasiya xidmətlərinin göstərilməsinə görə onun tərəfindən 150 manat ödənilmişdir. - Nərimanov rayon prokurorluğunun 01 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh1 MMC-nin təsisçisi, qanuni təmsilçisi, direktoru və rəhbəri olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan Cavabdeh2 əməlində AR CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışın surətindən görünür ki, İddiaçı 2009-cu ildən üçüncü qrup əlildir. - İnzibati tənbeh vermə haqqında 13 aprel 2023-cü il tarixli MN ******* №-li qərardan görünür ki, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərəfindən İddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Cavabdeh2 AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 4000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. - "xxxx" MMC-nin ƏEM/N 90-1031/23 saylı, 23 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışında qoyulmuş diaqnoz üzrə İddiaçı əməliyyatdan sonrakı müddətdə müalicəsi üçün çəkdiyi xərclər aşağıdakı cədvələ uyğun olaraq 1550 manat təşkil edir; - xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il 200 AZN, xx.xx.2023-cü il 200 AZN, - xx.xx.2023-cü il - xx.xx.2023-cü il 150 AZN. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin ünvan ünvanlanan 23 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı barəsində 2023-cü ilin noyabr-dekabr aylarında stasionar və ambulator müalicə alması ilə bağlı hər hansı bir tibbi sənəd, həmçinin Səhiyyə Nazirliyinin forma 66 proqramında hər hansı bir qeyd aşkar edilməmişdir. - "xxxx" MMC tərəfindən ünvan ünvanlanan 23 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı 2023-cü il tarixdə klinikaya müraciət etmiş, pasient “sol baldır-aşıq oynağının daxili fiksasiya ilə artrodezi” diaqnozu ilə cərrahi əməliyyat olunmuş, ümumilikdə klinikaya 1400 AZN ödəniş olunmuşdur. - Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX tərəfindən ünvan ünvanlanan 29 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-də “usta” vəzifəsində fəaliyyət göstərir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanan 21 fevral 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xəstə İddiaçı xx.xx.2022-ci il tarixdə Respublika Klinik Xəstəxanasına daxil olmuş, onun müayinəsi zamanı ona sol tərəfli qabırğaların sınığı, sol aşıq sümüyünün sınığı, baldır-aşıq oynağının çıxığını yerinə salıb və gips longet tətbiq edilib. Bildirilir ki, “sol baldır-aşıq oynağının daxili fiksasiyası ilə artodezi” cərrahi əməliyyatı icbari tibbi sığortanın əhatə dairəsinə düşmür. Məhkəmə, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh cəmiyyət arasında mülki hüquqi müqavilələrin rəsmiləşdirilməməsi, o cümlədən əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsə də, iddiaçı ilə cavabdeh cəmiyyət arasında nəticə etibarı ilə cavabdeh cəmiyyətin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı münasibətlər yaranmışdır. Bu səbəbdən həmin münasibətlər əmək münasibətləri hesab edilməlidir. Qeyd olunanlar Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə məhkəmənin qərarı ilə öz təsdiqini tapır. Eyni zamanda qeyd olunmalıdır ki, məsələyə bu cür yanaşma Konstitusiya Məhkəməsinin mövqeyinə də uyğundur. (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli Qərarı) İrəli sürülən faktiki halları nəzərə almaqla məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin “fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” ilə bağlı müddəaları, eləcə də əmək qanunvericiliyinin “işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydaları” haqqında normaları nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, əmək qanunvericiliyin müvafiq müddəalarının mənası baxımından, tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyətinə görə öhdəliyin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş təqsirli əmələ əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddəsinə əsasən, tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zamanda hər üçü olduqda yaranır. 192.2-ci maddəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 195-ci maddəsinin c) bəndinə əsasən, işəgötürən əmək münasibətləri prosesində, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.3-cü maddəsinə əsasən, zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunun: 15-12.1-ci maddəsinə əsasən, tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir. 15-12.2-ci maddəsinə əsasən, ilkin tibbi-sanitariya yardımı, habelə təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfi çərçivəsində sığortaolunanlara tibbi xidmətlər onların öz vəsaiti hesabına göstərilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 30 yanvar 2023cü il tarixdə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən restoranda reklam lövhəsi quraşdıran zaman hündürlükdən yıxılaraq xəsarət almışdır. Araşdırma nəticəsində hüquqi şəxs Cavabdeh1 MMC tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması faktı aşkar edilmiş və AR İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-841/2023 saylı qərarına əsasən müəyyən olunmuşdur ki, AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2023-cü il tarixli, 10/973 nömrəli ekspert rəyinə əsasən baş vermiş hadisə ilə əlaqədar “Hündürlük iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 10.1, 10.2, 10.3 bəndlərinin tələbləri pozulmuş, bu da hadisənin texniki və təşkilatı səbəbləri olmuşdur. Hündürlükdə görülən işlərin icrası ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə, “Hündürlük iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1, 10.1, 10.2, 10.3 bəndlərinin tələbləri Cavabdeh1 MMC-nin direktoru (Cavabdeh2) tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxsin (İddiaçı) özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. Qeyd olunan hallar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-841/2023 saylı qərarında öz əksini tapmış, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-903/2023 saylı qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-842/2023 saylı qərarından müəyyən edilmişdir ki, araşdırma nəticəsində hüquqi şəxs Cavabdeh1 MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs İddiaçı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu baxımdan iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, cavabdehlər tərəfindən hündürlükdə görülən işlərin icrası ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə iddiaçı reklam lövhəsi quraşdıran zaman hündürlükdən yıxılmış və nəticədə iddiaçının sol aşıq-baldır oynağında hər iki sümüyün distal ucu sınaraq və çıxaraq sağlamlığına az ağır zərər dəymiş, iddiaçı sağlamlığına dəymiş xəsarətlərlə bağlı hadisə baş verdiyi gün tibb müəssisəsinə aparılmış, tibb müəssisəsində aşıq-baldır oynağının çıxığı yerinə salınaraq, gips longet tətbiq edilmiş, həmçinin də iddiaçının sağlamlığına dəymiş zərərlə bağlı aparılmış cərrahi əməliyyatın müayinə və müalicə xərcləri icbari tibbi sığortanın əhatə dairəsinə düşməməsi səbəbindən, cərrahi əməliyyat onun öz vəsaiti hesabına qarşılanmış, iddiaçı bu səbəblə maddi-mənəvi zərərə məruz qalmışdır. Yuxarıda qeyd olunan xüsusatlara əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 MMC-dəki vəzifəsi üzrə işinin icrası zamanı baş vermiş hadisə nəticəsində onun sağlamlığına az ağır zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə bildirir ki, tərəflər arasında əmək müqaviləsi olmasa da, inzibati tənbeh vermə haqqında 13 aprel 2023-cü il tarixli MN ******* №-li qərardan görünür ki, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərəfindən İddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə Cavabdeh2 AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 4000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Cavabdeh2 nümayəndəsinin (vəkili) etirazının dəlili olan “iddiaçının cərrahi əməliyyatı icbari tibbi sığortanın hesabına qarşılanır, bu səbəbdən də cərrahi əməliyyata görə iddiaçının ödədiyi vəsaitə görə cavabdehlərin məsulliyət daşımadığını” qeyd etsə də, məhkəmə bildirir ki, məhkəmə araşdırması zamanı “sol baldır-aşıq oynağının daxili fiksasiyası ilə artodezi” cərrahi əməliyyatının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmadığı müəyyən olunmuşdur. Məhkəmədə iş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə göstərilən tibbi xidmətlərin əvəzi olaraq 1400 manat, daha sonra isə Mayomed Klinikasında fizioterapiya reabilitasiya xidmətlərinin göstərilməsinə görə 150 manat ödəniş edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi baş vermiş hadisə ilə əlaqədar aldığı xəsarətlərə görə iddiaçının sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün müalicə və müayinələrin xərci olan 1550 manat məbləğində maddi zərərin tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Bununla belə məhkəmə iddia tələbinin yalnız Cavabdeh1 MMC-yə münasibətdə əsaslı olduğunu qeyd edir. Belə ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin qanuni təmsilçisi (direktoru) həm də təsisçisidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh2 iddia tələblərinə cavab verməli olmayan şəxsdir. Mülki Məcəllənin 49.1-ci, 49.2-ci, 52.1-ci və 52.2-ci maddələrinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Məhkəmə iddia tələbində qeyd edilən “mobil telefonun hadisə zamanı yararsız hala düşməsi, nəqliyyat, tibb bacısı, dərmanlar, xəstəxanaya, həkimə, texniki işçilərə ödənilən qeyrirəsmi ödənişlər, iş üzrə icraat zamanı çəkdiyi xərclər, hüquqi xidmətə görə çəkdiyi xərclərin əvəzi, cavabdeh cəmiyyətdən alacağı əmək haqqından məhrum olduğu müddət üçün əldən çıxmış fayda, əmək qabiliyyəti bərpa olunan müddətədək əmək haqqı kimi aylıq 1000 (bir min) manat vaxtaşırı ödənilməli məbləğ” dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Yaranma əsaslarından asılı olmayaraq, maddi zərərlə bağlı tələbinin təmin edilməsi bununla bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsindən, başqa sözlə, həmin tələblərin sübuta yetirilməsindən asılıdır. İddia tələbinin iddiaçı tərəfindən sübut edilən hissəsi də yalnız iddiaçının cərrahi əməliyyatı və əməliyyatdan sonrakı fizioterapiya ilə bağlı çəkdiyi (1400 manat + 150 manat) cəmi 1550 manat xərc olmuş, maddi zərərlə bağlı qalan məbləğ hissəsində iddiaçı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən bu hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları iddiaçı sübut etməli idi. Qeyd olunanlara əsasən, cavabdeh cəmiyyətin iddiaçı qarşısında daşıdığı maddi məsuliyyətin həcmi həmin məbləğlə məhdudlaşmalıdır. Göründüyü kimi, iddiaçı iddianın dəlillərində XİAOMİ NOT 5 PRO mobil telefonun hadisə zamanı yararsız hala düşdüyünü habelə, nəqliyyat, tibb bacısı, dərmanlar, xəstəxanaya, həkimə, texniki işçilərə və s. kimi xidmətlərə görə 2000 manat xərc çəkdiyini bildirsə də, iddia tələbinin qeyd olunan dəlillərini təkzibedilməz sübutlarla təsdiq edə bilməmişdir. Bundan başqa iş üzrə təqdim edilmiş mütəxəssis rəyi də işin qeyd olunan hallarını təsdiqləmək üçün birbaşa sübut sayıla bilməz. Belə ki, MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə olan təqdirdə iddiaçı “sol baldır-aşıq oynağının daxili fiksasiyası ilə artodezi” cərrahi əməliyyatından sonra reabilitasiyaya ehtiyac olduğunu təsdiqləyən mötəbər dəlillər təqdim etməli idi. Bu baxımdan iddiaçı cərrahi əməliyyatdan sonra ayağındakı zədə ilə bağlı uzun müddət fizioterapiyaya getdiyini, bunun üçün nəqliyyat, tibb bacısı, dərmanlar üçün zəruri xərclərinin olduğunu qeyd etsə də, davam etmiş məhkəmə araşdırması müddətində hər hansı dərman reseptləri, nəqliyyat xərclərinə dair dəlillər (çeklər, ödəniş qəbzləri, online ödəmələrə dair və s. məlumatlar) təqdim edə bilməmişdir. Məhkəmə iddianın digər dəlillərində qeyd olunan “iddia tələbi ilə müraciət olunduğu günə qədər iddiaçının cavabdehdən alacağı 7 aylıq ortalama əmək haqqı 1000 manat hesabı ilə (əmək haqqı razılaşmasına görə birinci ay 700 manat olacağı, sonrakı aylarda isə 1500 (bir min beş yüz) manata kimi artacağı, xx.xx.2022-xx.xx.2022-ci il birinci ayın əmək haqqını ödədiyini nəzərə aldıqda, xx.xx.2022-ci il tarixdən bugünki günə kimi əhatə edən dövr üçün - 7000 manat əldən çıxmış fayda” hissəsində də əsassız hesab edir. Qeyd olunmalıdır ki, sonuncu tərəfindən məhkəməyə tərəflər arasında qeyd olunan halları təsdiq edən hər hansı razılaşma, o cümlədən mötəbər sübutlar təqdim olunmadığından, məhkəmə bu dəlillərin formal mülahizələrdən ibarət olduğu qənaətinə gəlir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı hüquqi xidmətə görə 200 manat pul məbləği tələb etsə də, o, məhkəməyə müraciət edərkən hüquqi xidmətlərlə bağlı yardım aldığını göstərən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəmə prosesləri zamanı da özünün iştirak etməsini və vəkil xidmətindən istifadə etmədiyini də nəzərə alaraq məhkəmə bu hissədə də iddia tələbini əsassız hesab edir. Məhkəmə iddianın dəlillərində qeyd olunan vaxtaşırı ödənilməli olan məbləğ - əmək qabiliyyətini bərpa olunan müddətədək əmək haqqı kimi aylıq 1000 (bir min) manat pul məbləğinin iddiaçının xeyrinə ödənilməsinə münasibətdə qeyd edir ki, işin faktiki hallarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-də “usta” vəzifəsində fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Göründüyü kimi, hazırda iddiaçının əmək qabiliyyətini itirməsi müəyyən edilmir. Məlum olduğu kimi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, müəyyən sübutetmə vasitələri ilə sübutedilməli hallar başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, iddiaçı tərəfindən əmək qabiliyyətini itirməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının əmək qabiliyyətli olması öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Məhkəmə, iddia tələbinin mənəvi zərərin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bunda əlavə, məhkəmə iddiaçının sağlamlığına az ağır zərər dəyməsi, sol baldıraşıq oynağında cərrahi əməliyyata məruz qalması, həmin əməliyyatın bir müddət onun gündəlik həyatına təsir etməsini nəzərə alaraq mənəvi zərərin məbləğinin 1.000 manat məbləğində müəyyən olunması qənaətinə gəlir. Belə ki, iddiaçının hadisə nəticəsində fiziki ağrılar keçirməsi, o cümlədən ayağındakı əməliyyata görə müəyyən müddət sərbəst gəzməsinin qeyri-mümkün olması onun mənəvi sarsıntı keçirməsinə, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsinə səbəb olması, bu halın onun şüurunda mənfi psixi reaksiya ilə nəticələnməsi mübahisəsizdir. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 50000 manat vəsaitin iddiaçı xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Məhkəmə mənəvi zərər həddinin iddiaçıya 1000 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.3-cü maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsinin qiyməti 1000 manatdan 10000 manata qədər olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 45,50 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 1550 manat maddi ziyan və mənəvi zərərə görə 1000 manat olmaqla, ümumilikdə 2550 (iki min beş yüz əlli) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 MMC-dən 45,5 manat dövlət rüsumu tutulsun və Dövlət büdcəsinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Solmaz Ədilova