Məhkəmə qərarları › İş №2(005)-2061/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2061/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2061/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2495 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. İddia tələbi üzrə pul tələbi 2495 manat təşkil etdiyindən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2061/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli Qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə borclu Cavabdeh ilə 941 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq dəyəri 1995 manat olan Ayfon 8 markalı mobil telefonu ona satmışdır. Borclu Cavabdeh 1 ədəd cəmi dəyəri 1995 manat olan Ayfon 8 markalı mobil telefonu ondan almış, aldığı mobil telefonun dəyərindən ilkin olaraq ödəniş etməmiş, 1995 manat borcunu hissə-hissə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh borclu olduğu məbləğdən aylar üzrə heç bir ödəniş etməmiş və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Cavabdeh aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi nəzərdə tutulmuş qaydada yerinə yetirməmiş, bununla da iddiaçıya zərər dəymişdir. Nəticədə cavabdehin müqavilə üzrə iddiaçıya 1995 manat əsas borcu, 500 manat cərimə, cəmi 2495 manat borcu yaranmışdır. İddiaçı səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, iddia tələbini müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh xx.xx.1981-ci il tarixdə Bərdə rayonu, Qəcər kəndində anadan olmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır; xx.xx.2016-cı il tarixdə Asan-Bərdə tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdə ünvan 3ində anadan olmuş və hazırda ünvan 3i ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 saylı, xx.xx.2020-ci il tarixli arayışına əsasən mülki iş üzrə İddiaçı ünvan 3ində yaşayır; İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 941 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən Cavabdeh ilkin ödəniş etmədən İddiaçı qiyməti 1995 manat olan Ayfon 8 almış və 6 ay müddətinə ayda 332,50 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; İddiaçıtərəfindən Cavabdeh ünvanlanan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən alqı-satqı müqaviləsi üzrə öhdəliyini 3 gün müddətində yerinə yetirilməsi tələb edilmiş, əks halda məsələ ilə bağlı məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 941 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən Cavabdeh İddiaçı qiyməti 1995 manat olan Ayfon 8 markalı telefonu ilkin ödəniş olmadan 6 ay müddətinə hər ay 332,50 manat aylıq ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 01% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür (Müqavilənin 11-ci bəndi). Ayfon 8 markalı telefon İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İddiaçı Cavabdeh tərəfindən hər hansı məbləğdə ödəniş edilmədiyini, nəticədə onun 1995 manat məbləğində əsas, 500 manat məbləğində cərimə, cəmi 2495 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Cavabdeh tərəfindən hər hansı məbləğdə borcun ödənilməsini təsdiq edən sənəd mövcud deyil. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə 3 gün ərzində yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 1995 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış 500 manat məbləğində cərimənin ödəniməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 500 manat məbləğində cərimə əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulu 100 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1995 manat məbləğində əsas, 100 manat məbləğində cərimə, cəmi 2095 manat məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1995 (bir min doqquz yüz doxsan beş) manat məbləğində əsas, 100 (bir yüz) manat məbləğində cərimə, cəmi 2095 (iki min doxsan beş) manat məbləğində borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar