Məhkəmə qərarları › İş №2(005)-2070/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2070/2020

30.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2070/2020 30.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il qətnaməsi ilə müəyyən olunmuş hər ay 154 manat sabit pul məbləğində alimentin və 40 manat sabit pul məbləğində əlavə xərcin artırılaraq xx xxxxxx 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində 170 manat miqdarında alimentin və 200 manat əlavə xərclərin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxx 2013-cü ildə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxx 2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə aramızdakı nikah pozulmuş, xx xxxxxx 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh xx xxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay 110 manat sabit pul məbləğində aliment və 40 manat sabit pul məbləğində əlavə xərcin xeyrinə tutularaq ona ödənilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı xx xxxxxx 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment və 40 manat sabit pul məbləğində əlavə xərcin xeyrinə tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda işləmir və uşağın hər gün artan tələbatını ödəmək onun üçün həddindən artıq çətindir. Uzun illərdir ki, uşaq nevroloji xəstəlikdən əziyyət çəkir. Hazırkı vəziyyətdə alimentin və əlavə xərclərin miqdarı uşağın saxlanması və müalicəsi üçün uyğun deyil, olduqca az məbləğdir, ona görə də, sabit pul məbləğində alimentin miqdarı və əlavə xərclər artırılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, hazırda iddiaçıya hər ay alimenti ödəyir, alimentin artırılması ilə razı deyil, həmin məbləği ödəmək imkanı yoxdur. Buna görə də, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-454/2015 nömrəli, 06 xx xxxxxx 2015-ci il tarixli Qətnaməsinin surətinə əsasən tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X6 anası İddiaçı yanında qalması, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq Cavabdeh hər ay 110 manat sabit məbləğdə aliment və 40 manat sabit məbləğdə əlavə xərc İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1800/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli Qətnaməsinin surətinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin artırılaraq, hər ay 154 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. X2 X5 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2013-cü il tarixdə X7 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşağın iddiaçının (anasının) yanında qalması müəyyən edilmiş, cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1800/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli Qətnaməsi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin artırılaraq, hər ay 154 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay 170 manat məbləğində müəyyən edilməsini tələb edir. Məhkəmə «qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay 170 manat məbləğində müəyyən edilməsi» hissəsində iddianı əsaslı hesab edir. Belə ki, yetkinlik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 170 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay 170 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Digər tərəfdən iddiaçı məhz həmin aliment məbləğinin artırılmasının digər hissəsi, habelə uşağın xəstəliyi ilə bağlı cavabdehdən müəyyən pul vəsaitinin tutulmasını xahiş etməkdədir. Məhkəmə iddia tələbinin «Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 454/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli Qətnaməsi ilə müəyyən olunan Cavabdeh hər ay 40 manat sabit məbləğdə əlavə xərcin artırılaraq 200 manat məbləğində müəyyən edilməsi» münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, iddiaçı uşağın müalicəsi ilə əlaqədar çəkilən xərclər çəkməsini, müalicəyə və dərmana ehtiyacının olmasına istinad etmiş olsa da, müalicə və dərman pulunun hər ay 200 manat təşkil etməsi və ya artıq məbləğ sərf etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından, habelə uşaqdan ayrı yaşayan valideynin əlavə xərclərə cəlb olunmasından ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci və 85.1.2-ci maddələri təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; 85.1.2-ci maddəsinə görə isə, sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad)buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını təşkil edən Ailə Məcəlləsinin 85.1.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Göründüyü kimi qanunverici, nikah pozulduqdan sonra keçmiş arvadın yalnız “buna zəruri vəsaitə malik” keçmiş ərdən həmin vəsaiti tələb edə biləcəyini müəyyənləşdirmişdir, yəni aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin və keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. Hazırkı iş üzrə isə Cavabdeh belə vəsaitə malik olub-olmadığı iş materialları ilə sübuta yetirilmir. Nəzərə alınmalıdır ki, AzərbaycanRespublikasıMPM-in 14.2cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən, Ailə Məcəlləsinin 85.1.2-ci maddəsi “sağlamlıq imkanları məhdud” uşağa qulluq etdiyinə görə keçmiş arvada (ərə) aliment tələb etmək hüququ verir; hazırkı işdə isə tərəflərin ümumi uşaqlarının sağlamlıq imkanları məhdud uşaq olduğu müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin əlavə xərclərə cəlb olunmasını tələb etmək və müvafiq şərtlərin mövcudluğunu sübuta yetirə biləcəyi təqdirdə Ailə Məcəlləsinin 81-ci maddəsinə istinadla məhkəmədə iddia qaldırmaq hüququna sahibdir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Aliment qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Cavabdeh X4 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar