Məhkəmə qərarları › İş №2(005)-2081/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2081/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2081/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 17407,45 manat əsas, 870 manat illik 5 faiz hesablanmaqla faiz borcu və dövlət rüsumunun əvəzi kimi ödədiyi 145 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2024-cü ildə işlədiyi “Azza” şirniyyat evində Cavabdeh ilə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Bir müddət sonra cavabdeh ona müraciət edərək yaxşı işə qoşulmaq istədiyini və bunun üçün pul lazım olduğunu bildirmişdir. O, özünə məxsus olan 2770 manat limiti olan “Kapital Bank” kartını cavabdehə təqdim etmişdir. Cavabdeh həmin kartı istifadə edərək 60 gün müddətində qaytarmağı vəd etmişdir. Həmin müddət ərzində pulu yerinə qoysa da, yenidən pula ehtiyac olduğunu bildirmiş və o, “Kapital Bank"dan 3000 manat kredit götürərək işə qoşulmuşdur. Həmin məbləği bu günə kimi özü ödəmişdir. Cavabdeh 20000 manata yaxın borcu olduğunu bildirmişdir. O, Beynəlxalq Bankdan 4500 manat, Unibankdan isə 6700 manat götürmüş və cavabdehə vermişdir. Bundan sonra maşını vurduğunu üçün pul lazım olduğunu bildirmiş və ondan “Kontakt Home”dan playstation və saat götürüb satmağı və həmin pulla maşını düzəltməyi xahiş etmişdir. O, “Kontakt Home”dan dəyəri 1535 manat olan playstation və 1260 manat olan saat götürərək cavabdehə vermiş, cavabdeh də sataraq işlərini həll etmişdir. Ödənişləri edə bilmədiyi üçün o cavabdehin yerinə “SF Azerbaijan” və “Azpul” dan 200 manat, 150 manat pul götürərək aylıq ödənişləri etmişdir. Bunlardan əlavə əl borcu kimi 361 manat pul vermişdir. Həmçinin o, iş vəd etsə də, sonradan onu aldatdığı məlum olmuşdur. Hazırda həmin öhdəliklər onun adındadır, cavabdeh isə heç bir ödəniş etməmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir razılıq əldə etmək mümkün olmamışdır. Polis orqanına müraciət etdikdə isə ona, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh ümumilikdə 13145 manat tələb etdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçıya 13145 manat borcu var, həmin məbləğdə iddianı qəbul edir və təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh yeni işə qoşulmaq və yekunda verilmiş borc məbləğinin, o cümlədən xeyirlərin əlavə olunaraq ona qaytarılması adı ilə borcun verilməsini təmin etmişdir. İddiaçı ona inanaraq fərqli vaxtlarda müxtəlif banklardan kredit götürmüş və həmin pulları da cavabdehə vermişdir. Cavabdeh götürülmüş kreditləri bağlayacağını vəd etsə də, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hazırda iddiaçı həmin vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə prosesi zamanı tərəflər arasında razılığa gəlinmiş və hazırda cavabdeh iddianı qəbul edərək, təmin edilməsini xahiş edir. Beləliklə, işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, iddianın etiraf edilməsi ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdeh ərizə təqdim edərək iddianı qəbul etdiyini etiraf etmişdir. Məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 145 manat məbləğində pul ödəmişdir. İddia tam təmin edildiyindən çəkilmiş məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 13145 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13145 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar