Məhkəmə qərarları › İş №2(005)-2090/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2090/2021

26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2090/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "DOĞTAŞ” MMC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "DOĞTAŞ'’ MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "DOĞTAŞ” MMC-dən aldığı masaya görə 1,097 (bir min doxsan yeddi) manat pulun geri qaytarılması və iddia ərizəsinin tərtib olunması üçün ödədiyi 50 (əlli) manat pulun ona ödənilməsi cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdırki, İddiaçı 11.12.2020-ci il tarixində “DOĞTAŞ" MMC -nin X2 mağazasından Türkiyə Respublikası istehsalı olan 1 ədəd masanı 1,097 (bir min doxsan yeddi) manat ödəyərək, masanın evə çatdırılması və quraşdırılması xidmətləri daxil olaraq ödədi. 17.12.2021 -ci il tarixində yaşadığı ünvana cavabdeh tərəfindən masa çatdırıldı. Masa evində quraşdırıldıqdan sonra vizual olaraq masaya nəzər yetirdi və masanın ön tərəfində bir cızığın və masanın açılıb-bağlanılması mexanizimin hissələrinin bir-birini düzgün üzləşməməsini görərək, bu barədə masanı evimdə quraşdıran ustalara öz iradını bildirdi. Ustalar isə ona yaranmış problemin onlara heç bir aidiyyətinin olmamasını bildirərək, mağazaya müraciət etməli olduğumu bildirdilər. Növbəti gün cavabdehin 055 *** ** ** mobil nömrəsi ilə əlaqə saxlayaraq hadisəni telefon vasitəsi ilə onlara bildirdi və bu səbəbdən masanın yenisi ilə dəyişdirilməsini xahiş etdi. Cavabdeh isə ona masanın yenisi ilə dəyişdirilməsinin qeyri-mümkün olduğunu bildirdi. Bundan sonra o, cavabdehə öz yazılı rəsmi ərizəni poçt vasitəsi ilə 19.12.2020-ci il tarixində göndərdi və 28.12.2020-ci il tarixində yaşadığı mənzilə 19.12.2020-ci il tarixində göndərdiyi məktubun cavabdehə yayılmış COVİD-19 xəstəliyi ilə bağlı karantin tədbirləri göstərilməklə, çatdırıla bilinməməsi ilə bağlı qəbzini aldı. Lakin xüsusi olaraq qeyd edir ki, mağaza ölkədə karantin tədbirlərinin tətbiq edilməsinə baxmayaraq "onlayn" qaydada fəaliyyət göstərirdi. Buna baxmayaraq yenidən 27.01.2021-ci il tarixində cavabdehə yazılı formada rəsmi müraciət etdi, lakin bir aydan artıq vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən ona heç bir məlumat verilmir. "DOĞTAŞ” MMC-nin hərəkətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128-ci maddəsinin tələblərinə ziddir. Belə ki, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. Həmçinin Cavabdeh MMC məsuliyyətsiz hərəkətləri nəticəsində ona mənəvi ziyanda dəymişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsi əsasən istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 10 iyun 2021-ci il tarixli iclasında iştirak edən "DOĞTAŞ” MMC-nin nümayəndəsi X5 iddia tələbində göstərilənləri qəbul etməyərək bildirmişdir ki, ididaçı İddiaçıqna kefiyyətli məsul satılmışdır. Məsulun pulunu qaytarmaq barədə iddiaçının fikri ilə razı deyil. İddiaçı mağazada 1 ədəd yemək masası bəyənərək almış və məhsula görə 1097 manat ödəmişdir. Məhsul 2 il qarantiyalı olmuşdur. Masa iddiaçının evinə aparılmış və quraşdırılmışdır. Bu barədə iddiaçıyə təhvil – təslim aktı verilmişdir. Həmin aktı növbəti məhkəmə iclasında təqdim edə bilər. Buna görə də, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "DOĞTAŞ” MMC-nin İddiaçı təqdim etdiyi 11.12.2020-ci il tarixli 04729 saylı sifariş formasından görünür ki, İddiaçı Bakıxanov qəsəbəsindəki ünvanına «Siento» yemək masası (200x90x240) 1 ədəd məbləği 2195 manat, endirimlə 1097 manat olmaqla 2 il qarantilidir olmaqla məhsul satılmışdır. «Siento» yemək masası (200x90x240) üçün müəyyən edilmiş 1097 manat məbləğində pul İddiaçı tərəfindən 11.12.2020-ci il tarixli qəbzlə ödənilmişdir. İddiaçı "DOĞTAŞ” MMC-yə ünvanladığı 19.12.2020-ci il tarixli məktubundan görünür ki, «11 dekabr 2020-ci il tarixində Doğtaş Exclusive Azərbaycan mebel mağazısında min doxsan yeddi manat (1097 AZN) dəyərində Siento yemək masası almışam. 17 dekabr 2020-ci il tarixində həmin masanı ünvanıma çatdırıblar və quraşdırıblar. Mən masanın görünüşdən, onun əyri quraşdırılmasından və cızığı olduğundan, onu geri qaytarmaq və öz pulumu geri almaq istəyirəm. Sizdən xahiş edirəm ki, etdiyim müraciətin cavablandırılmasını mənim yaşadığım ünvana rəsmi qaydada göndərəsiniz.» məzmunda müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan fotoşəkillərlə açıq-aşkar görünür ki, Siento» yemək masası (200x90x240) iddiaçıya təslim edilsə də, masa qüsurlu olmuş, masada gözlə görünən cızıqlar və masanın nizamlanmasında çatışmamazlıqlar var. Cavabdeh tərəf məhkəmə iclasında ididaçıya keyfiyyətli məhsul təslim etdiyini və buna dair təhvil verilmə aktının olmasını bildirdi. Lakin növbəti məhkəmə iclasında həmin sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya məhsul satılan istehlakçı hüquqlarına dair qanunvericiliyinin tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə görə, İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 7-ci maddəsinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İşin hallarından aydın olur ki, İddiaçı aldığı masanın qüsurlu vəziyyətdə olmasını, məsulun dəyişdirilməsi barədə satıcıya müraciət etmişdir. Masada olan qüsurlar istehlakçının maldan istifadə qaydalarını pozması nəticəsində əmələ gəlməmişdir. Cavabdeh tərəf lazımi keyfiyyətdə olan məsulu iddiaçı satdığına dair sübutu məhkəməyə təqdim edə bilmədiyindən bu isə malın istehsalçısının və ya satıcısının məsuliyyətini istisna edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinəgörə, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 586.3-cü maddəsinin tələbinə görə, əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. Həmin Məcəllənin 587.1.-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin -587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 587.3-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 587.5-ci maddəsinə görə, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğısatqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin 587.2.1-ci maddəsin ilə müəyyən olunan tələbi cavabdeh tərəfindən pozulmuşdur. Eyni zamanda, iddiaçı keyfiyyətsiz məsulun qaytarılması ilə bağlı müraciət etsə də, cavabdeh "DOĞTAŞ” MMC tərəfindən həmin müraciət müsbət həll edilməmişdir. Məhkəmə eyni zamanda, iddianın hüquqi xidmətlərə görə 50 manat cavabehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla,ididaçı tərəfindən 50 manat olmaqla tələb olunması ağlabatan məbləğdir, buna görə də, 50 manat məbləğində hüquqi yardıma görə xərc cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən masaya görə ödənilmiş 1,097 (bir min doxsan yeddi) manat, hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat, cəmi 1147 manat (min yüz qırx yeddi) "DOĞTAŞ” MMCdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar