Məhkəmə qərarları › İş №2(005)-2099/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2099/2020

08.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2099/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh ASC-nin X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona dəymiş 1.000 (min) dollar maddi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. İddia tələbi üzrə pul tələbi 1.000 (min) dollar təşkil etdiyindən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2099/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli Qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə X3 keçirilən onlayn auksionda avtomobil udmuşdur. Həmin avtomobilin ödənişi olan 6.118 (altı min yüz on səkkiz) dollar pulu xx xxxx 2020-ci il tarixdə Cavabdeh ASC-nin Gənclik filialından xaricə köçürmə yolu ilə əldə etmişdir. xx xxxx 2020-ci il tarixdə bankdan iddiaçıya köçürülmənin yerinə yetirilməsi ilə bağlı möhür ilə təsdiqlənmiş qəbz verilmiş, lakin həmin tarixdən ödəniş yerinə yetirilməmişdir. İddiaçı banka dəfələrlə şikayətini bildirmiş, ona cərimə hesablandığı üçün ödənişini tələb etmişdir. Bank isə ödənişi geri qaytarmamış və müxtəlif səbəblər gətirərək, ödənişin axşama və ya səhərə çatacağı ilə iddiaçını ümidləndirmişdir. İddiaçı bankın səhlənkarlığı ucbatından auksion şirkəti tərəfindən 1.000 (min) dollar cərimə olunduğunu və qazandığı avtomobilin müsadirə olunduğunu qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, auksionda onun özü yox, oğlu iştirak etmişdir. Həmin pulu oğluna o vermişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin X5 iddianı qəbul etməyərək, birdirmişqdir ki, iddia tələbini qəbul etmir, iddia tələbi üzrə 1000 ABŞ dolları pul tələb edilir və iddiaçı göstərir ki, aksionda iştirak edlən şəxs özü yox, oğludur. İddiaçının tələb etmək hüququ yoxdur, buna görə də iddia tələbi rədd olunmalıdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1965-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır; Cavabdeh ASC-nin X6 ünvanlandığı xx.xx.2020-ci il tarixli, 142 saylı məktubun surətinə əsasən X4 ərizəsinə cavab olaraq, müraciətdə adı çəkilən İddiaçı Cavabdeh ASC-nin Gənclik filialının AZ25NBCB4102004USD********** saylı cari hesab müştərisidir. Müştəri xx.xx.2020-ci il tarixində 6118 (altı min yüz on səkkiz) ABŞ dolları həcmində xarici köçürtmə üçün filiala müraciət etmiş, həmin köçürmə bank tərəfindən xx.xx.2020-ci il tarixində icra olunmuşdur. Sonrakı araşdırmalar nəticəsində aydın olmuşdur ki, texniki səhv nəticəsində köçürmə müxbir bank tərəfindən icra olunmayaraq saxlanılmış, bank tərəfindən köçürmə geri çəkilmiş və digər müxbir bank tərəfindən xx.xx.2020-ci il tarixində icra olunmuşdur; xx.xx.2020-ci il tarixli Fiziki şəxs rezidentlərin hesabları üzrə respublikası kənarına aparılan köçürmələr üçün ərizədən görünür ki, hesabın sahibi (AZ25NBCB4102004USD**********) İddiaçı 6118,00 USD vəsaiti öz Chase Bankın hesabına köçürməyi xahiş etmişdir; 15064271 saylı, xx.xx.2020-ci il tarixli alıcı qəbzindən görünür ki, imtina haqqı olaraq 1,000.00 dollar vəsait ödənilmişdir. Alıcı kimi - G&G Auto Sales MMC göstərilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı hazırda onun oğlunun aksionda iştirak etdiyini bildirir və 1000 manat cərimənin də onun oğluna hesablandığını göstərir. Cavabdeh iddia tələbini qəbul etmir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında oğlunun iştirak etdiyi aksionda 1000 ABŞ dolları cavabdehin təqsiri ucbatından ziyan dəydiyi üçün cavabdehdən həmin pulun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçı, onun oğlu ilə cavabdeh arasında mövcud olan münasibətlər nəticəsində cavabdehə pul ödənilməsini bildirir, belə olan halda hazırki tələb ilə müraciət etmək hüququnu iddiaçıya məxsus deyil. Digər tərəfindən 15064271 saylı, xx.xx.2020-ci il tarixli alıcı qəbzində 1000 ABŞ dolları olaraq cəimə olunan şəxsin məhz iddiaçı olması müəyyən olunmur. Bununla belə, iddiaçının hazırki iddia tələbi ilə müraciət edilməsi üçün subyektiv hüququ yaranmadığında hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəldiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar