Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2107/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 3000 (üç min) manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Belə ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə yaşadığı mənzilin eyvanında kombi istilik qızdırması quraşdırmışdır. Həmin kombidən su axıdılması nəticəsində iddiaçının yaşadığı mənzilin bir otağının künc hissəsində bahalı oboy kağızlar xarab olub tökülmüş və mənzilinin təmirinə ehtiyac yaranmışdır. Bundan başqa xx xxx 2019-cu il tarixdə evni qaydada cavabdehin kombisindən axıdılmış su nəticəsində iddiaçının otağını və mətbəxini su basmış, nəticədə mətbəx ilə otağının birinin təmiri yarasız vəziyyətə düşmüşdür. Daha sonra üst qonşusu olan Cavabdeh hər dəfə mənzil istismar sahəsinin əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, xx xxxxxxxx 2019-cu il tarixdə artıq üçüncü dəfə cavabdehin mənzilindən su axıdılması nəticəsində iddiaçının mənzilinin otaqları, mətbəx və mətbəxin tavanı tam yararsız vəziyyətə düşmüşdür. Bununla da, Cavabdeh mənzilindən İddiaçı mənzilinə su axıdılması nəticəsində mənzilin otaqlarına və mətbəxlə tavanın təmirinə üç min manat maddi ziyan vurulmuşdur. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulan maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə isə 2.500 manat, cəmi 5.500 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbini müdafiə etdiyini qeyd etmiş, maddi ziyanın ekspert rəyində göstərilmiş həcmdə tutulmasına etiraz etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 54 saylı mənzil kommunal istismar sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli aktlarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 82 saylı evin, 4 saylı mənzilinə baxış keçirilmiş və həmin ünvanda olarkən məlum olmuşdur ki, həmin binanın 7-ci mənzilinin eyvanında quraşdırılmış istilik qızdırıcısı kombidən 4 saylı mənzilinə su axmışdır, nəticədə 4 saylı mənzilin təmirinə ziyan dəymişdir; xx.xx.2010-cu il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/1430 nömrəli rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 54 saylı mənzil kommunal istismar sahəsinin tərtib etdiyi xx.xx.2019-cu il tarixli aktın göstəricilərinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən 82 saylı evin 4 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 7 saylı mənzildən sızması müəyyən olunmuşdur. Lakin 7 saylı mənzillin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 4 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən 82 saylı evin 4 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.173 manat məbləğində müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır; xx xxx 2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər; 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 84 saylı evin, 4 saylı mənzili İddiaçı, 7 nömrəli mənzili isə Cavabdeh mülkiyyətindədir. İddiaçı cavabdehin mülkiyyətində olan mənzildən onun mənzilinə suyun axıdıldığını və nəticədə ona 3.000 manat məbləğində maddi ziyanın vurulduğunu iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 54 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli aktlarına əsasən həmin binanın 7-ci eyvanında quraşdırılmış istilik qızdırıcısı kombidən 4 saylı mənzilinə suyun axıldığı, nəticədə 4 saylı mənzilin təmirinə ziyan dəydiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə texniki-tikinti ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 10/1430 nömrəli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 84 saylı evin, 4 saylı mənzilinə suyun sızmasının mənbəyinin 4 saylı mənzilin üstündə yerləşən 7 saylı mənzilin olduğu, su sızmanın səbəbinin isə eyvanda quraşdırılmış istilik qızdırıcısı kombisinin nasaz vəziyyətdə olması və Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 84 saylı evin, 4 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 1.173 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Bununla belə, məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 54 saylı mənzil kommunal istismar sahəsinin aktlarını nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və iddiaçının mülkiyyətində olan mənzildən su axıdılmışdır. Bununla belə, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Bununla belə, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəylə müəyyən edilmiş 1.173 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin ya-ran-ma-sı əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qal-ma-sı-nın nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar ke-çir-məsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi ay-dın-laşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab ke-çir-məsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyan tələbinin qəsmən təmin olunması iddiaçıya münasiğbətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarında X5 Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. X5 Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 1.173 manat məbləğində pul iddiaçı X2 xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1173 (bir min yüz yetmiş üç) manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2107/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2107/2020
17.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver