Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2109/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2314/2018 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hal-hazırkı dövrdə tutulan alimentin miqdarı maddi cəhətdən yetərli olmadığından artırılmalıdır. Ona görə də Cavabdeh X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün alimentin məbləğini artırılması zəruridir. İddiaçı tərəfindən mediasiyaya müraciət edilmiş, lakin heç bir müsbət nəticə alınmadığından məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki: İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2314/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehin birgə nikahından xx.xx.2009-cu il tarixdə X2 doğulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2314/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılaraq 220 manat müəyyən edilməsi xahiş etmişdir. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(005)-2314/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 2314/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2109/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2109/2023
21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver