Məhkəmə qərarları › İş №2(005)-2117/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2117/2021

21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2117/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “hüquqi xidmətə görə ödənilmiş pulun və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “hüquqi xidmətə görə ödənilmiş pulun və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əliyar oğlundan hüquqi xidmətə görə ödənilmiş 500 manat məbləğində pulun və dəymiş maddi ziyanın əvəzi olaraq 40 000 manat məbləğində pulun tutularaq iddiaçı X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə onun aralarında hüquqi xidmət haqqında razılaşma olmuşdur. Cavabdeh vəkil olaraq ona Ali Məhkəmədə təmsil etməli, o da ona hüquqi xidmətə görə 500 manat pul verməli idi. O, öhdəliyini yerinə yetirərək ona 500 manatı ödədi, lakin o qarşı tərəflə sövdələşərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmiş, nəticədə qətnamə icraya yönəldilmiş, min bir əziyyətlə bankdan kredit hesabına sənədli həyətyanı torpaq sahəsində tikdikləri evi qarşı tərəf sökmüşdür. Bununla da ona 40 000 manata qədər maddi ziyan dəymişdir. Ona görə də hesab edir ki, ödədiyi xidmət haqqı olan 500 manat və mənə dəymiş 40 000 manat maddi ziyan cavabdeh tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı yazılı izahat təqdim edərək, bildirmişdir ki, Cavabdeh Əşrəf oğlunu 20 ildən artıq vaxtdan həmin bu Nərimanov Rayon Məhkəməsində hakim işlədiyi müddətdə tanıyır. Həmin müddətdə o da, məhkəmədə usta kimi işləyirdi. Onun vəkil işləməsi barədə məlumatı var idi. Qardaşının xahişi ilə ona vəkil lazım olduğu üçün soraqlaşıb axtarıb tapmışdır. 14 saylı hüquq məsləhətxanasında görüşmüşdürlər. Şabran Rayon Məhkəməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etmək üçün hüquq məsləhətxanasında 500 manat verib müqavilə bağlayıblar. Sumqayıt Apellyasiya Məhkəməsinə qardaşı ağır xəstə olduğu üçün onun əvəzinə də etibarnamə ilə onu əvəz etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsindən qətnaməni alan kimi oxudu 10 gün müddət yazılmışdı o, onu anlamadı. Zəng etdi ona dedi ki, ona hələ gəlməyib. Sabah səhər gənclik metrosunun yaxınlığındakı keçiddə görüşək. Səhərisi günü qətnaməni və 500 manat pulu evdən götürdü. Gətirdi həmin keçidin yanında ona verdi. Soruşduqda ki 10 gün müddət nə olduğunu yenidən Apellyasiya şikayəti vermək hüququn olduğunu bilərəkdən ona izah etmədi. Bir müddət keçdikdən sonra onunla yenidən görüşdü. Qardaşının dünyasını dəyişdiyini ona dedi. Ondan xahiş etdi ki Ali Məhkəməyə özün yaz ver. Onunda ünvanına həmin qətnamənin 2 ci surəti gəldiyi üçün məsuliyətli bir şəxs kimi ona etibar etdi. Bir müddət keçdikdən sonra onunla yenidən zəngləşdilər. Ona dedi ki, yazıb veribdir, təhvil verdiyi sənədlərin bir surəti də onda evdədir. İddiaçı da ona inandı. Daha sonra nə telefon nə də işlədiyi 14 saylı məsləhətxanasına işə gəlmədi. Bütün orda işləyən hüquqşünaslar şahid ola bilər ki, o, onu aylarla işindən olmuş onu axtarıb tapmamışdır. Həmin onun iş yoldaşları ona dedilər ki onun ali məhkəməyə nə orderi var nə də səlahiyyəti. Bu haqda o bir kəlmə də olsa deməmişdir. Qarşı tərəfin sənədlərinin saxta olduğunu daha imkanlı olduğunu bilirdi. Ona görə də qarşı tərəfin sifarişlərini yerinə yetirmişdir. Və bilərəkdən onun etibarından istifadə edərək sənədlərinin müddətini ötürmüşdür. Onun bu saxtakarlığı nəticəsində qarşı tərəf öz sənədli 50 ildən artıq yaşadıqları həyətyanı torpaq sahələrində min bir əziyyətlə bankdan kredit hesabına qarşı tərəfin iştirakı ilə tikdiyi evi qarşı tərəf məhz onun saxtakarlığı nəticəsində sənədlərinin müddətini ötürdükdən sonra sökmüşdür. Bu haqda dəfələrlə Prezident Administrasiyasına və Ədliyyə Nazirliyinə şikayət etmişdir, onu bu hərəkətinə görə Vəkillər kollegiyasından işdən xaric edilməsi haqda məktub almışdır. Onu neçə illər axtardıqdan sonra yaşadığı ünvanı tapmışdır. Həyətlərində onunla görüşmüşdü, acı sözlərlə apar ver polisə, məhkəməyə demişdir. Soruşanda ondan xidmətə görə 500 manat pul almısan hansı xidməti yerinə yetirdin. İnsanı ki Allah yaradıb düzgün olsun mərdimazar olmasın. O, hər hansı vəkil ilə işbirliyi qursaydı o bu cür mərdimazarlıq etməzdi. Hakimdən xahiş edir ki, onun bu hərəkətlərinə görə ona və ailəsinə vurduğu maddi və mənəvi ziyanın ödənilməsi haqda qərar qəbul eləsin və dələduzluq maddəsilə cəzalandırsın. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də pulun ödənildiyini qeyd etdiyindən, o, iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini daşıdığı halda, pulun iddiaçıya ödənilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunmur. Belə olan təqdirdə məhkəmə iddiaçının iddia tələbi kimi istinad etdiyi hallara “o qarşı tərəflə sövdələşərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmiş”, “qarşı tərəfin sifarişlərini yerinə yetirmişdir” hüquqi qiymət verərək hesab edir ki, bu izahatlar yalnız formal mülahizələrə və iddiaçının özünün yazılı ifadələrinə əsaslanmışdır ki, məhkəmə araşdırması zamanı da həmin faktlar öz təsdiqini tapmamışdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən təmin edilməməlidir. Məhkəmə iddiaçının “hüquqi xidmətə görə cavabdehə ödədiyi pulun tutulması” tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan pulu Cavabdeh verdiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni “o qarşı tərəflə sövdələşərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmiş”, “qarşı tərəfin sifarişlərini yerinə yetirmişdir” və “cavabdehə hüquqi xidmətə görə ödədiyi 500 manat pulun tutulması” və s kimi hallara istinad etməklə, cavabdehdən dəymiş ziyanın tutulmasını tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir razılığın olmasına dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “hüquqi xidmətə görə ödənilmiş pulun və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar