Məhkəmə qərarları › İş №2(005)-2124/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2124/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2124/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı Bank “xxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank “xxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank “xxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank “xxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00012-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 4916.43 manat əsas borc, 28.08 manat faiz borcu, ümumilikdə 4944.51 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Bank “xxx” ASC-ııin “Promo” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, RPE-00012-05/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank “xxx” ASC 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində krediti illik 1 (bir) faizlə 60 (altmış) ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış MK- 00067-05/14U saylı, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxxxxxx 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “xxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla RPFZ-00012-05/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı vo rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə boreverənə ödənilmiş olsun. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin illik 0.02%-i məbləğində gündəlik cərimə hesablanır. Zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən zamin, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə və ondan irəli gələn zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi kreditorun həm borcluya, həm də zaminə qarşı tələb irəli sürmək hüququ verir. Cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 4916.43 manat əsas buıc, 28.08 manat faiz borcu vardır. Beləliklə, cavabdehlərin xx.xx.2020-ci il tarixinə ümumi borcu 4944.51 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank “xxx” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bank “xxx” ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF- 00012-05/19A saylı kredit müqaviləsindən görünür ki, Bank “xxx” ASC Cavabdeh1 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 4997,28 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə kredit müqaviləsinə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətlərdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi barədə öhdəlik götürmüşdür; Bank “xxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPFZ-00012- 05/19A saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Bank “xxx” ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit xətti müqaviləsindən Cavabdeh1 irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank “xxx” ASC qarşısında tam məsuliyyəti və Cavabdeh1 ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür; Bank “xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00012- 05/19A nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 85,43 manat ödəməli idi; Bank “xxx” ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə Bank “xxx” ASC-yə 4916,43 məbləğində əsas, 28,08 məbləğində faiz, cəmi 4944,51 manat məbləğində borcu var; Bank “xxx” ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehlərdən ən qısa müddətdə olunan borcun ödənilməsi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdilər; xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, X4 edilməsi Agentliyi Bank “xxx” ASC tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bank “xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00012-05/19A saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 60 ay müddətinə 4997,28 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Həmçinin xx.xx.2019-cu il tarixində bağlanmış müqavilə çərçivəsində zamin Cavabdeh2 borcalan Cavabdeh1 borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla onunla eyni həcmdə Bank qarşısında birgə cavabdehlik daşımağı barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 kredit yenidən razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı Bank “xxx” ASC Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RPF- 00012-05/19A saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə Banka 4916,43 manat məbləğində əsas, 28,08 manat məbləğində faiz, cəmi 4944,51 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləğləri cavabdehlərdən tələb edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kredit razılaşması üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi tam təmin edilməli, Cavabdeh1 4916,43 manat məbləğində əsas borc Bank “xxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Bank “xxx” ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdülər. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh2 zamin kimi borcalan Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas və faiz borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, kredit müqaviləsinə xitam verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “Bank “xxx” ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, RPF- 00012-05/19A saylı kredit müqaviləsi üzrə 4916,43 manat məbləğində əsas, 28,08 manat məbləğində faiz, cəmi 4944,51 manat məbləğində kredit borcu və habelə 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bank “xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00012- 05/19A nömrəli kredit müqaviləsinə xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bank “xxx” ASC-nin xeyrinə 4916,43 (dörd min doqquz yüz on altı manat, qırx üç) manat məbləğində əsas, 28,08 (iyirmi səkkiz manat, səkkiz qəpik) manat məbləğində faiz, cəmi 4944,51 (dörd min doqquz yüz qırx dörd manat, əlli bir qəpik) manat məbləğində kredit borcu, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar