Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2124/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştiakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilmiş 1993,5 manat, əlavə olaraq 140 manat icra xidmət haqqı və ödənilmiş 42 manat dövlət rüsumu olmaqla cəmi 2175,5 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1015/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(005)- 1375/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı "xxxx" MMC-nin iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı 1155 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə) tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1015/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və Nərimanov Rayon İcra və Probasiya Şöbəsində iddiaçı tərəfindən 1993,50 manat və əlavə olaraq 140 manat icra xidmət haqqı olmaqla, cəmi 2133,50 manat pul ödənilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixli 10k saylı əmrlə "xxxx" MMCyə xarici əlaqələr üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə qətnaməsindən də göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 dekabr 2016-cı il tarixli invoice/hesab nömrəsi 102 olan arayışın məzmunundan görünür ki, İddiaçı 24 noyabr 2016-cı il tarixdə “Rixos” Oteldə 01-03 dekabr, iki gecə, üç otaq, üç nəfər səhər yeməyi ilə birlikdə otel sifarişi, habelə 28 noyabr 2016-cı ildə Bakı-İstanbul-Antalya-lstanbul-Bakı reyslərindən istifadə edilməsinə dair aviaşirkətin göstərdiyi xidmətə görə 1155 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Həmin dövrdə iddiaçı göstərilən xərcləri, yəni aviabilet və oteldə qalma ilə əlaqədar xərcləri MMC-nin Türkiyə Respublikasında keçirilən tədbirində iştirakıyla əlaqədar cavabdehin göstərişi ilə almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı bilet və oteldə qalmanı SF Traveldən almalı, pulunu isə cavabdeh verməli idi. Lakin cavabdehin həmin pulu SF Travelə ödəməməsindən iddiaçının xəbəri olmamış, bu barədə yalnız Nərimanov Rayon Məhkəməsində iddiaçıya qarşı iddia qaldırılanda xəbər məlumatlı olmuşdur. Göstərilənlərə əsasən cavabdehin Türkiyə Respublikasında təmsilçiliyini həyata keçirməyilə bağlı onun göstərişi ilə alınmış bilet və oteldə qalma xərci ilə əlaqədar iddiaçı tərəfindən SF Travelə ödənilmiş 1993,50 manat, əlavə olaraq 140 manat icra xidmət haqqı və iddia vermək üçün ödənilmiş 42 manat dövlət rüsumu olmaqla, cəmi 2175,50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi təmin edilsin, bilet və oteldə qalma xərci ilə əlaqədar iddiaçı tərəfindən SF Travelə ödənilmiş 1993,50 manat, əlavə olaraq 140 manat icra xidmət haqqı və iddia vermək üçün ödənilmiş 42 manat dövlət rüsumu olmaqla, cəmi 2175,50 manat pul vəsaiti cavabdeh FİTO TRADE MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi və vəkili etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2124/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1015/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Nərimanov Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1375/2020 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmışdır. İddiaçı "xxxx" MMC-nin iddiası təmin edilərək, cavabdehlər İddiaçı 1155 ABŞ dolları, X2 1470 ABŞ dolları və X1 850 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə) tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş ******* nömrəli İddiaçı Rafael qızına məxsus Əmək kitabçasından görünür ki, İddiaçı Rafael qızı xx.xx.2016-cı il tarixli 10K nömrəli əmrlə Cavabdeh MMC-yə xarici əlaqələr üzrə menecer vəzifəsinə işə qəbul edilmiş xx.xx.2016-ci il tarixli 17 K nömrəli əmri ilə öz xahişi ilə tutduğu vəzifədən işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 006XOH********** nömrəli, xx.xx.2021-ci il tarixli 006X0H********** nömrəli, xx.xx.2021-ci il tarixli 006XOH********** nömrəli və xx.xx.2021-ci il tarixli 006BUDG213410246 nömrəli qəbzlərdən görünür ki, məhkəmə tərəfindən qoyulmuş öhdəlik üzrə "xxxx" MMC-yə ümumilikdə 1993,5 manat, İcra orqanına isə 140 manat ödəniş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1015/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı 1155 ABŞ dollar pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qətt edilmişdir. Həmin qətnamənin icrası mərhələsində iddiaçı tərəfindən ümumilikdə 1993,5 manat "xxxx" MMC-yə ödəniş edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 140 manat icra hərəkətləri üzrə ödəniş olunmuşdur. Hazırda iddiaçı qəbul olunmuş qətnamə üzrə edilmiş ödənişlərin əslində Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ödənilməli olmasını iddia edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə edilmiş sifarişlər və iddiaçının həmin dövrdə işlədiyi Cavabdeh MMC tərəfindən verilmiş tapşırıqları icrası ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İddiaçı tərəfindən qəbul olunmuş məhkəmə qətnaməsi ilə onun üzərinə qoyulmuş öhdəliklər yerinə yetirilmişdir. Lakin iş materiallarından göründüyü kimi iddiaçı mübahisə predmeti üzrə xidmətlərdən istifadə edən zaman Cavabdeh MMC-nin sifarişləri əsasında yerinə yetirmişdir. Odur ki, hazırda onun tərəfindən məhkəmə qətnaməsi üzrə qoyulmuş öhdəliklərin yerinə yetirilməsi işlədiyi şirkət tərəfindən ödənilməli olan xidmət haqqının ödənilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi qanunvericiliklə vurulmuş ziyanın ödənilməsi tələblərini müəyyən etmişdir. Hazırda iddiaçıya zərərin cavabdehin qanunazidd hərəkətləri nəticəsində bu tələblərə əsasən ziyanvuran qanunazidd təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində vurduğu ziyanın əvəzinin ödəməlidir. Odur ki, hazırda iddiaçı vurulmuş ziyana görə cavabdehə qarşı 1993,5 manat, əlavə olaraq 140 manat icra xidmət haqqının ödənilməsi ilə bağlı iddiasında haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 42 manat dövlət rüsumu Cavabdeh MMCdən tutularaq İddiaçı Rafael qızına ödənilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, 1993,5 manat, əlavə olaraq 140 manat icra xidmət haqqı və ödənilmiş 42 manat dövlət rusumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 1993,5 (min doqquz yüz doxsan üç manat əlli qəpik) manat, əlavə olaraq 140 (yüz qırx) manat icra xidmət haqqı və ödənilmiş 42 (qırx iki) manat dövlət rusumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2124/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2124/2022
16.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver