Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2134/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər, cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay 175 manat sabit pul məbləğinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat tutularaq, ona ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən bu günə qədər əlavə olaraq maddi kömək göstərilməmişdir. Uşaq orta məktəbdə təhsil alır, ona görə də məsrəfləri yetərincə artmışdır. Nərimanov Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamə ilə ödənilməsi qət olunmuş aliment (110 manat) uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Cavabdeh isə onun artan tələbatına könüllü şəkildə köməklik göstərmir. Ona görə də hesab edirəm ki, uşağın saxlanılması üçün müəyyən edilmiş aliment məbləği artırılmalıdır. ''Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" xx xxxxxx 2018-ci il tarixli № 1352- VQ-li Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, uşaqlar üçün 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 160 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən də, tərəfindən aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət zərurəti yaranmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan 110 manat sabit pul məbləği bu günə kimi tutulur. İddiaçının iddia ərizəsi təmin edilməməlidir və Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş 110 manat sabit məbləği dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, o 2007-ci ildən Azərbaycan Milli Elmlər X5 adına Əlyazmalar İnstitutunda işləyir və cəmi 390,00 manat məbləğində əmək haqqı alır. Eyni zamanda iddiaçı ilə nikahlarına xitam verildikdən sonra, ikinci dəfə ailə qurmuş və həmin nikahdan xx xxxxx 2013-cü il tarixdə X10 və xx.xx.2016-cı il tarixdə X11 dünyaya gəlmişdir. Yəni iddiaçıdan birgə nikahda olduğu uşaqdan əlavə onun daha iki yetkinlik yaşına çatmayan övladı var. Bir uşağın yaşayış səviyyəsi yaxşılaşdırıldıqda, digərlərinin yaşayış səviyyəsi pisləşməməlidir. Cavabdehin əmək haqqısı vergilər daxil 390 manat təşkil edir, 355 manat ona ödənilən məbləğdən 175 manat çıxıldıqda, digər iki uşağın saxlanılması üçün cəmi 180 manat məbləğ qalır. Bu isə ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş minimum məbləğdən iki dəfə azdır. Cavabdeh digər 2 övladlarının saxlanılması ilə yanaşı iddiaçıya 11 il ərzində bir gün belə gecikdirmədən aliment məbləğini ödəyərək, uşağına qarşı valideynlik borcunu yerinə yetirir. Lakin cavabdehdən olan birgə uşaqdan əlavə digər iki övladına qarşı da valideynlik borcunu yerinə yetirməlidir. Bu səbəbdən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1983-cü il tarixdə doğulmuşdur; Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 358343 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X8 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – Cavabdeh, anası – X6r; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh qarşı “uşağa və anaya aliment ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2011-ci il tarixdən başlayaraq xx xxxxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında və 40 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək uşağa baxması ilə əlaqədar olaraq 30 (otuz) manat alimentin alınaraq X7 ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi və məhkəmə xərclərinin müştərək qaydada tərəflərə aid edilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2474/2011 nömrəli, xx xxx 2011-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2474/2011 nömrəli, xx xxx 2011-ci il tarixli Qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh ilə X4 arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhər Sabunçu rayon Qeydiyyat Şöbəsində bağlanmış 1008 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur; xx.xx.2021-ci il tarixli, 44-40 saylı arayışdan görünür ki, o həqiqətən 2007-ci ildən Azərbaycan Milli Elmlər X5 adına Əlyazmalar İnstitutunda çalışır. Hal-hazırda elmi işçi vəzifəsində 390,00 (üç yüz doxsan) manat məbləğində məvaciblə işləyir; Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X8 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşağın iddiaçının (anasının) yanında qalması müəyyən edilmiş, xx xxxxxx 2011-ci il tarixdən başlayaraq xx xxxxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında və 40 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək uşağa baxması ilə əlaqədar olaraq 30 (otuz) manat alimentin alınaraq X7 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan aliment məbləğin yaşayış minimumundan az olduğunu, buna görə də alimentin dəyişdirilərək, hər ay sabit məbləğdə 175 manat müəyyən edilməsini tələb edir. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən aylıq gəlirinin ¼ hissəsi ilə müəyyən edilən məbləğdə alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, cavabdehin hər ay 175 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə ¼ hissəsi ilə müəyyən edilən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 175 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər aya görə 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2134/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2134/2021
21.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver