Məhkəmə qərarları › İş №2(005)-2135/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2135/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2135/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun etirafı və ödəniş qaydası haqqında müqavilə üzrə hesablanmış əsas və cərimə borcunun, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun etirafı və ödəniş qaydası haqqında müqavilə üzrə hesablanmış əsas və cərimə borcunun, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.175 (üç min bir yüz yetmiş beş) manat məbləğində əsas borc, 1.428,75 (bir min dörd yüz iyirmi səkkiz manat yetmiş beş qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4.603,75 (dörd min altı yüz üç manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən Cavabdeh İddiaçınə 3.175 (üç min bir yüz yetmiş beş) manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx xxxxxx 2019-cu il tarixinədək tam olaraq İddiaçınə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Cavabdeh ilə İddiaçı arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 2.2-ci bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə müraciət etmək hüququ yaranır. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. İddiaçı nümayəndəsi X3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 2.975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində əsas borc, 1.428,75 (bir min dörd yüz iyirmi səkkiz manat yetmiş beş qəpik) manat məbləğində dəbbə pulu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4.433,75 (dörd min dörd yüz otuz üç manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, müəyyən məbləğdə ödənişlər həyata keçirmişdir. Bununla bağlı müvafiq ödəniş qəbzlərinin surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı-kreditor ilə Cavabdeh-borclu arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin məzmunundan görünür ki, borclu kreditora 3.175 (üç min bir yüz yetmiş beş) manat məbləğində borcunun olduğunu etiraf etmişdir (1-ci maddə). Borclu 12 (on iki) ay 3.175 (üç min bir yüz yetmiş beş) manat məbləğində borcun yarandığı, həmin məbləği xx xxxxxx 2019-cu il tarixinədək, hər ay 264,59 (iki yüz altımış dörd manat əlli doqquz) manat məbləğində pul vəsaiti ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür (2.1-ci bənd). Borclu tərəfindən ödəniş hər ayın müqavilənin bağlandığı günündə edilməlidir. Ödəniş ardıcıl olaraq 2 (iki) ay edilmədiyi təqdirdə, kreditor məhkəməyə müraciət edə bilər (2.2-ci bənd). Ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümümi borc məbləğinin 0,5% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürmüşdür (2.4-cü bənd); İddiaçı Cavabdeh ünvanladığı xx xxxxxx 2020-ci il tarixli borcun ödənilməsi tələbinə dair pretenziya məktubunun məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli borcun etirafı müqaviləsi üzrə öhdəliklərin icra müddəti artıq başa çatmışdır. Həmin müqavilənin məzmununa əsasən, İddiaçı onu əvvəlcədən razılaşdırılmış sifarişləri əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, sonuncu isə malı qəbul edib, malın dəyərini ödəməyi, əks halda həm hesablanmış borcu tam şəkildə, həm də hər gecikən gün üçün müqavilə üzrə razılaşdırılmış penya məbləğini də ödəməyi öhdənizə götürmüşdür. Qeyd olunanlara əsasən, İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün 3.175 (üç min bir yüz yetmiş beş) manat məbləğində pul vəsaitini borclu şəxsdən geri tələb etmək hüququna sahib olmuşdur. Odur ki, 5 (beş) gün müddətində göstərilən məbləğin İddiaçı hesabına köçürülməsi xahiş olunmuş, əks təqdirdə İddiaçı tərəfindən sonuncunun barəsində müvafiq məhkəmə orqanına 3.175 (üç min bir yüz yetmiş beş) manat məbləğində pul vəsaitinin ödənilməsi tələbi ilə müraciət olunacaq və iddianın təmin olunduğu təqdirdə, bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyi borclu olaraq onun üzərinə düşəcəyi barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQM-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxxxx 1973-cü il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; Nərimanov RPİ tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1973-cü il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Vergilər X2 Dövlət Qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ********** nömrəli VÖEN ilə xx xxx 2006-cı il tarixdə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçərək, hüquqi ünvanı ünvan 2 ünvanında qeyd edilmişdir; ASAN ödəniş sistemi ilə ödənilmiş xx xxx 2020-ci il tarixli **********32 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə müvafiq iddia tələbi qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlı lığın tələb etdiyi tərzdə, yəni şərtləşdıriimiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda İsə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 882.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Göründüyü kimi, iddia ərizəsi üzrə Cavabdeh iddiaçı ilə mövcud borcun etiraf edilməsi müqaviləsi bağlamış, lakin müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də qeyd edilən müqavilə üzrə Cavabdeh öhdəliyi icra etmədiyi üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mövcud borcun etiraf edilməsi müqaviləsi üzrə aldığı pul vəsaitindən, yəni məhkəmə araşdırması zamanı müəyyən olunmuş 2.975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia ərizəsinin əsas borca hesablanmış 1.428,75 (bir min dörd yüz iyirmi səkkiz manat yetmiş beş qəpik) manat məbləğində cərimə tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 50 (əlli) manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2.975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində əsas borc və 50 (əlli) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 3.025 (üç min iyirmi beş) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2.975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində əsas borc və 50 (əlli) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 3.025 (üç min iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar