Məhkəmə qərarları › İş №2(005)-2141/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2141/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2141/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: alimentin artırılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh birgə nikahdan olmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-3399/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 175 (bir yüz yelmiş beş) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat ümumilikdə 470 (dörd yüz yetmiş) manat miqdarında təyin edilməsi və mediatora ödədiyi 60 (altmış) manat rüsumun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-3399/2021 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh hər ay hər uşağa görə 175 ( bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bildirir ki, hazırda cavabdehin hər ay hər uşağa görə ödəməli olduğu 175 (bir yüz yelmiş beş) manat aliment uşaqları normal saxlanması üçün yetərincə deyildir. İndiki iqtisadi çətinliklər zamanında qiymətlərin sürətli artımı vaxtında uşağa sərf olunan xərclər artdığı üçün alimentin artırılmasına böyük ehtiyac vardır. Qeyd etmək istəyir ki, cavabdehin uşaqların normal saxlanması üçün daha yüksək aliment ödəməyə imkanı vardır. Lakin o bunu könüllü etməkdən yayınır. Alimentin artırılması təklifi ilə mən cavabdehə təklif göndərdikdən sonra Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh Mediasiya prosesində iştirak etsə də, ümumi razılıq əldə olunmamış və ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, cavabdeh 350 manat aliment ödəyir, lakin bu məbləğ uşaqların hazırlıqları olduğuna görə kifayət etmir. Hazırda özü X5 qeydiyyat şöbəsində işləyir. Övladı həftəlik psixoloqa gedir və hər seansın qiyməti 50 manatdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hər ay 350 manat məbləğində aliment ödəyir. Alimentin artırılmasına etiraz edir. Çünki hazırki aliment məbləğini iddiaçının bibisioğlundan alaraq ödəyir və ona bugünkü gündə 1000 manatdan çox borcu var. Əlilliyi var və yüksək təzyiqdən əziyyət çəkir. Başqa nikahdan övladı yoxdur. Hazırda iş yeri yoxdur. İddiaçı nikah pozulmamış ona xəyanət etmişdir. Hazırda özü iki ildir ki, nişanlıdır və iddiaçıya görə üzük belə alıb ailə qura bilmir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3399/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1243 nömrəli akt qeydi ilə tərtib olunmuş 13 oktyabr 2010-cu il tarixli nikah pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan xx.xx.2011-ci il tarixdə doğulmuş X9 və xx.xx.2015-ci il tarixdə doğulmuş X10 İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2021-ci il tarixdən etibarən İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. Yüngül işlərdə işləyə bilər. - 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 2-ci dərəcəli əlilliyə görə 356,01 manat məbləğində əmək pensiyası alır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin xx.xx.2011ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı iki uşaqları vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3399/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasında olan nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat, olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün X6” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasını yönəlmişdir. Eyni zamanda Azərbaycan Respublikasında 2024-cü il üçün “X6” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3399/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən uşaqların yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşaqların üç yaş böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onların saxlanması üçün kifayət deyildir və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Qanunvericiliklə alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edilmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Sabunçu Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağa görə 175 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün (2021-ci il) həyat standartlarını və yaşayış minimumunu əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri nisbətən artmış, həmçinin uşaqlar böyümüş, onların tələbatları artmışdır. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə hesab edir ki, alimentin tutulması uşaqların saxlanması və zəruri yaşayış məqsədlərinə xidmət etdiyindən, uşaqların mənafeyinin müdafiəsi zəruriliyi baxımdan ən azı onların əvvəlki yaşayış səviyyəsi saxlanmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3399/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, böyüməsini, həyat standartları və istehlak qiymətlərinin nisbətən artmasını, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, qanunla müəyyən edilmiş 2024-cü il üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun məbləğini (2021-ci il üzrə 175 manat; 2024-ci il üzrə 235 manat) nəzərə alaraq, uşaqların saxlanması üçün cavabdehdən tutulan aliment miqdarının hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləği həddinə artırılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, cavabdehin “yüksək təzyiqinin olması”, “nişanlı olmasına baxmayarq iki ildir üzük ala bilməməsi” və s. barədə dəlilərinə münasibətdə isə hesab edir ki, bu hallar cavabdehi əvvəlki nikahdan olan övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Məhkəmə cavabdehin əlilliyinin olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, əlilliyinin olması cavabdehi bir ata kimi uşaqlarının tələbatlarını ödəməkdən azad etmir. Belə ki, cavabdehə xx.xx.2017-ci il tarixdə - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3399/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aliment təyin olunduğu vaxtdan xeyli müddət əvvəl əlillik təyin edilmişdir. Bununla belə, cavabdehdən uşaqların saxlanması üçün həmin dövrdə (2021) uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində aliment tutulması qət edilmişdir. Digər tərəfdən cavabdehə İİ dərəcəlik əlillik təyin edilsə də, o əmək qabiliyyətlidir və yüngül işlərdə işləyə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin işləməməsi onu uşaqlarını saxlamaq, maddi təminatı ödəmək vəzifəsindən azad edə bilməzdi. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi nəzərə alınmaqla, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 60 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021cı il tarixli 2(008)-3399/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021- cı il tarixli 2(008)-3399/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar