Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2152/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1682,29 manat əsas, 285,76 manat faiz, 741,50 manat cərimə və 47,10 manat dövlət rüsumunun, ümumilikdə 2756,65 manat pulun İddiaçı BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki işin materiallarına əsasən tərəflər arasında yaranmış münasibətləri məhkəmə nəzərdən keçirdib hesab edir ki, bu münasibətlər kommersiya xarakteri daşıyır. Bu səbəbdən hazırkı iddia tələbi üzrə mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılması məqsədəmüvafiqdir. Belə ki, iddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən İddiaçı BOKT MMC və "xxxx" MMC arasında "xxxx" MMC-nin işçilərinin kreditləşməsinə dair əməkdaşlıq müqaviləsinin olduğu və bu əməkdaşlıq müqaviləsindən irəli gələrək "xxxx" MMC-nin borcalan Cavabdeh1 kreditor İddiaçı BOKT MMC qarşısında götürdükləri öhdəlikıərin icra edilməsinə təminat olaraq zaminlik müqaviləsi bağladığı aydın olur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Göründüyü kimi iddiaçı borcalan Cavabdeh1 ilə yanaşı borc məbləğinin müştərək qaydada zamin "xxxx" MMC-dən də tutulmasını tələb edir. Zaminlə kreditor qarşısında bağlanmış zaminlik müqaviləsi onlar arasında daha əvvəlki tarixdə bağlanmış əməkdaşlıq müqaviləsindən irəli gəlir. İddia tələblərindən biri (zaminə qarşı pul tələbi hissəsində) kommersiya xarakteri daşıdığından hazırki işə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə geri qaytarmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, “MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 14-cü bəndinə görə əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır”. Eyni zamanda iddia ərizəsinə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 18 manat və 30 manat dövlət rüsumunun ödənilməsinə dair iki fərqli qəbzi ərizəyə əlavə etsə də, 18 manat ödənilməsinə dair qəbzdə olan məlumatlardan bu məbləğin qanunauyğun qaydada ödənildiyi müəyyən olunur, lakin digər qəbzdə buna dair zəruri məlumatlar – qəbzin nömrəsi, ödəniş tarixi, ödənişin təyinatı və s. məlumatlar müəyyən olunmur. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, qeyd olunan qanunvericilik müddəalarının tələbinə əsasən, məhkəmə hesab edir ki, ödənilmiş 18 manat dövlət rüsumu İddiaçı BOKT MMC-yə qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş 18 manat dövlət rüsumu İddiaçı BOKT MMC-yə geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2152/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2152/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver