Məhkəmə qərarları › İş №2(005)-2165/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2165/2024

19.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2165/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin öz işini lazımınca icra etməməsi və kredit müqaviləsini düzgün tərtib etməməsi nəticəsində ona dəymiş 1076 manat ziyanın Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə o, Cavabdeh ASC-yə 27000 manat 3 il müddətinə, illik 10% dərəcəsi ilə əmanət qoymuşdur. Bankın şərtləri ilə maraqlandıqda ona bank əməkdaşı tərəfindən izah edilmişdir ki, ehtiyac olduqda əmanətlə bağlı kredit verilə bilər. Kredit xətti müqavilənin sonunadək tam olaraq bağlanılır. xx.xx.2023-cü il tarixdə səhhətində yaranmış problemə görə Cavabdeh ASC-yə müraciət edərək, əmanətlə bağlı müddət sonunadək kredit götürmək istədiyini bildirmişdir. Bank əməkdaşına əsas borcu və faizləri müddət bitdikdə banka qoymuş əmanətindən çıxılmasını istədiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilənin 1 saylı əlavəsində qeyd olunub ki, kredit xətti müqavilənin sonunadək tam olaraq bağlanmalıdır, kredit xəttinin müddəti ən az 3 ay, ən çox 35 ay ola bilər. Lakin xx.xx.2023-cü il tarixdə səhhətində yaranan problemə görə götürdüyü krediti bank əməkdaşı tərəfindən müqavilənin sonunadək deyil, 3 ay müddətə verilmiş və vaxtından əvvəl, yəni 3 gün qalmış çıxarılmasına görə əlavə 1076 manat hesabından silinmişdir. Krediti əmanət müqaviləsinin sonunadək götürmək istədiyini vurğulamışdır. Lakin müqavilə hazırlananda müddət sonuna 3 ay 3 gün qalsa da, ona 3 günə görə heç bir problem yaratmayacaqlarını bildirmişdilər. Yenə də filialın direktoruna məsələni bildirməsini və ehtiyac varsa, müqaviləni 3 gün sonra imzalamasını təklif etmiş, direktor isə heç bir problemin olmayacağını qeyd etmişdir. Lakin heç bir problemin olmayacağını desələr də, xx.xx.2023-cü il tarixdən əmanətin 3 gün əvvəl çıxarılmasına görə hesabından 1076 manat silinmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli Bank əmanəti şəhadətnaməsinin surətindən görünür ki, 27000 manat məbləğində vəsait xx.xx.2020-ci il tarixdə əmanətçi İddiaçı tərəfindən Cavabdeh ASC-yə əmanət qoyulmuşdur. xx.xx.2020-ci il tarixli, 42020-68597 nömrəli X2nə əsasən “Əmanətçi” tərəfindən “Bank”a 36 ay müddətinə, əmanət üçün illik 10% ödənilməsi şərtilə 27000 manat məbləğində əmanət qoyulur. xx.xx.2020-ci il tarixli Bank hesabı müqaviləsinə əsasən “Bank” “Müştəri”yə bank hesabı açmağı, açılmış hesaba pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesab üzrə əməliyyatların aparılmasına dair “Müştəri”nin sərəncamlarını yerinə yetirməyi, “Müştəri” isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. MK/78614/91/1 saylı Kredit müqaviləsinə əlavədə Ödəniş cədvəlindən görünür ki, ödənilməli cəmi məbləğ 10831,81 manat, əsas borc 10600 manat, faizlər 231,81 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, MK/78614/91/1 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən “Kredit alan”a 3 ay müddətinə, illik 13% ödənilməsi şərtilə 10600 manat məbləğində kredit verilir. Bu müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlər “Kredit alan” tərəfindən “Bank”ın hesabına nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. xx.xx.2023-cü il tarixli, GR-AZN-MK/78614/91/1-2023 saylı Pul vəsaitinin girovu müqaviləsinə əsasən girov predmeti Cavabdeh ASC-də açılmış 3861000DN685974A76 saylı əmanət hesabında olan 15142,86 manat məbləğində pul vəsaitləridir. Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Həmin müqavilənin 7.1.2-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli, 42020-68507 saylı “Əmanət müqaviləsi” üzrə əmanət məbləğinə hesablanmış faizlərin əmanətçiyə aylıq hesablanması və ödənilməsi nəzərdə tutulduqda, həmin faizlərin ödənilməsi müddətində “Kredit alan”ın bu müqavilənin 4.1-ci yarımbəndində göstərilən “Kredit müqaviləsi” üzrə hesablanmış, lakin ödənilməmiş faiz borcu olduqda, bu müqavilə çərçivəsində qeyd olunan borc “Bank” tərəfindən birtərəfli qaydada əmanət məbləğinə hesablanmış faizlər hesabına avtomatik qaydada tutulur. İddiaçı məxsus AZ18JBBK**********1685974A76 saylı hesabdan görünür ki, xx.xx.2023-cü il tarixdə depozitin vaxtından əvvəl çıxarılmasına görə hesablanmış faizlərin yenidən hesablanması ilə əlaqədar 1076,55 manat məbləğində vəsait silinmişdir. xx.xx.2023-cü il tarixli, 312MB saylı Cavabdehnun məktubundan görünür ki, bankın müştərisi İddiaçı müraciəti əsasında onunla bank arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 42020-68597 saylı “X2”nə əsasən illik faiz dərəcəsi 10 faiz olmaqla, 36 ay müddətinə, 27000 manat məbləğində Cavabdeh ASC-də əmanət müqaviləsi imzalanmışdır. Həmin əmanət müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli, GR-AZN-MK/78614/91/1-2023 saylı pul vəsaitinin girovu və MK/78614/91/1 saylı müqavilələrinə əsasən kredit rəsmilədirilmişdir. Müştəri təklif edilən şərtlərlə razılaşmış və imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən CavabdehSC-nin Rəhbərliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, əmanətin vaxtından əvvəl (3 gün) çıxarılmasına görə tutulmuş 1100 manat vəsaitin geri qaytarılmasına dəstək olmalarını, müqavilənin yenidən 36 ay müddətinə uzatmaq istədiyini bildirmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayeva və xx.xx.2023-cü il tarixdə AR Mərkəzi Bankının sədri Taleh Kazımova ünvanlanmış şikayətlərdən görünür ki, o, kredit borcunun və faizlərinin xx.xx.2023-cü ildə hesabından vaxtından (3 gün) əvvəl çıxarılmasına görə əlavə 1076 manat silinməsi probleminin araşdırılmasını və hesabdan silinən 1076 manat məbləğin geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. X1 tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Cavabdeh güzəştli kredit müqaviləsinin ümumi kredit müqaviləsindən fərqini müəyyən etmək üçün bankdan güzəştli kredit müqaviləsinin nümunəsinin alınmasında və imzaladığı kredit müqaviləsi ilə qarşılaşdırıb problemin nədən irəli gəldiyini aydınlaşdırılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı xx.xx.2020ci il tarixdə Cavabdeh X2nə əsasən 36 ay müddətinə, əmanət üçün illik 10% ödənilməsi şərtilə 27000 manat məbləğində əmanət qoymuşdur. Daha sonra iddiaçı Kredit müqaviləsinə əsasən “Cavabdeh 3 ay müddətinə, illik 13% ödənilməsi şərtilə 10600 manat məbləğində kredit götürmüşdür. Götürülmüş kredit məbləğinin müddət bitənədək ödənilməməsi ilə əlaqədar borc məbləği əmanətçinin banka qoyduğu vəsaitdən silinmiş və əmanətin müəyyən olunmuş müddətdən əvvəl götürülməsi ilə əlaqədar hesabından 1076 manat məbləğ çıxılmışdır. İddiaçı bankın öz işini lazımınca icra etməməsi və kredit müqaviləsini düzgün tərtib etməməsi nəticəsidə ona 1076 manat ziyan dəydiyini əsas götürərək, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 527-ci maddəsinin tələblərinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı maddi ziyanın ödənilməsi ilə bağlı tələbi rədd edilməlidir. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-yə 3 illik müddətə 27000 manat məbləğdə əmanət qoymuş, xx.xx.2023-cü il tarixdə Cavabdeh 3 ay müddətinə 10600 manat məbləğində kredit götürmüşdür. Bank tərəfindən kreditin ödənilməsi üçün möhlət verilmiş 3 aylıq müddətin bitməsinə baxmayaraq, o, borcunu ödəməmişdir. Kredit borcunun vaxtında ödənməməsi səbəbi ilə tutma iddiaçının Cavabdeh ASC-də olan əmanətinə yönəlmişdir. Banka qoyulmuş əmanətin götürülməsi üçün hələ 3 gün müddət qaldığından əlavə 1076 manat məbləğində vəsait onun hesabından silinmişdir. İddiaçı isə kredit məbləğinin banka qoyulmuş əmanətdən silinməsinə razılıq vermədiyini bildirərək, bank tərəfindən ona vurulmuş 1076 manat məbləğində maddi zərərin bankın təqsiri səbəbi ilə baş verdiyini və həmin məbləğin ona qaytarılmalı olduğunu hesab edir. Lakin iddiaçının tələbinin əsası kimi çıxış edən razılığın olmaması faktoru həqiqəti əks etdirmir. Belə ki, fiziki və hüquqi şəxslər hüquq və vəzifələrini özləri müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdeh ASC və İddiaçı da öz mənafelərini gerçəkləşdirmək üçün bu qaydaya müvafiq müqavilələr bağlamışlar. Bu müqavilələr sırasına daxil olan xx.xx.2023-cü il tarixli, MK/78614/91/1 saylı Kredit müqaviləsinin 3.1-ci maddəsində müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlərin “Kredit alan” tərəfindən “Bank”ın hesabına nağd və ya köçürmə yolu ilə kredit müddətində tamami ilə qaytarılması, xx.xx.2023-cü il tarixli, GR-AZN-MK/78614/91/1-2023 saylı Pul vəsaitinin girovu müqaviləsinin 7.1.2-ci maddəsində isə xx.xx.2020-ci il tarixli, 42020-68507 saylı “Əmanət müqaviləsi” üzrə əmanət məbləğinə hesablanmış faizlərin əmanətçiyə aylıq hesablanması və ödənilməsi nəzərdə tutulduqda, həmin faizlərin ödənilməsi müddətində “Kredit alan”ın bu müqavilənin 4.1-ci yarımbəndində göstərilən “Kredit müqaviləsi” üzrə hesablanmış, lakin ödənilməmiş faiz borcu olduqda, bu müqavilə çərçivəsində qeyd olunan borcun “Bank” tərəfindən birtərəfli qaydada əmanət məbləğinə hesablanmış faizlər hesabına avtomatik qaydada tutulması müddəaları öz əksini tapmışdır. Bu müddəalardan görünür ki, tərəflər arasında bağlanmış müqavilələrdə bank tərəfindən verilmiş tam kredit məbləğinin və ona hesablanmış fazilərin kredit müddətinin bitmə tarixinə kimi ödənilmədikdə əmanətçinin aksepti olmadan əmanət məbləğinə hesablanmış faizlərdən avtomatik tutulması ilə bağlı şərt nəzərdə tutulmuşdur və iddiaçı müqaviləni imzalamaqla, bu şərti qəbul etdiyini bəyan etmişdir. Bu səbəbdən iddiaçı tərəfindən kredit məbləğinin vaxtında ödənilməməsinə görə banka qoyduğu əmanətdən vəsaitin silinməsində bankın qanunazidd heç bir əməli (hərəkət və hərəkətsizliyi yoxdur). İddiaçı əmanətə tutma yönəltməyə razı olmadığıyla bağlı şifahi iradəsini ifadə etsə də, yuxarıda adıçəkilmiş müqavilədə bunula əlaqədar yazılı surətdə razılıq ifadəsini göstərmişdir. Bu məqamda iki, yəni şifahi və yazılı iradə ifadələri bir-birinə ziddiyyət təşkil edir. Müqavilənin imzalanması ilə göstərilən yazıl iradə ifadəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən amil olduğundan şifahi iradə burada öz əhəmiyyətini itirmiş olur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar