Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2167/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2010ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər uşaq üçün hər ay 250 manat olmaqla, cəmi hər ay 500 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu ildə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur. xx.xx.2019-cu il tarixdə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə nikah pozulmuşdur. Məhkəmə nikah pozulandan sonra xx.xx.2010-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 onun yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa hər ay 160 manat olmaqla, hər ay 320 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2010-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa hər ay 193 manat olmaqla, hər ay 386 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. Hazırda uşaqları orta məktəbdə təhsil alırlar və məsrəfləri xeyli artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu dəyişdirilmiş və artırılmışdır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə təkbaşına özü çəkir. Onların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. İddiaçı məhkəmə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, maddi vəziyyəti çətindir, hazırda təyin edilmiş alimentin ödənilməsində çətinlik çəkir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İV seriyalı, 280997 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-ci il təvəllüdlü X5 doğulmuşdur; AZ-İV seriyalı, 351650 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur; Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra aravada “Zəfərli” soyadı verilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-2921/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2010-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Nərimanov Rayon Məhkəməsinin 2(005)-3505/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2010-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat aliment pulu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahda olmaları, onların bu nikahdan iki övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşaqların iddiaçının yanında saxlanılmasını və uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, xx.xx.2010-ci il təvəllüdlü X2 və 03 04.2016-cı il təvəllüdlü X4 İddiaçı ilə Cavabdeh övladlarıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2921/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-ci il təvəllüdlü X5 və 03 04.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə qeyd edir ki, cavabdehin hazırda ödədiyi aliment uşaqların saxlanılmasına kifayət etmir. İddiaçının əldə edə biləcəyi pul vəsaiti isə (işləyərək əmək haqqı alması, yaxud valideynlərinin maddi köməkliyi və s.) uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşaqların saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq qeyd olunmalıdır ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının alimentin hər ay hər uşaq üçün 250 manat məbləğində müəyyən edilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən, həmçinin cavabdehin alimenti uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan artıq məbləğdə ödəmək imkanına malik olmasını sübuta yetirmədiyindən iddia qismən təmin edilməlidir. Həmçinin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutulması barədə tələbinin tam şəkildə təmin edilməsi cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2921/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2010-ci il təvəllüdlü X2 və 03 04.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zəfərli (Əzizova) İlahə Zəfər qızına ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməsin. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2921/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-ci il təvəllüdlü X2 və 03 04.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh iddiaçı Zəfərli (Əzizova) İlahə Zəfər qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2010-ci il təvəllüdlü X2 və 03 04.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Zəfərli (Əzizova) İlahə Zəfər qızına ödənilsin. Dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2167/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2167/2023
31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver