Məhkəmə qərarları › İş №2(005)-2172/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2172/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2172/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənişlərin qəbul edilmiş sayılması, icra qeydinin icra edilməməli hesab olunması və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən FR/86301/69/10 nömrəli 20.06.2019-cu il tarixli "Güşətli kredit müqaviləsinin” 1 nömrəli əlavəsindəki ödəniş cədvəlinə əsasən iddiaçı tərəfindən edilmiş ödənişlərin qəbul edilmiş sayılması, bununla da gecikdirilmiş heç bir borcun olmaması nəzərə alınaraq 21.10.2020-ci tarixli icra qeydinin icra edilməməli hesab olunmasına və 1640,09 manat məbləğin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının və həmin Fərmanın icrası məqsədilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasına dair müvafiq tələblərini təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh ASC-nin Nəsimi Filialı arasında 20 iyun 2019-cu ildə əsas kredit borcunun restrukturizasiyası üzrə “Güzəştli kredit müqaviləsi” bağlanmışdır. Həmin fərmana əsasən iddiaçıya 2046,52 manat kompensasiya hesablanmış, həmin məbləğin əsas kredit borcuma yönəldilməsindən qalıq borcu 1620,31 manat qalmışdır. Bu Müqaviləyə əsasən Bankın restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla 5 (beş) il müddətinə, illik 1% dərəcəsi ilə 1653,23 manat məbləğində kredit verdiyi qeyd olunmuşdur. Həmin Müqavilənin ödəniş qrafiki də tərtib olunaraq təsdiq olunmuşdur. Həmin ödəniş qrafikinə əsasən iddiaçı 20.07.2019-cu il tarixindən etibarən hər ay 2 manata yaxın yalnız faiz borcunu ödəməli idi. 20.07.2020-ci il tarixindən etibarən isə ayda 35.15 manat banka ödəniş etməli idi. İddiaçı ödənişləri vaxtlıvaxtında banka ödəmişdir. Həmişə ödənişlərlə bağlı bank iddiaçı arasında əlaqə saxlamışdır. Gecikdirilmə olduqda bu barədə iddiaçıya dərhal məlumat verilmişdir. İddiaçı da həmişə arxayın olmuşdur ki, yubanma olanda bank məlumat verəcək. iddiaçının iyul ayında yubanmama səbəb ödəniş terminalında borcunun göstərilməməsi olmuşdur. Ödəniş qrafikində olan gecikmə ilə bağlı bank tərəfindən iddiaçıya heç bir xəbərdarlıq olunmamışdır. Əsas borc üzrə ödəniş etməyə başladıqda 2 ayı birdən ödəniş edib ödəmişdir. İndiyə kimi də ödəniş qrafiki üzrə aylıq ödənişlərini davam etdirir. Faktiki olaraq ödəniş qrafiki üzrə iddiaçının banka cari heç bir borcu yoxdur. İddiaçının əsas borc üzrə ödənişləri aşağıdakı tarixdə olan ödəniş qəbzləri də göstərir: 13.10.2020-ci il tarixdə 36 azn; 04.11.2020-ci il tarixdə 80 azn və 18.11.2020-ci il tarixdə 43 azn: 01.12.2020-ci il tarixdə 34 azn və 17.12.2020-ci il tarixdə 36 azn; 23.01.2021-ci il tarixdə 31 azn; 18.02.2021 -ci il tarixdə 35 azn. Mart ayının 3-də telefonuna gələn sms ilə barəsində Qazax İcra və Probasiya şöbəsində icra işinin açıldığını öyrənmişdir. Həmin icra şöbəsinə notariusun icra qeydinin daxil olduğu bildirilmişdir. Cavabdeh bank karantinin qaydalarının sərtləşdirildiyi bir dövrdə 1-2 ay gecikmə halında dərhal iddiaçıya heç bir xəbərdarlıq etmədən onun barəsində icra qeydinin verilməsinin bağlı notariusa müraciət etmişdir. Qazax rayonu notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 21.10.2020-ci il tarixli icra qeydinə əsasən Cavabdeh ASC-nin xeyrinə iddiaçıdan FR/86301/69/10 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1620,09 manat və 20 manat dövlət rüsumu, cəmi 1640,09 manat məbləğində pul tutulması qeyd olunmuşdur. İddiaçı elə təkcə icra qeydinin verildiyi ayda, sonrakı ayda ödənişləri etmişdir. Faktiki olaraq banka borcu olmamışdır. Belə olan halda icra qeydinin verilməsi üçün əsaslar olmamışdır. İddiaçıya bank tərəfindən heç bir xəbərdarlıq olunmamışdır. Ayda 250 azn pensiya alır, sağlamlıq vəziyyəti çox ağırdır, bir neçə xroniki xəstəlikdən əziyyət çəkir, hal-hazırda müalicə alır, müalicə dərmanları da xeyli xərc tələb edir. İcra şöbəsindən onun pensiyasının 50%-nə tutma yönəldilməsi iddiaçıya bildirilir. İddiaçı bütün göstərilənlərə əsasən hesab edir ki, hal-hazırda cavabdeh banka 1640,09 manat borcu yoxdur, aralarında bağlanmış müqavilənin heç bir bəndində iddiaçıya xəbərdarlıq olunmadan icra qeydinin verilməsi ilə bağlı müddəa yoxdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək, iddianı qəbul etmədi və əlavə olaraq iddiaçının müqaviləyə uyğun vaxtda və qaydada ödənişləri edəcəyi halda Qazax İcra və Probasiya şöbəsinə müraciət edərək tərəflər arasında qarşılıqlı razılıq olması səbəbindən icra sənədinin qaytarılmasının xahiş edəcəklərini bildirmişdir. İddiaçı etiraz etmədi. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Bekə ki iş materiallarında olan 20 iyun 2019-cu il tarixli, FR/86301/69/10 nömrəli Güzəştli kredit müqaviləsindən görünür ki, bu müqavilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının və həmin Fərmanın icrası məqsədilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasına dair müvafiq tələblərini təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh ASC-nin Nəsimi Filialı arasında bağlanmışdır.Bu müqaviləyə görə bank Kredit alana restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1 fazi dərəcəsi ilə 1653.23 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 13.05.2019-cu il tarixli Problemli kreditlərin kompensasiyasından bir daha görünür ki, kredit borcu restrukturizasiya olunaraq cəmi 2046.52 manat hesablanmış kompensasiya məbləği olmaqla restrukturizasiyanın məbləği 1653.24 manat təşkil edir. İş materiallarında olan restrukturizasiya barədə razılaşmaya 1 saylı əlavədən (ödəniş cədvəli) görünür ki,aylıq ödəniş məbləği 35.15 manat,son ay üçün isı 35.29 manat müəyyən edilmişdir. İş materiallarında olan 21 oktyabr 2020-ci il tarixli icra qeydindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1640.09 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh İddiaçı hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, cavabdehə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən gətirdiyi dəlillər icra qeydinin icra edilməməli hesab olunması üçün üçün əsas ola bilməz. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı borcun ödənilməsini təsdiq edən sübutlar da təqdim etmədi. Ərizəçinin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənişlərin qəbul edilmiş sayılması, icra qeydinin icra edilməməli hesab olunması və borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar