Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2174/2022 29.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "Kredit Evi” QSC-yə qarşı “girov predmetinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "Kredit Evi” QSC-yə qarşı “girov predmetinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nə olan borcunu ödəyərək girov qoyulmuş predmetlərin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 fevral 2022-ci il tarixdə Cavabdeh QSC ilə aralarında “çərçivə kredit və girov müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh tərəfindən ona illik 45 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 3985.00 AZN (üç min doqquz yüz səksən beş manat 00 qəpik) manat məbləğində kredit ayrılmış, müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün ona məxsus qızıl-zinyət əşyaları girov qoyulmuşdur. Müqavilənin 8.1-ci bəndinə uyğun olaraq girov predmetlərinin dəyəri 3798,04 (üç min yeddi yüz doxsan şəkkiz, manat 04 qəpik) AZN məbləğində müəyyən olunmuşdur. Çərçivə kredit və girov müqaviləsinə 1 saylı əlavəyə əsasən aylıq ödənişləri 309.30 AZN təşkil edir. Qeyd edir ki, ödənişlərində müəyyən gecikmələri olmuşdur. Lakin cavabdeh tərəf müqavilənin şərtlərinə əməl etmədən ona xəbərdarlıq məktubu ünvanlamışdır. Xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, çərçivə kredit və girov müqaviləsi üzrə götürdüyü kreditin geri ödənişində xx.xx.2022-ci il tarixdən etibarən problem yaranmış və artıq 29 günlük gecikməyi ilə kredit üzrə 353.50 AZN vaxtı keçmiş borcu mövcuddur. Eyni zamanda xəbərdarlıq məktubuna əsasən ondan 4 313.13 AZN (dörd min üç yüz on üç manat 13 qəpik) məbləğində cəmi kredit borcunun 12 aprel 2022-ci il tarixə qədər ödənilməsi tələb edilmişdir. Xəbərdarlıq məktubunu rəsmi qaydada 15 aprel 2022-ci il tarixdə almışdır. Həmçinin qeyd edir ki, o, xəbərdarlıq məktubunu rəsmi qaydada alana kimi 15 aprel 2022-ci il tarixdə səhər saatlarında 350 manat məbləğində borcundan ödəniş etmişdir. Elə həmin günü də cavabdeh tərəfə müraciət edərək borcunu ödəyərək girov qoyulmuş qızıl-zinyət əşyalarını geri istəmişdir. Lakin ona bildirilmişdir ki, girov qoyulmuş predmetlər artıq satılmışdır. Həmçinin əlavə olaraq ödəniş də etməlidir. Halbuki, aralarında “çərçivə kredit və girov müqaviləsi” bağlanmış və həmin müqaviləyə imza atmaqla öz üzərlərinə öhdəlik götürmüşlər. Lakin cavabdeh tərəf müqavilənin şərtlərinə əməl etməmişdir. Belə ki, “Çərçivə kredit və girov müqaviləsi” nin 5.7.3-cü maddəsinə əsasən borc verən borc alan tərəfindən kredit xətti üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi 30 gündən artıq müddətdə gecikdirildikdə kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini Borc alandan tələbedə bilər. Bundan əlavə həmin müqavilənin 5.8-ci maddəsinə əsasən borc verənin bu Müqavilənin 5.7-ci bəndində göstərilən hüququndan istifadəsi zamanı həmin bənddə nəzərdə tutulmuş halların baş verməsi və ya mövcudluğu müəyyən edildikdən sonra Borc verən Borc alana kredit xəttinin vaxtından əvvəl qaytarılması və həmin bənddə müəyyən edilmiş müddətədək hesablanmış faizlərin ödənilməsi barədə yazılı bildiriş göndərir və Borc alan bu bildirişin xəbərnaməsinin Borc verənə çatması tarixindən 7 yeddi təqvim günü müddətində tələb olunan məbləğləri Borc verənə ödəməlidir. Qeyd edir ki, ona ünvanlanmış xəbərdarlıq məktubundan 29 gün gecikməsi olduğu qeyd edilmişdir. Digər tərəfdən də sözü gedən xəbərdarlıq məktubunu 15 aprel 2022-ci il tarixdə poçt vasitəsilə almışdır. Alan kimi isə dərhal kredit evinə yaxınlaşmışdır. Borcu ödəyib qızıl-zinyət əşyalarını götürmək istədiyini bildirmişdir. Lakin ona bildirilmişdir ki, qızıllar artıq satılmışdır, əlavə olaraq borc ödəməlidir. Yəni müqavilə birtəfəli qaydada artıq ləğv edilmişdir. Hal-hazırda borcunu ödəməyə hazırdır. Sadəcə olaraq girov qoyulmuş qızıl-zinyət əşyalarını geri istəyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "Kredit Evi” QSC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və yazılı etiraz verərək bildirmişdir ki, Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SM0131794-2022 saylı “Çərçivə kredit və girov müqaviləsinə əsasən iddiaçıya 18 ay müddətinə ödənilmək şərti ilə 3,985.00 (üç min doqquz yuz səksən beş) manat məbləğində kredit verilmiş və müqavilənin 1 saylı əlavəsi qismində odənış cədvəli təqdim edilmişdir. Qeyd olunan müqavilənin təminatı qismində spesifikasiyası müqavilənin 2 saylı əlavəsi olan girov biletində əks olunan iddiaçıya məxsus umumı dəyəri 3 798 04 (üç min yeddi yüz doxsan səkkiz manat, 04 qəpik) manat qızıl-zinyət əşyaları Cavabdeh QSC-nin xeyrinə girov qoyulmuş və Cavabdeh QSC-nin saxlancına verilmişdir. Bununla bağlı iddiaçı xx.xx.2022-ci il tarixli təqdim etdiyi razılıq ərizəsində öz iradəsini əks etdirmiş və həmin razılıq ərizəsi ilə kredit üzrə öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada icra etmədiyi təqdirdə özünün iştirakı olmadan girov predmetlərinin məhkəmədən kənar və hərrac təşkil etmədən satılmasını və borcuna yönəldilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı Çərçivə kredit və girov müqaviləsi üzrə götürdüyü öhdəliklərim icra etməmiş və Cavabdeh QSC tərəfindən xx.xx.2022-ci il tarixində iddiaçıya xəbərdarlıq məktubu ünvanlamışdır. Bununla iddiaçıya müqavilədən irəli gələrək kreditin vaxtından əvvəl tələb edildiyi bildirilmiş və öhdəliklərini tam şəkildə icra etməsi üçün əlavə 4 gün (xx.xx.2020-ci il tarixinədək) vaxt verilmişdir. Bununla bağlı iddiaçı öz iddia ərizəsində xəbərdarlıq məktubuna və müqaviləyə istinad edərək gecikməsinin 30 gün yox 29 gün olmasına istinad etmiş və vaxtından əvvəl tələb edilmənin doğru olmadığını bildirmişdir. Qeyd edir ki, xəbərdarlıq məktubunda 29 gün texniki olaraq yanlış qeyd edilmişdir. Belə ki ödəniş cədvəlinə müvafiq olaraq, kredit üzrə müvafiq ödəniş tarixi xx.xx.2022-cı ıl tarixi qeyd edilmişdir. Xəbərdarlıq məktubunun isə tərtib edilmə tarixi xx.xx.2022-ci il tarixidir və tam olaraq 30 gün təqvim günü gözlənilmişdir. Bundan əlavə, xəbərdarlıq məktubu ilə iddiaçıya öhdəliyini tam icra etməsi üçün əlavə 4 gün də zaman verilmişdir ki, bu da hesaba alındıqda müqavilə tələbləri tam şəkildə gözlənilir. İddiaçı öz iddia ərizəsində xəbərdarlıq məktubunu aldıqdan sonra Cavabdeh QSC-yə yaxınlaşdığını və əlavə olaraq 350 manat ödəniş etdiyini və niyə bu ödənişin qəbul edildiyini bildirmişdi. Bu hissəyə münasibət bildirərək qeyd edirik ki, “Çərçivə kredit və girov müqaviləsindən də göründüyü kimi öhdəliyin təminatı qismində yerləşdirilən girov predmetlərinin dəyəri kreditin məbləğindən az olmuşdur və girov predmetlərinin satılmasından əldə olunan gəlir borcu tam bağlamamış və iddiaçı tərəfindən ödənilən 350 manat vəsait əlavə qalıq borcun ödənilməsinə yönəldilmişdir. Bütün sadalanan hallar, mülki dövriyyənin sabitliyinin təmin edilməsi, “Kredit Evi QSC-nin sahibkarlıq fəaliyyətinin ahənginin pozulmasının qarşısının alınması, iddiaçı tərəfindən təqdim edi ən razılıq ərizəsində onun razılığı və xahişi nəzərə alındıqda, iddia tələbinin əsassız və qanunsuz olması aşkar görünür. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Kredit Evi” QSC ilə İddiaçı arasında bağlanmış SM0131794-2022 saylı xx.xx.2022-ci il tarixli “çərçivə kredit və girov müqaviləsi”ə əsasən cavabdehə 18 ay müddətinə, illik 45% olmaqla 3985,00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan SM0131794-2022 saylı xx.xx.2022-ci il tarixli “çərçivə kredit və girov müqaviləsi”ə 1 №-li əlavədən görünür ki, cavabdeh İddiaçı hər ay 309,30 manat (sonuncu ay 309,69 manat) məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan SM0131794-2022 saylı xx.xx.2022-ci il tarixli “çərçivə kredit və girov müqaviləsi”ə 2 №-li əlavədən görünür ki, girov predmetinin ümumi dəyəri 3798,04 manat təşkil edir. Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "Kredit Evi” QSC ilə İddiaçı arasında SM0131794-2022 saylı xx.xx.2022-ci il tarixli “çərçivə kredit və girov müqaviləsi” bağlanmış müqaviləyə əsasən bank tərəfindən sonuncuya 18 ay müddətinə illik 45% olmaqla 3985,00 manat məbləğində kredit verilmişdir. Müqavilənin təminatı kimi dəyəri 3798,04 manat olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Hazırda İddiaçı bank tərəfindən girov predmeti olan qızılzinət əşyalarının geri qatarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, cavabdeh İbadov Eldəniz Əyyub oğlu kredit limiti müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Göstərilən halı iddiaçı özü də iddia ərizəsində etiraf etmişdir ki, cavabdeh tərəfə müqavilə üzrə borcu hazırda mövcuddur və öhdəliklərini gecikdirmişdir. Məhkəmə mülki işin hallarını təqdim edilmiş sübutlarla birlikdə nəzərdən keçirərək hesab edir ki, hazırkı mübahisənin predmeti olan çərçivə kredit müqaviləsi üzrə əsas öhdəlik tam icra edilmədiyindən qızılların qaytarılması da mümkünsüzdür. Belə ki, tərəflər arasında bağlanmış SM0131794-2022 saylı xx.xx.2022-ci il tarixli “çərçivə kredit və girov” müqaviləsinin 8.4-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklər tam icra edildikdən sonra girov predmeti 7 (istisna hallarda 14) iş günündən gec olmayaraq Girov qoyana qaytarılır. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə əsas kredit borcu tam ödənilmədiyindən hazırda cavabdehdən qızıl-zinət əşyalarının qaytarılmasını tələb etmək əsassızdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən İddiaçı cavabdeh "Kredit Evi” QSC-yə qarşı “girov predmetinin qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "Kredit Evi” QSC-yə qarşı “girov predmetinin qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2174/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2174/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver