Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2182/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Eldar oğlundan mənə vurmuş olduğu ziyanın əvəzi olaraq 62.000 (altmış iki min) manat məbləğində pulun, həmçinin ödədiyim 280 (iki yüz səksən) manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 62280(altmış iki min iki yüz səksən) manat məbləğində pulun tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən 3 saylı evin 7 saylı mənzilini həmin binanın komendantı kimi tanıdığı Cavabdeh Eldar oğluna etibar etmişdir. Onunla aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh sözügedən mənzili onun adından başqasına kirayəyə verməli idi. Lakin bir müddətdən sonra o həmin mənzilin kirayəyə verilmədiyini gördükdən sonra cavabdehi axtarmağa başladı. Ancaq heç cür onu tapa bilmədi və mənzilin bütün açarları cavabdehdə idi. Uzun müddət axtardıqdan sonra nəhayət ki, binadan, yəni onun əvvəlki otağından mənzilimin açarlarını tapa bilmişdir. Mənzilə daxil olduqda gördü ki, evinin bütün əşyaları cavabdeh tərəfindən özbaşına olaraq götürülmüş və evin təmirinə ciddi ziyan vurulmuşdur. Buna görə də cavabdehi yenidən daha ciddi şəkildə axtarmağa başlamiş və uzun axtarışdan sonra ona məlum oldu ki, cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-in 178.3.2, 46.2, 308.2, 313, 66.3, 66.4, 66.5, 178.3.2, 308.2-ei maddələri ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda da cavabdeh Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdədir. Bununla bağlı mənzilə dəymiş ziyanın və mənzilindən götürülmüş mebel və əşyaların qiymətini hesablatmaq məqsədilə tərəfimdən ekspertiza keçirilmişdir. Ekspertiza nəticəsində müəyyən edilmişdir ki, mənzilinə 8000 (səkkiz min) manat məbləğində ziyan vurulmuşdur. Həmçinin cavabdeh tərəfindən mənzilindən özbaşına olaraq götürülmüş mebel və əşyaların ümumi dəyəri isə 54.000 (əlli dörd min) manat müəyyən edilmişdir. Beləliklə də cavabdeh tərəfindən ona ümumilikdə 62.000 (altmış iki min) manat məbləğində maddi ziyan vurulmuşdur. Keçirilmiş qiymətləndirilmənin nəticəsinə dair tərtib edilmiş hesabatı da iddia ərizəsinə daxil edilmişdir. Həmçinin qeyd edilməlidir ki, vəkil tərəfindən cavabdehin yeri barədə Azərbaycan Respublikası Penitensiar Xidmətinə sorğu verilmiş və xx.xx.2022-ci il tarixli, 17/61964 saylı cavab məktubunda cavabdehin hazırda Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi göstərilmişdir. Hesab edilir ki, Cavabdeh Eldar oğlundan ona vurmuş olduğu ziyanın əvəzi olaraq 62.000 (altmış iki min) manat məbləğində pul, həmçinin ödədiyi 280 (iki yüz səksən) manat məbləğində dövlət rüsumu, ümumilikdə 62.280 (altmış iki min iki yüz səksən) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı bu iş barəsində onu cavabdeh kimi cəlb etməsi heç bir həqiqəti əks etdirmir. Belə ki, 2013-cü ilin sentyabr ayından başlayaraq 2017-ci ilə kimi İbrahimin evini kirayə verib və illik olaraq ona müəyyən bir kirayə pulu ödəyib. 4 il ərzində aralarında heç bir narazıçılıq olmayıb. 2017-ci ilin əvvəlində məlum hadisələr baş verdikdən sonra o məsuliyyətə cəlb edilib. İbrahimin bu işdən xəbəri olub hətta məhkəmədə şikayətçi qismində iştirak edib, lakin bu əşyalar dediyi obyektlərdən söhbət getmirdi, ona görə ki evində yaşayan var idi və evinin əşyaları tam olaraq yerində idi. Hətta məhkəmə zalında ona yaxınlaşıb salamlaşdı və evində yaşayanı çıxartdığını bildirdi. Məlum məsələlərə görə etdiyi əməlinə görə 15 il iş alıb, amma İbrahimin dediyi və iddia etdiyi kimi o iddiaçının əşyalarına toxunmayıb, toxuna da bilməzdi. Ona görə ki, İbrahim özü tez-tez evini ziyarət edib, baş çəkib yoxlayırdı, ikincisi əgər belə bir hal baş veribsə, xahiş edir, çox cüzi bir sübut olsa belə onu İbrahim təqdim etsin. Bəli evini ona etibar edib, kirayə verib amma o, iddiaçının əşyalarına toxunmamışdır. Xahiş edir ki, dəlil və sübut olmadığına görə bu iddia rədd edilsin. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, o iddiaçı ilə yaxın ailəvi dostdur və dəfələrlə evlərinə getmişdir. Hadisədən sonra o sözügedən evə getmiş və görmüşdür ki, heç bir əşya evdə yoxdur. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun dostudur. Onun evinin tam əşyalarla dolu olmuşdur və yaxınlarında iddiaçının evinə getmişdir və evdə həmin əşyalardan heç birinin olmadığının şahidi olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eyni zamanda şahid ifadələrini dinləyərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 09/20 nömrəli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş ziyan 8.000 AZN və mebel və əşyaların qiyməti 54.000 AZN məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə məhkəmədə müəyyən edilir ki, Cavabdeh Mirhüseyn oğlu ilə kirayə müqaviləsi bağlanmamışdır. İddiaçı iddia edir ki, kirayəyə verdiyi evdə olan əşyaların dəyəri 62.000 AZN təşkil edir. Hal-hazırda onun evində heç bir əşya yoxdur. İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinin əsassız olduğunu, sübuta yetirilə bilmədiyini qeyd edərək rədd edilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh MMC-nin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın və real zərərin nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni 62.000 manat məbləğində zərər dəydiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir hala dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X4 və X2 şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, şahidlər iddiaçı ilə yaxın münasibətlərdə olduğuna və mübahisənin öz yaxınının xeyrinə həll edilməsində maraqlı olduğuna görə onun ifadəsi maddi ziyanın vurulması kimi hallar müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Bu baxımdan məhkəmə onların ifadəsinə tənqidi yanaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh tərəfindən mülki hüquqi baxımdan təqsiri sübuta yetirilə bilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçı X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2182/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2182/2022
15.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver