Məhkəmə qərarları › İş №2(005)-2187/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2187/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2187/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8783.58 manat əsas borc, 20.39 manat faiz borcu və 6.53 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8810.5 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 15 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 17 faizlə 36 ay müddətinə 12.500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09 mart 2021-dək Cavabdeh banka 15 oktyabr 2019-cü il tarixli kredit müqaviləsi üzrə 8783.58 manat əsas borc, 20.39 manat faiz borcu və 6,53 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8810.5 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin müddəalarına uyğun çıxış edərək və iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 16.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1967-ci ildə Sabirabad rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Asan-2 tərəfindən verilmiş 12.12.2017-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1967-ci ildə Sabirabad rayonunda anadan olmuş və ünvan 1ünvanında qeydiyyatdadır. 15.10.2019-cu il tarixli №22-Y-3-0-1059-19 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kreditor borcalana 12.500 (on iki min beş yüz manat) AZN məbləğində kredit verir. Bu müqavilənin 2.2-ci bəndinə əsasən kredit borcalana istehlak məqsədilə verilir. Bu müqavilənin 2.3-cü bəndinə əsasən kredit 36 (otuz altı ay) ay müddətinə verilir. Bu müqavilənin 2.4-cü bəndinə əsasən kredit istifadəsinə görə borcalan kreditora illik 17 (on yeddi) faiz dərəcəsi ilə hesablanan məbləği ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 17 faiz təşkil edir. Bu müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirlən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. №22-Y-3-0-1059-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, ödəniş cədvəli üzrə Cavabdeh aylıq qrafk üzrə 445.66 (dörd yüz qırx beş manat 66 qəpik) manat məbləğində ödəniş öhdəliyini üzərinə götürmüşdür. 09.03.2021-ci il tarixə tərtib edilmiş maliyyə arayışıdan görünür ki, Cavabdeh 15.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə qalıq məbləğ 8783.58 (səkkiz min yeddi yüz səksən üç manat əlli səkkiz qəpik), faiz borcu üzrə qalıq məbləğ 20.39 (iyirmi manat otuz doqquz qəpik) manat, cərimə borcu üzrə qalıq məbləğ 6.53 (altı manat əlli üç qəpik) manat müəyyən edilmişdir. 15.10.2019-cu il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh 12.500 (on iki min beş yüz) manat məbləğində pul vəsaitini şəxsi imzası ilə təsdiq edərək qəbul etmişdir. Cavabdeh ünvanlanmış 05.02.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutlması üçün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklara yönəldilərək həmin əmlaklar satılacaqdır. Notariusun icra qeydi qaydasında notairat kontoruna və ya məhkəməyə müraciət olduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. 12.03.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkmədə iddia qaldrımaq üçün 30 (otuz) manat məbləğində rüsum ödəmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 15 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8783.58 manat əsas borc, 20.39 manat faiz borcu, 6.53 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8810.5 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 8783.58 manat əsas borc, 20.39 manat faiz borcu olmaqla, 6.53 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8810.5 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15 oktyabr 2019-cu il tarixli, 22-Y-3-0-1059-19 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 8783,58 (səkkiz min yeddi yüz səksən üç manat 58 qəpik) manat, faiz borcuna görə 20,39 manat (iyirmi manat 39 qəpik), cərimə borcuna görə 6,53 (altı manat 53 qəpik) manat olmaqla, cəmi 8810,5 (səkkiz min səkkiz yüz on manat 5 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar