Məhkəmə qərarları › İş №2(005)-219/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-219/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-219/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi İddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi X3, Cavabdeh3, Cavabdeh4 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı razılaşmaların ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" MMC xeyrinə 37 534.34 manat əsas borcu, 21 931.75 manat cari faiz borcu və 781.76 manat cari dəbbə borcu olmaqla, cəmi 60 247.85 manat kredit borcunun, tutma yönəldilməsinə dair bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 45 manat, məhkəmədə baxılması üçün ödənilmiş 271.40 manat dövlət rüsumunun alınması, tutmanın Cavabdeh4 məxsus olan ünvan 1 ünvanda yerləşən 29,5 kv.m ümumi sahədən ibarət olan 14 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 50 000 (əlli min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzilin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması və orada yaşayan Cavabdeh4 və Cavabdeh5 mənzildən istifadə hüquqlarına xitam verərək həmin mənzildən məcburi qaydada çıxarılmaları barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında 25 fevral 2019-cu il tarixdə 150000 (bir yüz əlli min) manat kredit verilməsinin mümkünlüyünü nəzərdə tutan BAKU1-31022-16108 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022- 16108/2 saylı razılaşmalarla illik 25 faizlə, 48 ay müddətinə ümumilikdə 40000 (qırx min) manat kredit verilmiş və kreditin aylıq 1335 (bir min üç yüz otuz beş) manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Bu müqavilələrdən irəli gələn kredit öhdəliklərinin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 məxsus olan Daşınmaz əmlakın dövlət reyestrində 2989 nömrəli reyestr kitabının 279089 nömrəli vərəqində qeydiyyata alınan ünvan 1 ünvanda yerləşən 29,5 kv.m ümumi sahədən ibarət olan 14 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı ipoteka müqaviləsi bağlanmış; eyni zamanda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 26 fevral 2019-cu il tarixli BAKU1-31022- 16108 + BAKU1-36377 saylı Zaminlik müqaviləsi imzalanmışdır. xx.xx.2021-ci il tarixli Sazişə əsasən verilmiş kreditin ödənilməmiş əsas borcun 39149.33 (otuz doqquz min bir yüz qırx doqquz manat otuz üç qəpik) manat təşkil edən hissəsinin qaytarılması müddəti illik 25 faizlə hesablanmaqla 18 ay uzadılmış və kreditin ödənilməmiş faiz borcunun 18985.22 (on səkkiz min doqquz yüz səksən beş manat iyirmi iki qəpik) manat təşkil edən hissəsinin qaytarılması müddəti xx.xx.2025-ci il tarixindən 15 ay uzadılaraq ümumi ödənilməmiş ayların sayı 63 (altmış üç) ay müəyyən edilmişdir. Kreditin qaytarılmasının son tarixi 21 yanvar 2027-ci il müəyyən olunmuşdur. Eyni zamanda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 26 oktyabr 2021-ci il tarixli BAKU1- 31022-16108+BAKU1-36377 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" BOKT MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 02 avqust 2022-ci il tarixədək verilmiş kredit üzrə 37534,34 manat əsas, 21931,75 manat faiz və 781,76 manat dəbbə pulu borcu olmaqla, cəmi 60247,85 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı “"xxxx" BOKT ASC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etmiş, lakin borcun daha ağlabatan müddətdə və həcmdə verilməsi üçün vaxta ehtiyac olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qismən qəbul etmiş, iddia tələbinin “tutmanın Cavabdeh4 məxsus olan ünvan 1 ünvanda yerləşən 29,5 kv.m ümumi sahədən ibarət olan 14 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 50 000 (əlli min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzilin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması və orada yaşayan Cavabdeh4 və Cavabdeh5 mənzildən istifadə hüquqlarına xitam verərək həmin mənzildən məcburi qaydada çıxarılmaları” hissəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış BAKU-31022-16108 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, həmin müqavilə üzrə kreditor tərəfindən borcluya illik 50% olmaqla 240 ay müddətinə qaytarmaq şərti ilə 150000 AZN məbləğində kreditin verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə kreditora qaytarmağı barədə öhdəlik götürmüşdür. Eyni zamanda ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan 14 nömrəli mənzili qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilmişdir; xx.xx.2019-cu il tarixli TBC KREDİT” BOKT ASC ilə Cavabdeh4 arasında bağlanmış BAKU1-31022-16108 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan 14 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ ARƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli RX ******* saylı Çıxarışla təsdiq edilmişdir. TBC KREDİT” BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı razılaşmalarla illik 25 faizlə, 48 ay müddətinə ümumilikdə 40000 (qırx min) manat kredit verilmiş və kreditin aylıq 1335 (bir min üç yüz otuz beş) manat olmaqla ödənilməsi müəyyən edilmişdir. TBC KREDİT” BOKT ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 26 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 + BAKU1-36377 saylı Zaminlik müqaviləsi imzalanmışdır. "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 02 avqust 2022-ci il tarixədək verilmiş kredit üzrə 37534,34 manat əsas, 21931,75 manat faiz və 781,76 manat dəbbə pulu borcu olmaqla, cəmi 60247,85 manat məbləğində borcu yaranmışdır; xx.xx.2022-ci il tarixli xəbərdarlığın məzmunundan görünür ki, 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı razılaşmalarına əsasən yaranmış borcun 10 iyul 2022-ci il tarixədək ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. "xxxx" BOKT ASC tərəfindən Cavabdeh4 ünvanlanmış xx.xx.2022-ci il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin surətinə əsasən cavabdehdən 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı razılaşmaları üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, Əks halda borcun tutulması və tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan 14 nömrəli mənzilə yönəldilməsi tələbi ilə məhkəmədə iddia qaldırılması barədə onlara xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" BOKT ASC-yə ünvanlandığı bildirişin qeydiyyata alınması barədə ərizəsinə cavab məktubuna əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan 14 nömrəli mənzilə dair tutmanın yönəldilməsi haqqında "xxxx" BOKT ASC-nin bildirişi qeydə alınmışdır; Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli, ƏEM/D 60-873/22 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən BAKU1- 31022-16108 saylı, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh4 məxsus ünvan 1, 14 saylı mənzilin (sahəsi 29,5 kv.m olan) 27 dekabr 2022-ci il üçün bazar dəyəri 71000 manat, likvid dəyəri 67500 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli № 9/6780 saylı ekspert rəyinə əsasən "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BAKU1-31022-16108/1, BAKU1-31022-16108/2 saylı kredit razılaşmalarının və xx.xx.2021-ci il tarixli sazişin şərtlərini nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2022-ci il tarixə banka olan əsas və faiz borcu 58716,13 məbləğində, xx.xx.2022-ci il tarixə banka olan əsas və faiz borcu 59.485,92 manat məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 36949,73, faiz borcu üzrə 21766,40 manat, eləcə də xx.xx.2022-ci il tarixə əsas borc üzrə 36949,73, faiz borcu üzrə 22536,19 manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" BOKT ASC məhkəmədə iddia qaldırmaq üçün 271,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında 25 fevral 2019-cu il tarixdə 150000 (bir yüz əlli min) manat kredit verilməsinin mümkünlüyünü nəzərdə tutan BAKU1-31022-16108 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022- 16108/2 saylı razılaşmalarla illik 25 faizlə, 48 ay müddətinə ümumilikdə 40000 (qırx min) manat kredit verilmiş və kreditin aylıq 1335 (bir min üç yüz otuz beş) manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Bu müqavilələrdən irəli gələn kredit öhdəliklərinin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 məxsus olan Daşınmaz əmlakın dövlət reyestrində 2989 nömrəli reyestr kitabının 279089 nömrəli vərəqində qeydiyyata alınan ünvan 1 ünvanda yerləşən 29,5 kv.m ümumi sahədən ibarət olan 14 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı ipoteka müqaviləsi bağlanmış; eyni zamanda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 26 fevral 2019-cu il tarixli BAKU1-31022- 16108 + BAKU1-36377 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Cavabdehlər qeyd edilən məbləğdə krediti qəbul etmiş, lakin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdeh . Cavabdeh1 02 avqust 2022-ci il tarixədək verilmiş kredit üzrə 37534,34 manat əsas, 21931,75 manat faiz və 781,76 manat dəbbə pulu borcu olmaqla, cəmi 60247,85 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. (xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən) İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə kredit müqaviləsinə əsasən ödənilməmiş borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyən edilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi üçün cavabdehdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-cü maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 ilə bağlanmış 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı Razılaşmalar ləğv edilməli, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlər hissəsində qismən təmin edilməli, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə kredit razılaşması üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehlərdən kredit müqaviləsinə əsasən, 15 dekabr 2022-ci il tarixinə ekspert rəyinə görə faiz borcu üzrə 22536,19 manat müəyyən olunsa da, məhkəmə iddia tələbindən kənara çıxmamaqla 21931,75 manat əsas borcun tutulmalı olması qənaətinə gəlir. Məhkəmə əsas borcun tutulması hissəsində ekspert rəyi möhtəbər sübut kimi qiymətləndirməklə 36949,73 manat həcmində cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 781,76 AZN dəbbə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişləri və yaranmış borcun məbləğini nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 70 AZN məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli TBC KREDİT” BOKT ASC ilə Cavabdeh4 arasında bağlanmış BAKU1- 31022-16108 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan 14 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən mənzil 50.000 manata qiymətləndirilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 271,40 (iki yüz yetmiş bir manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən 14 nömrəli, ümumi sahəsi 29,5 kv. Metrdən ibarət fərdi yaşayış evinin yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun dəyəri xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsində 58.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli, ƏEM/D 60-873/22 nömrəli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni likvid dəyər olaraq 67500 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair ekpert rəyi nəzərə alınmaq 67500 manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə iddia tələbinin "əmlakın boşaldılması " hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bi hissədə də təmin edilməli, Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan 14 nömrəli mənzilin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə iddia tələbinin "cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi" hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, "xxxx" MMC iddiaçı kimi bu tələblərlə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə qarşı mənzildən (ipoteka predmetindən) istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. Eyni zamanda, Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan (37534,34+21931,75+781,76) 60247,85 manatın 58951,48 (əlli səkkiz min doqquz yüz əlli bir manat qırx səkkiz qəpik) manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 271,40 (iki yüz yetmiş bir manat qırx qəpik) manat dövlət rüsumunun 266,90 (iki yüz altmış altı manat doxsan qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Habelə, məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq müvafiq olaraq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə bağlanmış 25 fevral 2019-cu il tarixli BAKU1-31022- 16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1- 31022-16108/1 və BAKU1-31022-16108/2 saylı Razılaşmalar ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25 fevral 2019-cu il tarixli BAKU1- 31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı Razılaşmalar üzrə 36949,73 (otuz altı min doqquz yüz qırx doqquz manat yetmiş üç qəpik) manat əsas borc, ona hesablanmış 21931,75 (iyirmi bir min doqquz yüz otuz bir manat yetmiş beş qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 70 manat məbləğində dəbbə pulu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 266,90 (iki yüz altmış altı manat doxsan qəpik) manat dövlət rüsumu "xxxx" BOKT ASC-nin xeyrinə tutulmalı, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan 14 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh4 qaytarılmalı, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan 14 nömrəli mənzilinin ilkin satış qiyməti 67.500 manat məbləğində müəyyən edilməli, cavabdeh X2 məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan 14 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı, iddia qalan hissədə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. "xxxx" BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 fevral 2019-cu il tarixli BAKU1- 31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı Razılaşmalar ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25 fevral 2019-cu il tarixli BAKU1-31022-16108 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli BAKU1-31022-16108/1 və BAKU1-31022-16108/2 saylı Razılaşmalar üzrə 36949,73 (otuz altı min doqquz yüz qırx doqquz manat yetmiş üç qəpik) manat əsas borc, ona hesablanmış 21931,75 (iyirmi bir min doqquz yüz otuz bir manat yetmiş beş qəpik) manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 70 (yetmiş) manat dəbbə pulu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 266,90 (iki yüz altmış altı manat doxsan qəpik) manat dövlət rüsumu "xxxx" BOKT ASC-nin xeyrinə tutulsun. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan 14 nömrəli mənzilə yönəldilsin. Həmin mənzil açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilsin. Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan 14 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İpoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan 14 nömrəli mənzilinin likvid satış qiyməti 67.500 (altmış yeddi min beş yüz) manat məbləğində müəyyən edilsin. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Keçirilmiş məhkəmə mühasibatlı ekspertizası xərci olaraq 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar