Məhkəmə qərarları › İş №2(005)-22/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-22/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-22/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1864 ABŞ dolları, faiz borcu üzrə 813 ABŞ dolları olmaqla cəmi 2677 (iki min altı yüz yetmiş yeddi dollar) ABŞ dolları məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kreditor öz ərizəsini onunla əsaslandırmışdır ki, kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditor İddiaçı ASC-nin “Xəzər” filialı ilə borclu Cavabdeh1 arasında 04.03.2015-ci il tarixidə İKM 01 № li kredit müqaviləsi bağlanmışdır və kreditor tərəfindən borcalana 18 ay müddətinə, illik 30% olmaqla 2000 (min) ABŞ dolları məbləğində kredit ayrılmışdır. Bununla yanaşı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh2 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürmüşdür. Lakin borclular üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmişdir. Hazırda borcluların kreditora əsas borc üzrə 1864 ABŞ dolları, faiz borcu üzrə 813 ABŞ dolları, cəmi 2677 ABŞ dolları gecikdirilmiş borcu yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6169/2016 saylı 14.07.2016-cı il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1955-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh1 və xx.xx.1954-cü il tarixdə Bərdə rayonunda anadan olan, ünvan 2 ünvanında qeydiyyatda olan borclu Cavabdeh2 müştərək qaydada ünvan 3 ünvanında yerləşən kreditor İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 1864 ABŞ dolları, faiz borcu üzrə 813 ABŞ dolları olmaqla cəmi 2677 ABŞ dolları məbləğində borc ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulması qərara alınmışdır. Borclu Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6169/2016 saylı 14.07.2016-cı il tarixli məhkəmə əmrinə etirazını təqdim edərək əmrin ləğv edilərək iddia icraatına keçilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onun Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən kredit götürməsi ilə bağlı heç bir marağı olmamışdır. Ona görə də Cavabdeh2 Cavabdeh1 götürdüyü kreditin ödənilməsi öhdəliyi yoxdur. Belə ki, Cavabdeh1 ona tələsik bir sənəd imza etdirib bankdan kredit götürdüyünü deyərək həmin kağızın nə olduğunu bilmədən və Cavabdeh1 tərəfindən ona bu barədə ətraflı məlumat verilmədən həmin kağızı aparmışdır. Sonradan Cavabdeh2 onun Cavabdeh1 götürdüyü kredit üçün zamin durduğu məlum olmuşdur. Lakin ona zaminliklə bağlı sənəd təqdim edilməyib və bununla bağlı öhdəlikləri izah edilməyib. Hesab edir ki, ona tələsik imza etdirilmiş və surətinin ona verilmədiyi hansısa müqaviləyə görə məsuliyyət daşımamalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 yanvar 2018-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6169/2016 saylı 14.07.2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və 2(005)-6169/2016 saylı mülki iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən iclasda iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 mart 2015-ci il tarixli İstehlak Kredit müqaviləsindən görünür ki, kreditor İddiaçı ASC-nin “Xəzər” filialı ilə borclu Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır və kreditor tərəfindən borcalana 18 ay müddətinə, illik 30% olmaqla 2000 (iki min) ABŞ dolları məbləğində kredit ayrılmışdır. İş materiallarında olan 04 mart 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 04 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh2 zamin qismində çıxış edərək borcalanın borcverənin qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 31.01.2019-cu il tarixli **********160 nömrəli arayışdan görünür ki, kreditor İddiaçı ASC-nin “Xəzər” filialı ilə borclu Cavabdeh1 arasında 04.03.2015-ci il tarixidə bağlanmış İKM 01 №li kredit müqaviləsinə əsasən Cavabdeh1 31.01.2019-cu il tarixinə banka olan əsas borcu 1864 ABŞ dolları, faiz borcu 911 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən 31.01.2019-cu il tarixə kimi 5%-lik borcu 218 ABŞ dolları təşkil edir. İş materiallarında olan 14 aprel 2016-cı il tarixli 542 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə öhdəliklərini 3 gün müddətində yerinə yetirmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəlləsinin 445.1, 445.2, 445.2.1-ci maddələrinin tələblərinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit və zaminlik müqavilələri ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdurlar. Buna görə də onlar, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit və zaminlik müqavilələri üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2015-ci il tarixli kredit müqaviləsi və Cavabdeh2 ilə bağlanmış 04 mart 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən əsas borc 1864 ABŞ dolları, faiz borcu 813 ABŞ dolları və 20 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 1864 ABŞ dolları, faiz borcu 813 ABŞ dolları, cəmi 2677 ABŞ dolları məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar