Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-22/2022 28.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş əsas zərərin naturada, digər hissələrdə isə kompensasiya şəklində ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “vurulmuş əsas zərərin naturada, digər hissələrdə isə kompensasiya şəklində ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 26 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qeyri-yaşayış binası-qarajın qanunsuz sökülməsi ilə bağlı ona vurulmuş zərərin əvəzinin naturada (yeni tikiləcək binanın 1-ci mərtəbəsində sökülmüş “qeyri-yaşayış binası-qaraj”la faktiki eyni ölçüdə və keyfiyyətdə əmlakın verilməsi); əldən çıxmış faydaya görə iddianın verildiyi tarixə qədər 6.000 (altı min) manat (500 (beş yüz) manat x 12 (on iki) ay) məbləğində zərərin; həmçinin, iddianın verildiyi tarixdən etibarən vurulmuş zərərin əvəzi naturada ödənilənədək (qeyri-yaşayış sahəsi tikilib təhvil verilənədək) keçəcək hər ay üçün əlavə olaraq 500 (beş yüz) manat məbləğində kompensasiyanın; söküntü zamanı qarajda olan qiymətli əşyalarının yoxa çıxması ilə bağlı vurulmuş 33.830 (otuz üç min səkkiz yüz otuz) manat məbləğində zərərin (Talan olunmuş əşya və avadanlıqların siyahısı: elektrik avadanlıqları-1 ədəd tənzimləyici (stablizator)-270 (iki yüz yetmiş) manat, 1 ədəd antena kabeli (100 metr)-150 (bir yüz əlli) manat, 3 ədəd 2,5 mm-lik kabel (hərəsi 100 metr) (3 x 120 (bir yüz iyirmi) manat)-360 (üç yüz altmış) manat, 2 ədəd 4 mm-lik kabel (hərəsi 100 metr) (2 x 120 (bir yüz iyirmi) manat)-240 (iki yüz qırx) manat, 5 ədəd HillFan markalı vintilyator (5 x 60 (altmış) manat)- 300 (üç yüz) manat, 3 ədəd suvaqüstü lampa (plafon) (3 x 70 (yetmiş) manat)-210 (iki yüz on) manat, 50 ədəd Osram markalı lampa (50 x 15 (on beş) manat)-750 (yeddi yüz əlli) manat, 50 ədəd Philips markalı spot (50 x 25 (iyirmi beş) manat)-1.250 (bir min iki yüz əlli) manat, 1 ədəd DeWalt markalı drel-530 (beş yüz otuz) manat; avtomobil avadanlıqları- Lexus markalı avtomobil üçün disk-təkər komplekti (4 ədəd)-2.000 (iki min) manat, Lexus markalı avtomobil üçün tüninq olunmuş ön fənərlər-1.300 (bir min üç yüz) manat, Lexus markalı avtomobil üçün sabbufer və audio sistem-1.700 (bir min yeddi yüz) manat, 1 ədəd akkumlyator (İtaliya istehsalı FİAMM 95 Ah)-270 (iki yüz yetmiş) manat; məişət əşyaları-1 ədəd əla vəziyyətdə “Bosch” markalı soyuducu-2.500 (iki min beş yüz) manat, 1 ədəd yaxşı vəziyyətdə Mitsubishi markalı kondisioner-2.300 (iki min üç yüz) manat, 1 ədəd yaxşı vəziyyətdə İtaliya istehsalı yataq mebeli dəsti-13.000 (on üç min) manat, 1 ədəd əla vəziyyətdə Türkiyə istehsalı stol/stul dəsti-1.700 (bir min yeddi yüz) manat. Siyahıda qeyd olunmayan bir çox xırda avadanlıqlar da var ki, onların da bir yerdə dəyərinin 5.000 (beş min) manat olduğu təxmin edilir və ümumilikdə talan olunmuş, yoxa çıxmış avadanlıqların dəyərini 33.830 (otuz üç min səkkiz yüz otuz) manat (28.830 (iyirmi səkkiz min səkkiz yüz otuz) manat+5.000 (beş min) manat) kimi qiymətləndirmişdir); 10.000 (on min) manat məbləğində mənəvi zərərin; məhkəmə məsrəflərinə, o cümlədən vəkil xidmətlərinə görə 2.010 (iki min on) manat, qiymətləndirmə şirkətindən verilmiş arayışa görə 100 (bir yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğin, ümumilikdə 51.910 (əlli bir min doqquz yüz on) manat məbləğində zərərin əvəzinin və iddianın verildiyi tarixdən etibarən qeyri-yaşayış sahəsi tikilib təhvil verilənədək keçən hər ay üçün 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılmasına dair ərizə ilə 17 fevral 2020ci il tarixdə məhkəməyə müraciət edərək, qeyri-yaşayış binası-qarajın qanunsuz sökülməsi ilə bağlı ona vurulmuş zərərin əvəzinin naturada (Cavabdeh tərəfindən tikintisi həyata keçirilən çoxmərtəbəli yaşayış kompleksinin Ə.Əliyev küçəsinə bitişik hissəsindəki qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindən həmin küçəyə çıxışı olmaq şərti ilə 50 kv.metr təmirli qeyri-yaşayış sahəsi); əsassız varlanmaya və əldən çıxmış faydaya görə iddianın verildiyi tarixə qədər 6.000 (altı min) manat (500 (beş yüz) manat x 12 ay) məbləğində zərərin; əlavə olaraq, iddianın verildiyi tarixdən etibarən qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinədək keçən hər ay üçün əlavə olaraq 500 (beş yüz) manat məbləğində kompensasiyanın; söküntü zamanı qarajda olan qiymətli əşyalarının talan olunması ilə bağlı vurulmuş 33.830 (otuz üç min səkkiz yüz otuz) manat məbləğində zərərin; 10.000 manat məbləğində mənəvi zərərin; məhkəmə məsrəflərinə, o cümlədən vəkil xidmətlərinə görə 2.010 (iki min on) manat, qiymətləndirmə şirkətindən verilmiş arayışa görə 100 (bir yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat olmaqla, ümumilikdə Cavabdeh tərəfindən tikintisi həyata keçirilən çoxmərtəbəli yaşayış kompleksinin Ə.Əliyev küçəsinə bitişik hissəsində tikilmiş qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindən həmin küçəyə çıxışı olmaq şərti ilə 50 kv.metr təmirli qeyri-yaşayış sahəsinin və 51.970 (əlli bir min doqquz yüz yetmiş) manat məbləğində zərərin, eləcə də iddianın verildiyi tarixdən etibarən qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinədək keçən hər ay üçün əlavə olaraq 500 (beş yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə 11 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Qeyri-yaşayış binası – Qarajın qanunsuz sökülməsi ilə bağlı iddiaçıya vurulmuş zərərin əvəzinin naturada, yəni Cavabdeh MMC tərəfindən tikintisi həyata keçirilən çoxmərtəbəli yaşayış kompleksinin Əliyar Əliyev küçəsinə bitişik hissəsindəki ikimərtəbəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindən həmin küçəyə birbaşa çıxışı və minimum 4 metr enində cəbhəsi (sökülən əmlakının girişinə uyğun olaraq) olan 50 kv.m təmirli qeyri-yaşayış sahəsinin verilməsi və ya hazırkı tariflərə uyğun olaraq dəyərinin ödənilməsi; 2) əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin sökülməsindən etibarən hazırkı vaxtadək (5 il üçün) 42.000 manat məbləğində vəsaitin; 3) söküntü zamanı obyektdə olan qiymətli əşyalarının talan olunması ilə bağlı vurulmuş 33.830 manat məbləğində vəsaitin; 4) məhkəmə məsrəflərinə, o cümlədən vəkil xidmətlərinə çəkilmiş xərcə görə 2.010 manat, qiymətləndirmə şirkətindən verilmiş arayışa görə 100 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin; 5) vurulmuş mənəvi zərərə görə 10.000 manat vəsaitin; 6)əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin qanunsuz sökülməsindən keçən 5 ildən sonrakı müddət üçün qətnamənin icrasınadak hər ay 1000 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Dəqiqləşmə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən qanunsuz olaraq sökülmüş, iddiaçıya məxsus qeyri-yaşayış binasının altında olan ümumi torpaq sahəsi texniki pasporta əsasən 20.4 kv.m təşkil edirdi. Başqa sözlə, qeyri-yaşayış binasının tutduğu torpaq sahəsi təbii olaraq obyektin texniki ölçülərindən 31% daha böyük idi (15.6 + 31% » 20.4). İşdə olan MKİS tərəfindən verilmiş arayışdan, eskiz layihədən və Sərəncamın ləğvi ilə əlaqədar iddia tələbinizlə bağlı inzibati iş üzrə məhkəmənin təyin etdiyi ekspert rəyindən isə görünür ki, sözügedən qeyri-yaşayış binasının (qarajın) faktiki sahəsi söküntü aparılmadan öncə 25.4 kv.m olmuşdur. Müvafiq olaraq həmin obyektin altında yerləşən ümumi torpaq sahəsi isə 25.4 + 31% » 33 kv.m təşkil edirdi. Cavabdeh isə hazırda qeyri-qanuni zəbt etdiyi həmin 33 kv.m torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsi tikmişdir. Başqa sözlə, Cavabdeh MMC üçün önəmli olan söküləcək obyekt yox, əslində onun altındakı faktiki ümumi torpaq sahəsidir. Mülkiyyətində olan qeyri-yaşayış binasını sökməklə cavabdeh şəxsi istifadəsində olan 33 kv.m torpaq sahəsini qanunsuz ələ keçirmişdir.Əlavə olaraq nəzərə alınmalıdır ki, həmin ərazidə söküntü və tikinti-quraşdırma işlərinin aparılmasının hüquqi əsası kimi, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı çıxış edir. Preambulaya əsasən, həmin Qərar sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin Qərarın 1.2-ci bəndinə əsasən, bu məqsədlə, tikinti şirkətləri tərəfindən “... söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması” nəzərdə tutulmuşdur. Göründüyü kimi, Qərarda fiziki şəxslərin yalnız mülkiyyətində deyil, habelə istifadəsində olan torpaq sahələrinin əvəzləşdirilməsi də müəyyənləşdirilmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Nəzərə alsaq ki, bu söküntü işləri dövlət ehtiyacları üçün alınan daşınmaz əmlak sayıla bilməz (ilkin iddia ərizəsində artıq buna aydınlıq gətirilmişdir), tamamilə kommersiya, varlanmaq məqsədi ilə həyata keçirilir, deməli əmlak sahibinin maraqları, tələbləri faiz dərəcəsində daha çox nəzərə alınmalıdır və yalnız onun razılığı ilə həyata keçirilə bilər. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndində mülkiyyət hüququnun mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olduğu təsbit edilmişdir. Göründüyü kimi, başqasının (cavabdehin) onun əmlakının dəyəri, neçə faiz əlavəsi ilə əvəzləşməli olduğu, nə qədər kirayə haqqı ödənəcəyi ilə bağlı sərəncam vermək, bir sözlə özünə sərf edəcək şəkildə mülkiyyət sahibinə dəyər diqtə etməsi yolverilməzdir. Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin Qərarının icrası istiqamətində tikintiquraşdırma işləri üzrə artıq bir neçə “pilot” layihələri işlənmiş və təhvil verilmişdir. Hər bir layihənin nəticəsi olaraq da layihənin əsas məqsədinə nail olmaq üçün analoji təcrübədə sakinlərin sahib olduqları, sökülmüş yaşayış və qeyri-yaşayış sahələri qarşılıqlı razılıq əsasında təxminən 40-70% əlavə olmaq şərti ilə müxtəlif faiz dərəcələrində daha geniş sahələrlə əvəzləşdirilmişdir. Deməli, iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə ona vurulmuş zərəri cavabdehin qanunsuz əldə etdiyi 33 kv.m torpaq sahəsinin qeyd edilən Fərmanın və Nazirlər Kabinetinin Qərarının tələblərinə və şəxsi əmlakı barədə müstəqil sərəncam vermək hüququna uyğun olaraq, əmlakının dövlət ehtiyacı olmadan, kommersiya məqsədi ilə əldə edildiyini də nəzərə alınaraq ortalama 50 faiz miqdarında ağlabatan dərəcədə artırmaqla (33 + 50% » 50), yəni 50 kv.m olaraq naturada tələb etməkdə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-315/2021 saylı Qərarı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin (qarajın) sökülməsinə aid hissədə ləğv edilmişdir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasını faktiki olaraq qanunsuz sökməklə əsassız varlanmışdır. Odur ki, qanunsuz söküntü zamanı hələ tikinti altı sahə nəzərə alınmadan obyektin faktiki ölçüsünün 25.4 kv.m olmasını və söküntü yerində ikimərtəbəli qeyriyaşayış sahəsinin tikilməsini (1-ci mərtəbə 25.4 kv.m + 2-ci mərtəbə 25.4 kv.m) nəzərə almaqla, iddiaçı tərəfindən 50 kv.m qeyri-yaşayış sahəsinin (əsassız varlanma nəticəsində əldə edilmiş) tələb edilməsi qanuni və əsaslıdır. Sizin Mənzil MMC-nin inzibati məhkəməyə verdiyi etirazda NK-nin məlum qərarına uyğun olaraq sakinlərə 300-500 AZN icarə haqqının verilməsi və mövcud sahədən minimum 20% artıq yeni sahələrinin verilməli olduğunu özü etiraf edib (aralarında bağladıqları Müqavilədə də bu öz əksini tapmışdır). Hətta Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il 98 nömrəli Sərəncamının 2.6-cı bəndində belə Sizin Mənzil MMC-yə sakinlərlə qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi təmin olunsun tapşırığı verilib. Məhkəməyə təqdim olunmuş, söküntüdən əvvəlki foto şəkillərdən də sübüt olunur ki, həmin ərazidəki qeyri-yaşayış sahələri maşınların təmiri ilə bağlı kommersiya obyektləri kimi fəalliyyət göstərməkdə idi. Onun qeyri-yaşayış sahəsinin yerində inşa olunmuş ikimərtəbəli qeyri-yaşayış sahəsi hazırda tam hazırdır və kimlərsə həmin yerdə eyni fəaliyyət növü üzrə "AvtoTəkər" adı altında kommersiya fəaliyyəti ilə məşğul olmaqdadır. Bu da o deməkdir ki, həmin ərazidə yerləşən qeyriyaşayış sahələri standart qaraj deyildilər və hətta 5 il bundan əvvəl də indiki fəaliyyət növünə uyğun olaraq, ölçülərinə və yoldan uzaqlıqlarına görə minimum 500 azn-dən başlayan aylıq icarə haqları ilə biznes obyektləri kimi fəaliyyət göstərirdilər. Bütün bu sadalalanları, həmin ərazidəki qeyri-yaşayış sahələrinin icarə haqlarını və əmlakım barədə müstəqil sənəncam vermək hüququmun olduğunu da nəzərə alaraq, ən minimumdan belə hesablasaq, əldən çıxmış faydanın (icarə haqqının) ilk il üçün aylıq 500 azn-dən, sonrakı illər üçünsə real inflyasiya da nəzərə alınmaqla və biznes qaydalarına uyğun olaraq ildə bir dəfə icarə haqqının artım hüququ da nəzərə alınmaqla, yəni hər il icarə haqqı məntiqlə 100 azn artmaqla, növbəti illərdə uyğun olaraq 600, 700, 800, 900, ... azn kimi hesablanmasını ağlabatan edir. Yəni iddiaçı qeyri-yaşayış obyekti naturada ona təhvil verilənə qədər 1-ci il üçün aylıq 500 azn məbləğində (12 x 500 = 6000 azn), 2-ci il üçün 600 azn (12 x 600 = 7200 azn), 3-cü il üçün 700 azn (12 x 700 = 8400 azn), 4-cü il üçün 800 azn (12 x 800 = 9600 azn), 5-ci il üçünsə 900 azn (12 x 900 = 10.800 azn) məbləğində kirayə haqqının əvəzi olaraq kompensasiya ödənilməsinə dair iddia tələbi irəli sürməkdə haqlıdır (təhvil verilmə gecikdiyi halda növbəti illərdə də hər ilə 100 azn kirayə haqqı qalxmaqla) Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qismən qəbul edərək sökülmüş qarajın əvəzinə yeni tikilən binada qaraj verilməsinə etirazlarının olmamasını, qalan hissələrdə iddianı qəbul etməməsini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Cavabdeh MMC-nə ünvanlandığı xx.xx.2018-ci il tarixli, xx/xx-03185№-li məktubun surətindən görünür ki, ünvan 1 ünvanda yaşayan bir qrup sakinin ünvan 2ə mülkiyyətlərində olan qarajların "Sizin Mənzil” MMC tərəfindən sökülüb dağıdılması və ərazidə söküntü və tikinti işlərinin icazə sənədlərinin olmadan aparılması tikinti ünvanda yaşayan Vüsal və İddiaçılar, Emil Novruzov, Afət Allahverdiyeva, Faık Əliyev, Eldar Quluyev, Əflan Məmmədov. Böyükxanım Əliyeva mülkiyyətlərində olan Ə. Əliyev küçəsi, 1956-cı məhəllədə yerləşən qarajlarının ərazisində Cavabdeh MMC tərəfindən söküntü işləri aparılarkən onlara məxsus olan qarajların sökülərək yararsız hala salınması barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladıqları müraciət mütəxəssisləri tərəfindən yerində araşdırılmışdır. Müəyyən edilmişdir ki, Nərimancv Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamı ilə rayonun Ə. Əliyev küçəsi, 22 ünvanda yerləşən ərazidə yeni çox mərtəbəli yaşayış binalarının tikintisi üçün 2.27 ha torpaq sahəsi “Sizin Mənzil" MMC-nin daimi istifadəyə verilmişdir. Həmin sərəncamın 2.6-cı bəndinə əsasən rayonun Ə. Əliyev küçəsi, 22 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış binalarının sökülməsindən əvvəl sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi " Sizin Mənzil” MMCnə həvalə edilmişdir. Lakin Sizin şirkət Şəhərsalma və Tikinti Məcəlləsinin, tikintiyə dair normativ sənədlərin və Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamının 2.6 və 3-cü bəndlərinin tələblərini pozaraq ərazdə yaşayan sakinlər tam köçürülmədən tikinti quraşdırma-işlərinə başlamışdır ki. bu da sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Odur ki, qeyd edilən ünvanda yaşayan sakinlərin köçürülməsi təmin edilsin və tikintisinə başlanılan çox mərtəbəli yaşayış binalarının tikinti layihəsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla razılaşdırılması cavabdehə tapşırılır. Əks təqdirdə cavabdehə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcəkdir. İşdə olan texniki pasportdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu 1956-cı məhəllə Əliyar Əliyev küçəsi 19 saylı bınanın arxasında sağdan 2 saylı sahəsi 204 kv. olan qaraj İddiaçı məxsusdur. İşdə olan Heba Consultinq MMC tərəfindən verilmiş Ç-057 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsi 1 kv.m torpaq sahəsinin orta hesabla hazırki real bazar dəyəri 1950 manat, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsi 1 kv.m qeyri-yaşayış sahəsinin orta hesabla hazırki real bazar dəyəri 3520 manat təşkil edir. Azərbaycan Respublika Ali Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(102)1312/2022 saylı qərardan görünür ki, qanunsuz əlverişsiz inzibati aktın nəticələrinin yaratdığı mənəvi zərərə görə cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən 2.000 manat tutularaq Nümayəndə, 1.000 manat İddiaçı ödənilməsi qərara alınmışdır. Məhkəmə ilk növbədə iddia tələblərinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; Mənzil Məcəlləsinin 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X4 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış və qeyriyaşayış binalarının sökülüb, yerində çoxmənzilli, hündürmərtəbəli yaşayış binalarının tikilməsi Cavabdeh MMC-nə həvalə edilmişdir. Eyni zamanda sərəncama əsasən tikinti işləri başa çatanadək qeyd edilən mənzillərin sahiblərinin hər ay kirayə haqlarının ödənilməklə başqa mənzillərə köçürülməsi, tikinti işləri başa çatdıqdan sonra tam təmirli mənzillərlə təmin olunması Cavabdeh MMC-nin üzərinə öhdəlik kimi qoyulmuşdur. İddiaçı Qeyri-yaşayış binası – Qarajın qanunsuz sökülməsi ilə bağlı ona vurulmuş zərərin əvəzinin naturada, yəni Cavabdeh MMC tərəfindən tikintisi həyata keçirilən çoxmərtəbəli yaşayış kompleksinin Əliyar Əliyev küçəsinə bitişik hissəsindəki ikimərtəbəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindən həmin küçəyə birbaşa çıxışı və minimum 4 metr enində cəbhəsi (sökülən əmlakımın girişinə uyğun olaraq) olan 50 kv.m təmirli qeyri-yaşayış sahəsinin verilməsi və ya hazırkı tariflərə uyğun olaraq dəyərinin ödənilməsi; 2) əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin sökülməsindən etibarən hazırkı vaxtadək (5 il üçün) 42.000 manat məbləğində vəsaitin; 3) söküntü zamanı obyektdə olan qiymətli əşyalarının talan olunması ilə bağlı vurulmuş 33.830 manat məbləğində vəsaitin; 4) məhkəmə məsrəflərinə, o cümlədən vəkil xidmətlərinə çəkilmiş xərcə görə 2.010 manat, qiymətləndirmə şirkətindən verilmiş arayışa görə 100 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin; 5) vurulmuş mənəvi zərərə görə 10.000 manat vəsaitin; 6)əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin qanunsuz sökülməsindən keçən 5 ildən sonrakı müddət üçün qətnamənin icrasınadak hər ay 1000 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş edir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlak cavabdeh tərəfindən onun razılığı olmadan sökülmüşdür. Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956-cı məhəllə 19 saylı bənanın arxasında sağdan 2 saylı qaraj İddiaçı adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmaqla, tikinti altı sahəsi 20.4 kv.m təşkil edir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi bir daha qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Məhkəmə Akimovanın Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarında əks olunmuş şərtlərinə görə mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmasını, Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququnun ona pulsuz keçməli olmasını nəzərə alıb ərizəçinin mənzilə olan iddialarının 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslı olması kimi qiymətləndirmişdir. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.” Normanını mənasından aydın olur ki, yalnız dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin bu mənzilləri əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüquqları vardır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən “Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.” “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə müvafiq olaraq kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onların bu marağı “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən-öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iş materiallarında olan sübutları əsas götürərək, qeyd etməyi zəruri hesab edir ki, sökülmüş tikili Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956-cı məhəllə qarajlar sırasında 2№-li qarajdır və təyinatı avtomaşınların saxlanılması üçün nəzərdə tutulmuşdur. İddiaçı həmin qarajın sahibkarlıq məqsədləri üçün istifadə etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, sökülmüş qarajın əvəzində inşa edilmiş binadan qeyri-yaşayış sahəsinin tələb edilməsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya sökülmüş qarajının əvəzində ünvan 3 ünvan 1956-cı məhəllədə) inşası başa çatan binalardan hər hansı birində sahəsi 20,4 kv.m-dən az olmayan qaraj verilməsi Cavabdeh MMC-yə həvalə edilməlidir. Bundan başqa iddiaçının digər tələbi “10.000” manat mənəi zərər tələbidir ki, məhkəmə aşagıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əmlakı cavabdeh tərəfindən onun razılığı olmadan söküldüyündən, ona mənəvi zərər dəymiş bu məbləgi məhkəmə 1.000 manat müəyyən edir və həmin məbləgin onun xeyrinə tutulması qənaətinə gəlir. Digər iddia tələbləri ilə bağlı iddiaçı məhkəməyə sübutlar təqdim etmədiyindən məhkəmə həmin hissələrin təmin olunmaması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ünvan 3 ünvan 1956-cı məhəllədə) inşası başa çatan binalardan hər hansı birində sahəsi 20,4 kv.m-dən az olmayan qarajın verilməsi Cavabdeh MMC-yə həvalə edilməli, mənəvi zərərin əvəzi olaraq 1.000 (bir min) manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməli,qalan hissələrdə iddia tələbləri rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvan 1956-cı məhəllədə) inşası başa çatan binalardan hər hansı birində sahəsi 20,4 kv.m-dən az olmayan qaraj verilməsi Cavabdeh MMC-yə həvalə edilsin. Mənəvi zərərin əvəzi olaraq 1.000 (bir min) manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilsin. Qalan hissələrdə iddia təmin olunmasın Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-22/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-22/2022
28.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver