Məhkəmə qərarları › İş №2(005)-2229/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2229/2020

23.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2229/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı Əbülfəz oğlunun iştirakı ilə, İddiaçı Əbülfəz oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əbülfəz oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Əbülfəz oğlu iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4450 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin may ayında cavabdehin usta kimi fəaliyyət göstərdiyi təmir sexinə gələrək istifadəsində olan avtomobilin sürət ötürücü qutusunun yağını dəyişdirmişdir. Həmin gündən təxminən 15-20 gün sonra avtomobilin sürətlər qutusunda problem yarandığından avtomobili hazırki iş üzrə cavabdehin yanına aparmışdır. O isə problemi aradan qaldırmaq üçün öz tanışı olan Rövşən Mamed oğlu adlı tanışını çağırdı. Bunun üçün iddiaçıdan 3450 manat pul istədi və iddiaçı pulu Cavabdeh vermişdir. Sonradan gələn usta Dola Rövşən avtomobilin sürətlər qutusuna səhv yağ töküldüyündən nasazlıq əmələ gəldiyini və sürətlər qutusunun sökülərək yenidən yığılmalı olduğunu bildirdi və avtomobili 20-25 günə saz vəziyyətə gətirəcəklərinə dair vəd verdi. Cavabdehin ona söz verdiyi vaxtda iddiaçı avtomobil təmiri sexinə getmişdir. İddiaçı orada olarkən hələ lazımlı ehtiyat hissələrinin gəlmədiyini bildirdiyindən iddiaçı qayıdıb evə gəlmişdir. Bundan sonra o hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başladı. Həmin ərəfədə elektron açarı da cavabdeh tərəfindən yararsız hala salındı.Nəhayət 2018-ci ilin sentyabr ayında cavabdeh iddiaçının yanına Rövşən adlı ustanı gətirərək avtomobilin sürətlər qutusunun beyninin xarab olduğunu, təmiri üçün əlavə olaraq 2800 manat pul lazım olduğunu bildirdi. O, cavabehin gətirdiyi Rövşən adlı ustadan beyin təmir olunacağı təqdirdə avtomobilin işləyəcəyini soruşmuşdur. Rövşən adlı şəxs də ona qonşu Seyran İsmayılovun yanında söz verərək ”bəli, avtomobil tam saz vəziyyətdə olacaq" dedi. Onlar razılaşmış və iddiaçı həmin məbləği toplamağa başlamışdır. Rövşən avtomobilin sürətlər qutusunu Tbilisiyə apardı. Rövşən zəng edib ondan pulu tələb etdi. İddiaçı pulu ona gecikdirdiyini gördükdə Rövşən ona bildirdi ki, hazırki iş üzrə cavabdeh onu aldatmış, əslində təmir üçün 1500 manat verilməlidir, 1300 manatı Baba ondan əlavə alır.Bundan sonra, iddiaçı cavabdehi Qaraçuxur qəsəbəsinə çağıraraq onu aldatdığını bildirdi və o, atasını çağıraraq iddiaçıya 1250 manat verdi, iddiaçı isə həmin pulun üstünə 250 manat da əlavə verərək 1500 manatı Dola Rövşənə verdi. Bundan sonra cavabdeh yenə də işi uzadaraq ondan əlavə olaraq 1200 manat məbləğində pul almışdır.Nəhayət, 2019-cu ilin noyabr ayında Rövşən ona zəng edərək avtomobili götürə biləcəyini dedi. İddiaçı cavabdehlərin yanına gəldikdə maşına xeyli ziyan dəydiyini, maşının açarının qırıldığını, arxa qapılarda batıq və cızıqların olduğunu, sol yan güzgünün sındığı, buksir yerinin qoşqusunun itdiyini, mühərrikin alt qoruyucusunun yerində olmadığını aşkar etdi. Aşkar etdiyi qüsurları yerindəcə cavabdehə bildirdi.Avtomobili sürmək üçün yerindən azca hərəkət etdirdikdə sürətlər qutusunundan yerə yağ damcıladığını gördü. Bunu gördükdə iddiaçı Babadan yaranmış qüsuru aradan qaldırmağı tələb etdi. Baba avtomobili yenidən gətirib təmir sexində ona təhvil verməyini xahiş etdi. İddiaçı da öz növbəsində avtomobili cavabdehin təmir sexinə apararaq ona təhvil verdi. Həmin hadisədən artıq yarım ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də cavabdeh avtomobilini nə təmir edib, nə də onun pulunu geri qaytarıb.Bundan sonra, iddiaçı cavabdehin hərəkətləri barədə aidiyyəti üzrə Suraxanı Rayon Polis idarəsinin 32-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis bölməsində aparılmış araşdırma zamanı hazırki iş üzrə cavabdeh izahat verərək, 4450 manat pul aldığını etiraf etmiş, lakin bu pulun guya avtomobilin təmirinə xərcləndiyini bildirmişdir. Həmin izahatdan da görünür ki, hazırda maddi imkanı olmadığından həmin pulu ödəyə bilmir, işsiz olduğu üçün dəqiq nə zaman ödəyəcəyini bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı Əbülfət oğlu Cavabdeh avtomobilin təmir xərci üçün müxtəlif vaxtlarda 4450 manat məbləğində pul vermişdir. İddiaçı avtomobilin təmirinə müxtəlif vaxtlarda 4450 manat ödəsə də, avtomobil lazımı qaydada və keyfiyyətdə təmir edilməmiş, beləliklə iddiaçıya 4450 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər 4450 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsas-lan-dırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu hər hansı tələb olmadığından iddiaçının özünə aid ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4450 manat məbləğində pul İddiaçı Əbülfəz oğlunun xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar