Məhkəmə qərarları › İş №2(005)-2248/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2248/2020

30.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2248/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Həsən (Hasan) Cavabdeh oğluna qarşı “verilmiş pul vəsaitinin, əlavə xərclərin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Həsən (Hasan) Cavabdeh oğluna qarşı “verilmiş pul vəsaitinin, əlavə xərclərin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Həsən (Hasan) Cavabdeh oğluna qarşı “verilmiş pul vəsaitinin, əlavə xərclərin və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1971-ci ildə Bağdad şəhərində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 39 ünvanda yerləşən “Golden Falkon” Hotelinin 411-ci nömrəsində yaşayan cavabdeh Həsən (Hasan) Cavabdeh onun xeyrinə 2.500 (iki min beş yüz) manat məbləğində əsas borcun, hüquqi yardım və sənədlərin məhkəməyə hazırlanması üçün 200 (iki yüz) manat məbləğində pul vəsaitinin, sənədlərin tərcüməsi üçün ödənilmiş 30 (otuz) manat və dövlət rüsumu 30 (otuz) manat olmaqla, cəmi 2.760 (iki min yeddiz yüz altmış) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2005-ci ildən işlədiyi “Hyatt Regency” hotelində işləyərkən orada işləyən Ruslan adlı bir iş yoldaşı ona bir nəfər ərəb milliyətindən olan şəxsin “fala” baxdığını bildimişdir. O da qadın marağı ilə onun yanına getmək istəyinin olduğunu bildirmişdir. O, Ruslanla birlikdə sonuncunun evlərinə getmiş və orada Həsənlə tanış olmuşdur. Ruslan orada Həsən adlı şəxsin onun bacısının yoldaşı olduğunu bildirmişdir. Bu qayda ilə o cavabdeh şəxs ilə tanış olmuşdur. 2019-cu ilin fevral ayının ortalarında cavabdeh ondan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti borc alaraq bir günə qaytaracağını bildirmişdir. Cavabdeh şəxs onun pullarını vaxtında qaytarmadığı üçün, o hər dəfə sonuncuya zəng edərək anasının xəstə olduğunu, onun pula ehtiyacı olduğunu bildirsə də, cavabdeh şəxs bu günə kimi onun pullarını qaytarmamışdır. Cavabdeh şəxsin ona qarşı dələduzluluq etdiyi üçün o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” nömrəli xidmətinə zəng etmişdir. Oradan ona Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə müraciət etməsi bildirilmişdir. O, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində Bəhruz adlı əməkdaşın yanında olaraq ərizə yazmış, sonuncu isə öz növbəsində Həsən adlı şəxsi çağıracağını bildirmişdir. Bir müddət keçdikdən sonra Bəhruz onu polisə çağıraraq Həsən adlı şəxsin ona bir həftəyə pullarını qaytaracağını bildirmişdir. Lakin ondan da bir xəbər çıxmadı. Onun adından etibarnamə üzrə nümayəndəm X6 Azərbaycan Respublikası Baş Prokuroruna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Bakı şəhər Prokuroruna, Bakı şəhər Baş Polis İdarəsinə, Dövlət Miqrasiya Xidmətinə, Dövlət Sərhəd Xidmətinə müraciətlər etmişdir. Aldıqları cavablarda Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. Müxtəlif instansiyalara müraciətdən etdikdən sonra xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən göndərilən məktubu 2020-ci ilin mart ayında almışdır. Nəhayət ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsindən cavabdehin müvəqqəti yaşadığı yer barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubun surətini xx xxx 2020-ci il tarixdə ona vermişdilər. Cavabdeh şəxsin borcunu könüllü olaraq qaytarmadığı üçün o məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Həsən (Hasan) Cavabdeh oğluna baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdeh Həsən (Hasan) Cavabdeh oğlunun lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəl-lə-sinin 238.1-ci mad-də-sinə əsasən işə cavabdeh Həsən (Hasan) Cavabdeh oğlunun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı şəxsin izahatını və şahid ifadəsini dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin İddiaçı ünvanladığı xx xxxx 2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, onun xx xxxx 2019-cu il tarixli müvafiq müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur; Bakı Şəhər Baş Polis İdarəsinin İddiaçı nümayəndəsi X4 ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, onun xx xxxxxxx 2019-cu il tarixli müvafiq müraciəti aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. Görülmüş işlərin nəticəsi barədə Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən ona əlavə məlumat veriləcəkdir; “M-R Group Company” X1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, müvafiq cəmiyyət tərəfindən icra müqaviləsi ilə icarəyə götürülmüş “Golden Falcon” Hotelinin 411 nömrəli otağında Hasan Hoseininin müvəqqəti yaşamağına etiraz etməmişdir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(005)-2248/2020 nömrəli məktubuna Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində aidiyyəti üzrə baxılmışdır. X2 vətəndaşı, xx xxxx 1971-ci il təvəllüdlü Hoseini Hasan (BMT QAK-ın Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş himayə sənədi № ***-*******4) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 3 otaq 411 ünvanına qeydiyyata alınmışdır; Suraxanı RPİ tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır; X2 Qaçqınlar üzrə Ali Komissarı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş İD ***- *******4 nömrəli qaçqının himayə vəsiqənin surətindən görünür ki, İraq Respublikasının vətəndaşı Hasan Hoseini xx xxxx 1971-ci il tarixdə İraq şəhərində anadan olmuşdur. Vəsiqənin etibarlılıq müddəti xx xxxx 2021-ci il tarixədək müəyyən olunmuşdur; xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, o, İddiaçı anasıdır. Cavabdeh Həsən (Hasan) Cavabdeh oğluna onun iştirakı ilə qızı, yəni iddiaçı şəxs tərəfindən 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti verilmişdir. Müvafiq borc vəsaiti verilərkən cavabdeh Həsən (Hasan) Cavabdeh oğlu həmin pul vəsaitini bir günə qaytaracağını bildirmişdir. Sonradan onun qızı verilmiş borc məbləğinin qaytarılmasını dəfələrlə cavabdehdən tələb etsə də, borc qaytarılmamışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeydolunanxüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehHəsən (Hasan) Cavabdeh oğlu İddiaçı aldığı borc məbləğini müəyyən edilmişmüddət ərzində qaytarmamaqla öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinin tələbinə əsasən Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.7-ci maddəsində göstərildiyi kimi Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh Həsən (Hasan) Cavabdeh oğlu İddiaçı 2.500 (iki min beş yüz) manat məbləğində bir gün müddətinə qaytarmaq şərti ilə götürmüş, öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı olan borcunu razılaşdırılmış vaxtda ödəməmişdir, bununla da tərəflər arasında olan razılaşmanı pozmuşdur. Buna görə də, Həsən (Hasan) Cavabdeh oğlu onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı şəxs iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmiş və ümumiyyətlə məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq iclaslar barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq həmin iclaslarda iştirak etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 2.500 (iki min beş yüz) manat məbləğində borc vəsaiti cavabdeh Həsən (Hasan) Cavabdeh oğlundan tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən hüquqi yardım üçün nümayəndəyə ödədiyi 200 (iki yüz) manat, tərcümə xidməti üçün ödədiyi 30 (otuz) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Həsən (Hasan) Cavabdeh oğlundan İddiaçı xeyrinə tutulmalıdır. QeydolunanlaraəsasənvəAzərbaycanRespublikasıMülki Prosessual Məcəlləsinin 216-220cimaddələrini rəhbərtutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Həsən (Hasan) Cavabdeh oğlundan 2.500 (iki min beş yüz) manat məbləğində borc, hüquqi yardım üçün nümayəndəyə ödədiyi 200 (iki yüz) manat, tərcümə xidməti üçün ödədiyi 30 (otuz) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2.760 (iki min yeddi yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh Həsən (Hasan) Cavabdeh oğlu qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar