Məhkəmə qərarları › İş №2(005)-2251/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2251/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2251/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqaviləyə dəyişiklik edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “müqaviləyə dəyişiklik edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində Cavabdeh ASC Mərdəkan filialından 17500 manat məbləğində olan kreditin cari ay üçün aylıq hissə-hissə ödənişinin Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qərara əsasən Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq Əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləğinə uyğun verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh ASC Mərdəkan filialından 17500 manat məbləğində 48 ay müddətində aylıq hissə-hissə ödənişi 537,2 manat olan kredit götürmüşdür. xx.xx.2023-cü ildə ödəniş tarixinin dəyişdirilməsinə dair müraciət etmiş və aylıq ödəniş tarixi hər ayın 17-si tarixi ilə təsdiq olunmuşdur. xx.xx.2022-ci il tarixdən İddiaçı Cavabdeh ASC Mərdəkan filialının bankına heç bir gecikməsi olmayıb. Lakin xx.xx.2023-cü il tarixindən İddiaçı əmək müqaviləsinə xitam verilib hal-hazırda işsizdir. İddiaçı himayəsində 2 yaşlı övladı var, keçmiş əri olan nikahlarına xitam verilmişdir və övladını təkbaşına böyüdür. İddiaçı 541,63 manat aylıq ödəniş etmək gücündə deyil. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh ASC-nin nümayəndəsi X1 iddia ərizəsini əsassız hesab etdiyini bildirərək təmin edilməsii xahiş etdi. Cavabdeh tərəfə məhkəmə baxış iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə iclası onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli CC/81819/87/22 saylı kredit sazişindən aydın olur ki, borcverən Cavabdeh ASC borcalan İddiaçı 48 ay müddətinə illik 20,50% dərəcəsi ilə 17500 manat kredit verməyi, İddiaçı isə əsas borc və ona hesablanmış faizləri müqavilədə müəyyən olunmuş müddətdə və məbləğdə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinin dəyişdirilməsinə dair razılaşmaya əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 541.93 manat, sonuncu ay isə 541.38 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci maddəsinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı əsası olan hüquqi faktların bir növü kimi müqavilələr bağlanması üçün iki tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqddir. Beləliklə müqavilə əqd olmaqla əqdə məxsus bütün əlamətləri daşıyır, yəni müqavilə də iradəvi aktdır, hüquqauyğun hərəkətdir, hüquqi nəticələrin yaranmasına yönəlib. Hazırda baxılan iş üzrə tərəflər mülki hüququn müqavilələr azadlığı prinsipindən çıxış edərək qarşılıqlı razılıq əsasında ikitərfli əqd- müqavilə bağlamışlar, nisbi mülki hüquq münasibətlərinə daxil olmuşlar və qarşılıqlı hüquq və vəzifələr əldə etmişlər. Əqdin növü olaraq müqavilələrin bir əlaməti də bu müqavilələrə edilən hər hansı dəyişikliyin hər iki tərəf arasında razılaşdırılmasıdır. Bu haldan istisnalar qanunvericiliklə nəzərdə tutulmuşdur ki, qanunverici bununla mülki hüquq münasibətlərinin sabitliyini təmin edir. Hazırda baxılan iş üzrə İddiaçı Cavabdeh ASC ilə bağladığı müqaviləyə dəyişiklik edilməsinə dair razılaşmaya əsasən razılaşdırılmış ödəniş cədvəlinə uyğun ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Hazırda isə İddiaçı maddi durumunun müəyyənləşdirilmiş qaydada aylıq ödənişlər etməsinə imkan vermədiyini bildirərək müqaviləyə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Halbuki ona müqavilə ilə belə bir hüquq verilməmiş, həmçinin kredit müqaviləsinə birtərəfli qaydada belə dəyişikliyin edilməsi imkanı nəzərdə tutulmamışdır. Əksinə qanunvericiliyə əsasən Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Nəzərə alınmalıdır ki, Fiziki və hüquqi şəxslərin subyektiv hüquqları onların mümkün davranış həddi olmaqla aşağıdakıları nəzərdə tutulur : hər hansı digər şəxsin müdaxiləsi olmadan öz hərəkətləri ilə hüquqlarının realizəsi ( mülkiyyət hüququ, müəllif hüququ və s.) ; hüquqlarının realizəsi üçün digər şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək imkanı – bu kateqoriyaya da əqdlər, o cümlədən müqavilələr bağlamaqla yaranmış subyektiv hüquqlar daxildir; digər şəxslər tələb olunan hərəkətləri etmədikdə isə hüquqların realizəsinin təmini üçün məhkəməyə müraciət etmək imkanı. Lakin hazırki halda İddiaçı onunla bağlanmış müqaviləyə birtərəfli qaydada dəyişiklik edilməsini cavabdehdən tələb etməsi əsassızdır. Mülki Məcəllənin 425.1-ci bəndinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən hallar (borclunun əmək müqaviləsinə xitam verilməsi, işsiz olması, himayəsində azyaşlı uşaqların olması və s.) müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə əsas ola bilməz. Buna görə də, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “müqaviləyə dəyişiklik edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar