Məhkəmə qərarları › İş №2(005)-2256/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2256/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2256/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.09.2009cu il tarixli 10L000001129 saylı kredit xətti müqaviləsinə, 21.06.2018- ci il tarixli 10L000001129S saylı sazişə və 14.01.2020-ci il tarixli 056R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1461.74 manat məbləğində kredit borcu, 201.89 manat məbləğində faiz borcu və 357.01 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2020 (iki min iyirmi) manat 64 (altmış dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəvul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 08.09.2009-cu il tarixli 10L000001129 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 21.06.2018-ci il tarixli 10L000001129S saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 225 (iki yüz iyirmi beş) ay, məbləği 100000 (yüz min) ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.01.2020-ci il tarixli 056R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 16.06.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 538.26 manat ödəmiş, onun 1461.74 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 29.01.2021-ci il tarixə 227 gün üçün hesablanmış faiz borcu 201.89 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 29.01.2021-ci il tarixə 227 gün üçün hesablanmış cərimə 357.01 manat təşkil edir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında 08.09.2019-cu il tarixdə bağlanmış **********12 saylı kredit xətti müqaviləsindən və həmin tarixli **********12 müqaviləyə dəyişiklikdən görünür ki, cavabdehə 120 ay müddətinə 100000 dollar məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında 08.09.2009-cu il tarixdə bağlanmış 056R********** saylı kredit xətti müqaviləsindən görünür ki, cavabdehə 18 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan ödəniş planından görünür ki, Cavabdeh1 ayda 133 manat, son ay isə 128.52 manat məbləğində kredit götürməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 14 yanvar 2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanan 056S**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan müqavilələr üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas məbləğ üzrə 1461,74 manat, faiz borcu üzrə 201,89 manat, cərimə borcu üzrə 357,01 manat, cəmi 2020,64 manat təşkil edir. İş materiallarında olan İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq bildirişlərindən görünür ki, bank tərəfindən borcun ödənilməsi tələb olunmuşdur. Məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 08.09.2009-cu il tarixli 10L000001129 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 21.06.2018-ci il tarixli 10L000001129S saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 225 (iki yüz iyirmi beş) ay, məbləği 100000 (yüz min) ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.01.2020-ci il tarixli 056R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 16.06.2020-ci il tarixdən banka qaytarmamış, nəticədə cavabdehin banka borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə görə borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh1 və Cavabdeh2 kredit və zaminlik müqavilərindən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından iddia tələbi əsas və faiz borc hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İstinad olunanlara əsasən məhkəmə əsas borca hesablanmış cəriməni tənasübsüz yüksən hesab edib belə qənaətə gəlir ki, cavabdehlərdən iddiaçının xeyrinə dəbbə puluna görə 100 manat məbləğində pul vəsaiti tutulmalı, dəbbə pulu tələbinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh1 ilə Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 1461,74 manat, faiz borcu üzrə 201,89 manat, 100 manat cərimə İddiaçı QSC-nin xeyrinə tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edildiyindən məhkəmə dövlət rüsumunu, xidmət haqqının və ekspertiza xərcini cavabdehlərə aid edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 1461,74 manat, faiz borcu üzrə 201,89 manat, cərimə borcu üzrə 100 manat cəmi 1763,63 (min yeddi yüz altmış üç, 63 ) manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar