Məhkəmə qərarları › İş №2(005)-226/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-226/2024

07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-226/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizələrinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" SS MMC tərəfindən ona verilən ünvan 1 ünvanında çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin sahəsinn 15.61 kv.m artıq göstərilməsinə görə dəymiş 35903 (otuz beş min doqquz yüz üç) manat ziyanın ona qaytarılması (74.5 kv.m -58.89 kv.m x 2300 = 35903), MMC- nin günahı ucbatından bu günə qədər kirayədə yaşadığına görə, ödədiyi 18000 (on səkkiz min) manat ( 60 x 300 = 18000) kirayə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mənzilin sahəsini artıq göstərməklə, dəymiş ziyanın və 6 illik kirayə pulunun ödənilməsi barədə o, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16 oktyabr 2016-cı il tarixdə, onun mülkiyyətində olan N.Nərimanov rayonu, M. Sənani küç. ev 61, mənzil 10-nun Pilot layihə əsasında "xxxx" MMC tərəfindən sökülməsi, sökülən mənzilin yerində inşa edilən yüksək mərtəbəli binada, onun əvəzinə tam təmirli C bloklu 9-cu mərtəbə, 2 otaqlı, 74.5 kv.m-dən ibarət 132 nömrəli mənzilin, onun mülkiyyətinə verilməsi barədə 02 saylı müqavilə bağlamışdır. Müqaviləyə əsasən əlavə 30 kv.m sahənin mənə verilməsinə görə 22500 (iyirmi iki min beş yüz ) manat onun tərəfindən "xxxx" MMC-yə ödənilməsi nəzərdə tutulmuş və həmin vəsaiti onun tərəfindən xx.xx.2018-ci il tarixdə ödənilmişdir. Tərəfindən mütəxəssis dəvət olunaraq, mənzilin sahəsi ölçülərkən, mənzilin 2 otaqlı 74.5 kv.m deyil, 1 otaqlı 58.89 kv.m olduğu müəyyən edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Öz izahatında iddiaçı ekspert rəyi ilə qismən razı olduğunu, mənzilin lodjiyasına əmsalın tətbiq edilmədən sahəsinin nəzərə alınmasının qanunvericiliyə uyğun olmadığını qeyd etdi. İddiaçı – oğlunun 3 müddətində kirayədə yaşadığını, hazırda onunla bir evdə yaşamağa davam etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə eyni kənddə yaşamışdırlar. İddiaçı 5 il müddətində 2018-ci ilin oktyabr ayından tarixdən 2023-cü ilin oktyabr ayınadək tarixədək onun mənzilində kirayəçi kimi yaşamışdır. İddiaçı hər ay nağd şəkildə 300 manat kirayə haqqı ödəmişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - 10 oktyabr 2016-cı il tarixli, 02 saylı müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, ev 61, m. 10 yaşayış üçün Mülkiyyətçiyə məxsus olan mənzilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli qərarına əsasən sökülməsi nəzərdə tutulan və bu sahədə nəzərdə tutulan yeni yaşayış binasının tikintisini həyata keçirmək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 24 kv.m. mənzilin əvəzinə tam təmirli C bloku, 9-cu mərtəbə, 2 otaqlı, 74,5 kv.m.-dən ibarət 132 saylı mənzili “Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Əlavə 30 kv.m vətəndaşa verilməsinə görə ilkin ödəniş 22500 AZN olmaq şərti ilə 5000 manat İddiaçı 18 ay ərzində ödəməyi öhdəsinə götürür. Eyni zamanda Cavabdeh MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 20 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyyətçiyə mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. - Cavabdeh MMC-nin xx.xx.2018-ci mədaxil xəzinə orderindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 132 saylı mənzilə dair 22500 manat ödəniş etmişdir. - Cavabdeh MMC-nin 25 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 3-cü girişi, yaşayışın 9-cu mərtəbəsində, ümumi sahəsi 75 kv.m-dən ibarət olan 132 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə İddiaçı Cavabdeh MMC-yə borcu yoxdur. - AR FHN-nin Tikintiyə Nəzarət Dövlət Agentliyinin ETLKİM institutunun 28 fevral 2017-ci il tarixli “62/17 saylı müqaviləyə əsasən təqdim olunmuş 10x10x10 m ölçülü beton nümunələrinin QOST 100000 saylı standartın tələbinə uyğun yoxlanmış laboratoriya sınaq nəticələrindən görünür ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsində inşa olunan 5 girişli, 2 səviyyəli zirzəmi ilə, 16 mərtəbəli yaşayış binasında blok 4, zirzəmi, səviyyə “-3,70” hissəsindən 21 fevral 2017-ci il tarixində nümunələr götürülmüşdür. - xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin 04 dekabr 2023-cü il tarixinə bazar dəyəri 170000 manat məbləğində müəyyən edilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı, azalma əmsalları nəzərə alınmadan sahəsinin faktiki olaraq 61,15 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin çöl divarlarının ortasından hesablanmaqla, mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 70 kv.m olduğu müəyyən edilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin içdən içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı, azalma əmsalları nəzərə alınmadan sahəsinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59,2, 59-cu maddələrinin və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən faktiki olaraq ümumi sahəsi 61,15 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin çöl divarlarının ortasından hesablanmaqla, mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 70,0 kv.m olduğu müəyyən edilmişdir. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin yerləşdiyi ərazidə analoji xüsusiyyətlərə malik mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2300 manat məbləğində müəyyən edilir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Mülki iş materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış 10 oktyabr 2016-cı il tarixli, 02 saylı müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, ev 61, m. 10 yaşayış üçün Mülkiyyətçiyə məxsus olan mənzilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli qərarına əsasən sökülməsi nəzərdə tutulan və bu sahədə nəzərdə tutulan yeni yaşayış binasının tikintisini həyata keçirmək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 24 kv.m. mənzilin əvəzinə tam təmirli C bloku, 9-cu mərtəbə, 2 otaqlı, 74,5 kv.m.-dən ibarət 132 saylı mənzili “Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Əlavə 30 kv.m vətəndaşa verilməsinə görə ilkin ödəniş 22500 AZN olmaq şərti ilə 5000 manat İddiaçı 18 ay ərzində ödəməyi öhdəsinə götürür. İddiaçı öhdəliyini yerinə yetirmiş, mülkiyyətində olan mənzili cavabdehə təhvil vermiş, müqavilədə qeyd edilən məbləği ödəmişdir. Lakin cavabdeh mənzili təhvil versə də, mənzilin müqavilədə göstərilən ölçüdə verilməsi ilə bağlı öhdəliyini tam icra etməmişdir. Eyni zamanda müqavilənin 2.2.5-ci bəndinə əsasən, mənzil binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 20 ay müddətinə başa çatdıraraq təhvil verilməli olduğu halda, vaxtında təhvil veriməmişdir. Buna görə də iddiaçı kirayədə yaşamağa məcbur qalmış və ona maddi ziyan dəymişdir. Hazırda İddiaçı əksik sahəyə görə pulun ödənilməsi və kirayə haqqının ödənilməsi tələbləri ilə məhkəməyə müraciət etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 4.2. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış 10 oktyabr 2016-cı il tarixli, 02 saylı müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, ev 61, m. 10 yaşayış üçün Mülkiyyətçiyə məxsus olan mənzilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli qərarına əsasən sökülməsi nəzərdə tutulan və bu sahədə nəzərdə tutulan yeni yaşayış binasının tikintisini həyata keçirmək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 24 kv.m. mənzilin əvəzinə tam təmirli C bloku, 9-cu mərtəbə, 2 otaqlı, 74,5 kv.m.-dən ibarət 132 saylı, mənzili “Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh MMC-nin 25 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 3-cü girişi, yaşayışın 9-cu mərtəbəsində, ümumi sahəsi 75 kv.m-dən ibarət olan 132 saylı iki otaqlı mənzilin tam dəyəri üzrə İddiaçı Cavabdeh MMC-yə borcu yoxdur. Mülki işin materiallarından aydın olur ki, həmin pul məbləği İddiaçı tərəfindən Cavabdeh MMC tərəfindən ona verilməli olan mənzilin qarşılığı olaraq ödənilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin içdən içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı, azalma əmsalları nəzərə alınmadan sahəsinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59,2, 59-cu maddələrinin və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən faktiki olaraq ümumi sahəsi 61,15 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin çöl divarlarının ortasından hesablanmaqla, mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 70,0 kv.m olduğu müəyyən edilmişdir. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin yerləşdiyi ərazidə analoji xüsusiyyətlərə malik mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2300 manat məbləğində müəyyən edilir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmış və öhdəliklər müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, Cavabdeh MMC isə müqavilə üzrə ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli 74,5 kv.m olan mənzili təhvil verməyi öhdəsinə götürmüş, lakin müqavilə şərtlərini pozaraq, müəyyən edilən sahədən daha az sahəli mənzili təhvil vermişdir. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Sonuncu ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh MMC İddiaçı müqavilədə göstərilən sahədən 13,35 kv.m daha az sahəsi olan mənzil təhvil vermişdir. Məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini pozmaqla mənzili iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur. Yəni, iddiaçı ölçüsü 74,50 kv.m olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzillərin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur. Müqavilə ödəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində isə qeyd edilir ki zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənzilin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə, məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Rəyə əsasən azalma əmsalı tətbiq edilmədən mənzilin faktiki sahəsi 61,15 kv.metr təşkil edir. Məhkəmə iddia ərizəsində mənzilin hər kv.m üçün 2300 manat məbləğində puıun cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, iddia tələbinin bu hissəsi ilə razılaşmır. Belə ki, mülki işin materialları, o cümlədən iddiaçının izahatı ilə müəyyən edilir ki, mənzilin 30 kv.m-i üçün iddiaçı tərəfindən 22500 manat pul ödənilmişdir. Buna görə də, iddiaçıya dəymiş zərər hesablanarkən mənzilin sahəsinin hər kv.metrinin qiyməti 750 (22500:30=750) manat nəzərə alınmaqla hesablanmalıdır. Odur ki, qeyd edilən mənzilə görə əksik verilmiş 13,35 kv.metrə görə əksik verilmiş sahə üzrə hər kv.metr üçün 750 manat hesablamaqla (13,35 m2 x 750 = 10012,50 manat) cəmi 10012,50 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, mənzilin ümumi sahəsinə faktiki olaraq 4,52 kv.m lodjiya daxil olsa da, ona müvafiq azalma əmsalı hesablanmaqla 2,26 kv.m kimi nəzərə alınmışdır. İddiaçı sahənin müvafiq azalma əmsalı nəzərə alınmaqla hesablanmalı olması bildirsə də, məhkəmə bununla razılaşmır. Çünki cavabdeh (podratçı) faktiki olaraq 4,52 kv.m lodjiya tikintisini həyata keçirmişdir. Belə olan halda şəxsin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması zamanı həmin sahənin müvafiq əmsal tətbiq edilməklə daha az ölçüdə qeydə alınması vəziyyətini dəyişdirmir. Belə ki, Şəhərsalma və Tikinti Məcəllsinin 59.2-ci və 59.3-cü maddələrinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. MM-nin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. MM-nin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Məhkəmə ekspertiza rəyləri ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəylərinin hər ikisinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyləri hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəylərdə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 10012,50 manat pul Cavabdeh MMC-dən tutularaq, X3 xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin kirayə haqqının tutulması hissəsi ilə bağlı qeyd edir ki, hazırkı iddia tələbi kirayə haqqı qismində ödənilməli olan vəsaitin ödənilməməsi nəticəsində dəymiş zərərlə bağlıdır. Tərəflər müqavilə üzrə 20 ay ərzində iddiaçının təhvil verdiyi yaşayış sahsinə görə aylıq kirayə haqqının alınmayacağı və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 20 ay müddətində başa çatdırılaraq müqavilə şərtlərinə əsasən mənzilin “mülkiyyətçi”yə təhvil veriləcəyi barədə razılaşmışlar. Bu halda, cavabdehin müqavilə şərtlərinə əməl etməyərək razılaşdırılmış müddətdə əmlakı iddiaçıya təhvil verməməsi iddiaçını kirayə haqqı qismində dəymiş zərəri tələb etmək hüququndan məhrum etmir. Belə ki, müqavilə üzrə kirayə haqqının alınmaması yalnız binanın bünövrəsinin qoyulmasından sonra 20 aylıq müddət üçün müəyyən olunmuşdur. Həmin müddətdən sonra əmlakın təhvil verilməməsi nəticəsində kirayə haqqı qismində dəymiş zərərin ödənilməsi tələbi iddiaçının işgüzar adətlərdən irəli gələn hüququdur. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Odur ki, müqavilədə cavabdehin iddiaçıya ümumiyyətlə kirayə haqqı ödəmək öhdəliyinin nəzərdə tutulmaması əsası ilə iddia tələbinin təmin edilməməsi qanunazidd və əsassız olardı. Belə ki, iddiaçı tərəf müqavilədə qeyd edilən müddətdə əmlakını əldə edə bilmədiyindən həmin əmlakdan hər hansı formada yararlanmaq hüququndan da məhrum olmuşdur. Bu halda ən azından həmin əmlakın ona təhvil verilməli olan müddətdən sonrası üçün iddiaçı kirayə haqqı qismində zərər tələb etməsi əsaslıdır. Mülki işin materiallarından müəyyən edilir ki, binanın bünövrəsi 2017-ci ilin fevral ayında qoyulmuşdur. Belə olan təqdirdə, müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçının mənzili 2018-ci ilin oktyabr ayında təhvil verilməli olduğu halda, təhvil verilməmişdir. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, iddiaçı tərəfindən 60 ay müddətində kirayə haqqı qismində zərər cavabdehdən haqlı olaraq tələb edilir və həmin müddət üçün pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında dindirilmiş şahid ifadəsindən də müəyyən edilir ki, iddiaçı 5 il müddətində 2018-ci ildən - 2023cü ilə qədər kirayə mənzildə yaşamış və 300 manat kirayə haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, aylıq 300 manat kirayə haqqı məbləği ağlabatandır və 60 ay müddətinə aylıq 300 manat kirayə haqqı hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə 18000 manat (60 x 300 = 18000) pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən mənzilin sahəsinə görə 10012,50 (on min on iki manat əlli qəpik) manat məbləğində pul, 18000 (on səkkiz min) manat kirayə pulu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia üçün ödənilmiş 227 manat dövlət rüsumunun 117 (yüz on yeddi) manatı Cavabdeh MMC-dən tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. Ekspertizalar üçün ödənilmiş 100 manat ekspertiza xərcinin 52 (əlli iki) manatı Cavabdeh MMC-dən, 48 (qırx səkkiz) manatı isə İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar