Məhkəmə qərarları › İş №2(005)-2274/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2274/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2274/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 41 saylı dövlət notariat kontoruna qarşı “əqdin etibrasız hesab edilməsinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və 41 saylı dövlət notariat kontoruna qarşı “əqdin etibrasız hesab edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 23 yanvar 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 onun gözəllik salonunda saç ustası çalışmaq dəvəti ilə köhnə iş yerindən çıxaraq ünvan 1 ünvanda olan "Gözəllik Salonunda" saç ustası vəzifəsində çalışmağa başlamışdır. Köhnə iş yerindən çıxmağı ilə əlaqədər iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 20.000 manat məbləğində pul ödəmişdir. Razılaşmaya əsasən iddiaçı 09 fevral 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək yuxarıda qeyd etdiyi ünvanda “Gözəllik Salonunda" çalışmışdır. Lakin 2021-ci ilin mart ayında iddiaçıya məlum oldu ki, həmin 20.000 manat məbləğini borc kimi qaytarmalıdır. Beləliklə, 23 yanvar 2020-ci il tarixli kredit müqaviləsi formal şəkildə bağlanılmış və həmin ödənilmiş pul köhnə işdən çıxmağı ilə əlaqədər iddiaçıya dəymiş ziyanın əvəzinin ödənilməsini nəzərdə tutularaq, cavabdeh trərəfındən gələcəkdə əsassız varlanmaq üçün pərdələnmişdir. Həmçinin Cavabdeh1 16.04.2021-ci il tarixdə məhkəməyə dəftərxna vasitəsi ilə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı ona qarşı iddia tələbini əsassız və heç bir normativ akta söykənmədən irəli sürür. Belə ki,iş üzrə iddiaçıya borc müqaviləsi əsasında 20000 (iyirmi min) manat pul vəsaiti vermiş və bununla bağlı notariat kontoru tərəfindən qanunla müəyyən olunmuş tədbirlər görülmüşdür. Məlum müqavilə iki tərəfli razılığ əsasında imzalanmış və notariat kontorunda notarius tərəfindən İddiaçı hansı məsələ üçün məlum müqavilənin imzalanması izah olunmuşdur. Hazırda iş üzrə iddiaçının məqsədi süni şəkildə əlavə məhkəmə çəkişmələri açaraq öz öhdəliyinin icrasını geçikdirməkdir. Həmçinin məlum iddia verilməmişdən qabaq MM-nin prinsiplərinə uyğun olmadan pretenziya qaydasına riayyət olunmamışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili X2 iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili X2 məhkəməyə 03.05.2021-ci il tarixdə ərizə təqdim edərək mülki işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; 01.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. 23.01.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh1 borc alan İddiaçı müqavilənin 1-ci bəndinə əsasən “borc verən” “borc alana” 20.000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) məbləğində pul borc verir.Bu müqavilənin 2-ci bəndinə əsasən “borc alan” 10.02.2021 (on fevral iki min iyirmi birinci il) tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1993cü il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında 23.01.2020-ci il tarixdə Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən “borc verən” “borc alana” 20.000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) məbləğində pul borc verir və “borc alan” 10.02.2021 (on fevral iki min iyirmi birinci il) tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iddiaçının onunla bağlanmış kredit müqaviləsinin ona borc verilməsi məqsədi ilə imzalandığını iddia etsə də buna heç bir tutarlı səbəb məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə ilkin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan maddənin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin tətbiqi isə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasını, məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasını, sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Bundan başqa iddiaçının tələbinin sübutetmə yükü ilə bağlılığı da işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu üçün bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsindən göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığına dair iddiaçı tərəfin tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 41 saylı notariat kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi tələbi”nə dair iddiası üzrə sübutlar təqdim edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və 41 saylı dövlət notariat kontoruna qarşı “əqdin etibrasız hesab edilməsinə dair”dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar