Məhkəmə qərarları › İş №2(005)-228/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-228/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-228/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı nümayəndəsi X4 və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı sığorta ödənişinin və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı sığorta ödənişinin və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1979 manat sığorta ödənişinin, 130 manat dəbbə pulunun, 1000 manat mənəvi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3139 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 mart 2020-ci ildə mülkiyyətində olan ** OA *** dövlət nömrə nişanlı avtomaşınla Bakı Mehdiabad istiqamətində hərəkətdə olarkən Zəngəzur şadlıq sarayının yanında arxadan MERSEDES BENZ C 280 MARKALİ, ** FC *** dövlət nömrə nişanlı avtomobil onun maşınını vurduğundan maşını ondan qabaqda hərəkətdə olan avtomaşınla toqquşmuş, nəticədə maşınının arxa və qabaq tərəfləri əzilmişdir. Qəza nəticəsində avtomaşınına 1979 (bir min doqquz yüz yetmiş doqquz) manat ziyan dəymişdir. Qəza törədən avtomobil xxxx şirkətində sığortalandığından vurulmuş zərəri həmin sığorta şirkəti ödəməli idi. Lakin cavabdeh sığorta şirkətlərinə xas olan adətlərə uyğun olaraq süründürməçiliyə yol verərək zərərin bir hissəsini, yəni cəmi 514 manata dair hissəsini ödəməyə razılıq verdi. Cavabdeh zərəri dəqiqləşdirmək niyyətində olmadığından avtomaşına vizual baxış keçirməklə kifayətləndi. Təbiidir ki, bu onu qane edə bilməzdi. Arxa və qabaq buferləri çıxarmadan əzilmiş hissələri müəyyən etmək mümkün deyildi. Mübahisənin məhkəmədən kənar sülh yolu ilə həll edilməsi üçün göstərdiyi səylər nəticə vermədi. Məcburiyyət qarşısında qalıb avtomaşını İNTER CONTİNNENTAL avtomobillərə texniki xidmət stansiyasında təmir etdirməli olmuşdur. Avtomaşına texniki baxış keçirildikdən sonra məlum oldu ki, qabaq bufer, qabaq bufer yan kronşteyn, qabaq fara alt kronşteyn, qabaq fara su vuran, qabaq fara su vuran krışka, qabaq fara protivtuman, qabaq fara su vuran oçki, arxa bufer, arxa bufer kronştryn (şveller), qabaq panel, arxa panel sıradan çıxıb və yenisi ilə əvəz edilməlidir. Avtomobili istismara yararlı vəziyyətə gətirmək üçün boya kompyüter və boya materialına ehtiyac var və eyni zamanda xidmət haqqı ödənilməlidir. Nəticədə vurulmuş zərərin aradan qaldırılması üçün 1979 AZN pul vəsaiti lazımdır. Göstərilən məbləği ödəməklə avtomobilini təmir etdirib. Sığorta ödənişi 25 mart 2020-ci ildə ödənilməli olduğu halda bu günə qədər sığorta ödənişini etməmişdir. Yəni faktiki olaraq məhkəməyə müraciət edənə qədər ödənişi 66 gün gecikdirmişdir. Geçikdirilən hər gün üçün 0,1% dəbbə pulu ödənilməli olduğunu nəzərə alsaq hesablama aşağıdakı qaydada aparılmalıdır. 1979*0,1%=1,97 manat *66=130 manat yəni iddia ərizəsi verilən günədək dəbbə pulu 130 manat təşkil edir. Hadisənin koronavirus dövründə baş verdiyidən güman etmək olardı ki, cavabdeh qanunlara əməl edərək süründürməçilikdən çəkinəcək. Təəssüf ki, belə olmadı. İşin məhkəmədənkənar sülh yolu ilə həll edilməsi üçün göstərdiyi səylər nəticə vermədi. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində mənəvi iztirab keçirərək baş verənlə təəsüflənmiş, istirahət hüququ pozulmuş, insan həyatı üçün təhlükəli bir dövrdə haqsızlığa məruz qalmışdır. Hesab edir ki, xüsusi ilə koronovirus dövründə baş verənlər qəbuledilməzdir. Buna görə də vurulan mənəvi zərəri 1000 manat qiymətləndirir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbləri qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. İş materiallarında olan X1 Texniki Xidmət Stansiyasının qüsur aktından görünür ki, İddiaçı məxsus, Subaru Forester markalı **-OA-*** dövlət qeydiyyat nişanlı 2014-cü il buraxılışlı avtomobilin tam bərpası və istismara yararlı vəziyyətə gətirilməsi üçün təmir xərcləri cəmi 1979 manat təşkil edir. İş materiallarında olan “xxxx” ASC–nin İddiaçı ünvanlanmış məktubunda görünür ki, mütəxəssisləri tərəfindən zərərçəkmiş avtomobilə dəymiş zərərin qiymətləndirilməsi aparılmış və qiymətləndirmə nəticəsində avtomobilə dəymiş zərər məbləği 514,00 manat müəyyən edilmişdir. Hesablanmış sığorta ödənişini pul şəklində ödəyə və ya avtomobilinizi təmirə yönəldə bilərlər. Müəyyən edilmiş zərər məbləği ilə İddiaçı razı olmadığı halda, "xxxx" ASC İddiaçı yazılı razılığı ilə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır. İş materiallarında olan Kia Motors-un qüsur aktında görünür ki, avtomobilə 514 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan ******* saylı X6 Protokoldan görünür ki, MERSEDES BENZ C 280 MARKALİ, ** FC *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü HÜSEYNOV Namiq Oruc oəlu İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan “xxxx” Firmasının mədaaxil qəbzindən görünür ki, Subaru Forester markalı **-OA-*** dövlət qeydiyyat nişanlı 2014-cü il buraxılışlı avtomobilin təmiri üçün 1979 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin hesabatından görünür ki, Subaru Forester markalı **-OA-*** dövlət qeydiyyat nişanlı 2014-cü il buraxılışlı avtomobilə 17 mart 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı 1220 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Həmin Məcəllənin 922.1. maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2. maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 934.1. maddəsinə əsasən Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi, qanunun tələblərinə əsasən mülki hüquq subyektləri öz hüquqlarını və vəzifələrini icra edərkən üzərilərinə götürdükləri öhdəliklərinin şərtlərinə müvafiq hərəkət etməlidirlər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ekspert rəyi ilə İddiaçı avtomobilinə dəymiş ziyanın aradan qaldırılması üçün 1220 manat məbləğində vəsaitin gərəkli olması müəyyən edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş zərər cavabdeh tərəfindən sığortalandığından, onun əvəzi iddiaçıya ödənilməlidir. Dəbbə pulu barədə tələb iddiaçı tərəfindən əsaslandırılmadığından məhkəmə həmin hissədə iddianın təmin edilməsini mümkün hesab etmir. Məhkəmə İddiaçı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən onun fiziki və mənəvi sarsıntılar keçirməsi iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından cavabdehlərdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddia tələbi onu ödəmiş şəxsin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. “xxxx” ASC ASC-dən 1220 (bir min iki yüz iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar