Məhkəmə qərarları › İş №2(005)-2281/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2281/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2281/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi Ömərov Şahin Akif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, “xxxxxxxxxx' ASC-dən xx.xx.2013-cü il tarixli 986 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27 faiz dərəcəsində 7760 manat məbləğində kredit götürmüşdür. Götürdüyü kreditin müəyyən hissəsini ödədikdən sonra maliyyə vəziyyətinin pisləşməsi səbəbindən götürdüyü krediti ödəyə bilməmişdir. Bu səbəbdən də "Cavabdeh" ASC 2017ci ildə kreditin ödənilməsi ilə əlaqədar Xocavənd rayon Məhkəməsinə müraciət etmişdir. Xocavənd rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(069)-2/2017 saylı qətnaməsinə əsasən ondan 4586,89 manat əsas borc, 1754, 48 manat faiz borcu cəmi 6341, 37 manat borc və 30 manat dövlət rüsumu alınaraq “xxxxxxxxxx ASC-nə verilməsi qət edilmişdir. O, 6341,37 manat borc puldan 2081 manat “xxxxxxxxxx” ASC pul ödənişi etmişdir. Devalvasiya ilə əlaqədar “xxxxxxxxxx" ASC-nə etdiyi pul ödənişlərini 2019-cu, il fevral ayından dayandırmışdır. “xxxxxxxxxx” ASC 2019-cu ilin may ayında onu Banka dəvət etmiş və onunla xx xxx 2019-cu il tarixli 17-xx-xx-085532 saylı kredit müqaviləsi bağlanmış və iddiaçı onlara inanaraq müqaviləni oxumadan imzalamışdır. Məhkəmə qətnaməsi ilə borclu olduğu 6341,37 manat puldan 2081 manat ödəniş etmişdir və qalıq borcu xx xxx 2019-cu il tarixə 4260 manat təşkil etmişdir. Lakin “xxxxxxxxxx” ASC ilə xx xxx 2019-cu il tarixli 17-xx-xx-085532 saylı kredit müqaviləsi bağlayarkən Banka onun borcunu 4586,89 manat kimi göstərmişdir. Bundan başqa “xxxxxxxxxx" ASC Azərbaycan Respublikasının Prezidentinin Devalvasiya haqqında fərmanına məhəl qoymayaraq xx xxx 2019-cu il tarixi 17-xx-xx-085532 saylı kredit müqaviləsi üzrə 4260 manat pula əlavə olaraq faiz hesablamışlar və faizləri silməmişlər. “xxxxxxxxxx" ASC köhnə müqavilə ilə yeni bağlanmış müqavilə arasında olan fərq pulu 326.00 manat təşkil edir. O, məcburi köçkündür və təqaüdçüdür. Bankın ona əlavə olaraq yüklədiyi pulu ödəyə bilmir. Xocavənd rayonun Əmirallar kənd sakini olmaqla məcburi köçkündür. Qeyd edilənləri nəzərə alaraq, "xxxxxxxxxx” ASC-nin 27may 2019-cu il tarixli 17-xx-xx-085532 saylı kredit müqaviləsini ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Ömərov Şahin Akif oğlu iddia tələbini qəbul etmədiklərini bildirdilər və iddianın rədd edilmişi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddia ərizəsinə etiraz təqdim edərək, etirazının onunla əsaslandırmışdır ki, iddiaçı öz iddiasında qeyd etdiyi kimi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Məlum Fərmanının tələblərinə əsasən onunla "Cavabdeh" ASC arasında xx.xx.2019-cu il tarixdə 17-xx-xx-085532 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilədə də iddiaçının bildirdiyinin əksinə olaraq, borcun silinməsi haqqında heç bir tələb yoxdur. İddia tələbindən görünür ki, iddianın əsas mahiyyəti həmin kredit müqaviləsinin ləğvidir. Sözügedən müqavilə də "Cavabdeh" ASC tərəfindən məlum Fərmandan irəli gələn tələblər əsasında tərtib edilmişdir. Məlum Fərmana görə isə vətəndaşların sərəncamına veriləcək kompensasiyanın məbləğinin müəyyən edilməsi, vətəndaşlarla yeni restrukturizasiya müqavilələrinin bağlanması, qalıq borcların müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X2 (indiki hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı) tərəfindən müəyyən edilir. Buna sübut edən xüsusat Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilən "Problemli kreditlərin kompensasiyasına" dair çıxarışdır. Həmin çıxarışda da İddiaçı qalıq borc məbləği Mərkəzi Bank tərəfindən 4586.89 manat məbləğində müəyyən edilmişdir. "Cavabdeh" ASC həmin çıxarış əsasında iddaçı ilə 4586.89 manat məbləğində olmaqla xx.xx.2019-cu il tarixdə 17-xx-xx-085532 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Göründüyü kimi kreditor olaraq "Cavabdeh" ASC-nin və ya digər bank və kredit təşkilatlarının sərbəst şəkildə vətəndaşların sərəncamına veriləcək miqdarını müəyyən etməsi, yeni restrukturizasiya müqavilələrinin bağlanması, qalıq borcların müəyyən etməsi səlahiyyətləri yoxdur. İddiaçı cavabdeh "Cavabdeh" ASC-nə qarşı müqavilənin ləğv edilməsi iddia tələbi inzibati səciyyəli olduğundan əsassız və qanunsuzdur. Belə ki, iddia tələbi inzibati orqanın (Azərbaycan Respublikasının Mərkəzi Bankının və s.) məcburetmə öhdəliyinin icrası, öhdəliyin ləğvi haqqında birləşdirilmiş tələb olduğundan iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankını cavabdeh qismində, "Cavabdeh" ASC-ni isə üçüncü şəxs qismində qoymaqla inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməli idi. Hesab edirik ki, iddia tələbindən irəli gələn vəzifələr Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə tənzimlənir ki, bu səlahiyyət də "Cavabdeh" ASC-nə aid deyildir. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 17-xx-xx-085532 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki,kreditor borcluya illik 1% olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 4586,89 manat məbləğində krediti verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Ağcabədi rayonu 1 saylı MKİS tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Xocavənd rayon sakini məcburi köçkün Məmmədov X1 rayonu, Ü.Hacıbəyli prospektində yerləşən 556 ailəlik hündürmərtəbəli yaşayış massivindəki 2 saylı binanın 18 saylı mənzilində müvəqqəti qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki xx.xx.2013-cu il tarixli, 986 nömrəli kredit müqaviləsinin ləğvi üçün əsaslı sübutlar təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə mövcud borcu tam ödəmədiyindən onun həmin müqavilə üzrə yaranmış öhdəliyinə xitam verilməsindən də söhbət gedə bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar