Məhkəmə qərarları › İş №2(005)-2285/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2285/2024

24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2285/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, iş materiallarında rüsumun ödənilməsinə dair qəbz mövcud olsa da, bu qəbzdən rüsumun xx.xx.2024-cü il tarixdə Neftçala Rayon Məhkəməsinə ödənildiyi görünür. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan İddiaçı Neftçala Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə təqdim etdiyi iddia ərizəsinin 2(053)-477/2024 saylı qərardadı ilə geri qaytarıldığı aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Normanın tələbindən aydın olur ki, Neftçala Rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi geri qaytarılan zaman bu ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu da onu ödəyən şəxsə geri qaytarılmalı idi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 11 iyun 1997-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət rüsumu haqqında təlimat”ın 21-ci bəndinə əsasən əvvəllər baxılmadan saxlanılmış iddialar təkrarən verildikdə rüsum yenidən ümumi qaydalarla tutulur. Bu zaman iddia baxılmadığına görə ödənilmiş rüsum qaytarılmalı olduğu halda qaytarılmamışdırsa, təkrar təqdim edilmiş iddiaya rüsumun ödənilməsi haqqında ilkin sənəd, bu məbləğin büdcəyə köçürüldüyü tarixdən bir il müddət keçməmişdirsə, əlavə edilə bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsinə Neftçala Rayon Məhkəməsinin qərardadı əlavə edilmədiyindən həmin qərardadla dövlət rüsumunun geri qaytarılıb-qaytarılmamasını müəyyən etmək mümkün olmamışdır. Qanunun tələbinə əsasən qərardadla rüsumun qaytarılmalı olduğunu nəzərə alaraq məhkəmə əksini təsdiü edən sübut olmadığı halda qərardadda rüsumun geri qaytarılmış olduğu qənaətinə gəlir. Buna görə də hazırki iddia ərizəsinə əlavə edilmiş qəbzlə ödənilmiş rüsum geri qaytarıldığından bu qəbzin yenidən məhkəməyə təqdim edilməsi qanunla yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1.5-ci maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarmalıdır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 266-269-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə onu verən şəxsə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar