Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-230/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) “maddi ziyanın əvəzinin ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə avtomobilinə dəymiş ziyana görə 5.030,13 manat, avtomobilinin yararsız hala düşməsi nəticəsində avtomobilindən istifadə edə bilmədiyinə görə əlavə 1.400 manat məbləğində maddi ziyanın, ümumilikdə 6.430 manat məbləğində pul vəsaiti alnaraq birdəfəlik həcmdə ona ödənilməsi, iddia ərizəsi ilə əlaqədar rüsum v\ digər xərclərin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus idarə etdiyi “Mitsubishi Lancer” markalı, ** MP *** dövlət nömrə nişanlı minik avtomobili xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi ilə Mayakovski küçələrinin kəsişməsində Cavabdeh idarə etdiyi “Volkswagen Passat CC” markalı, ** MX *** nömrə nişanlı minik avtomobili ilə vurulması nəticəsində avtomobilinə ixtisaslaşmış Mitsubishi Motors şirkətinin yekun ekspertiza rəyinə əsasən ümumilikdə 5.030,13 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh avtomobilinin sığortalanmasını, bu səbəbdən də yolnəqliyyat hadisəsi nəticəsində vurulan maddi ziyanın sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirərək vurulmuş maddi ziyanı ödəməkdən imtina etmişdir. Sığorta edən qismində çıxış edən "xxxx" şirkəti isə heç bir rəsmi sənəd təqdim etmədən ona dəymiş maddi ziyanın real məbləğini iki dəfədən də çox azaldaraq sonda ona təxminən 2.100 manat təklif etmişdir. Sığorta şirkəti həmin məbləğin onlar tərəfindən təşkil edilmiş ekspertiza nəticəsində müəyyən edildiyini bildirsə də, ekspertiza rəyini təqdim etməkdən əsassız bəhanələrlə imtina etmişdir və qeyd etdiyi kimi bu günədək ona heç bir rəsmi sənəd təqdim etməmişdir. Hesab edir ki, cavabdehin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobilnə dəymiş 5030,13 manat məbləğində maddi ziyan tam həcmdə ona ödənilməklə yanaşı, qeyd olunan yol-nəqliyyat hadisəsinin törədildiyi xx.xx.2023-cü il tarixdən başlayaraq, təmirin iki aydan çox davam edəcəyi nəzərə alınmaqla avtomobilindən istiadə edə bilmədiyinə görə ən azı 1.400 manat təşkil edən əlavə maddi ziyan da cavabdeh tərəfindən ona ödənilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddia ərizəsində 2 avtomobil qeyd olunmasına baxmayaraq, qəza zamanı 3 avtomobil iştirak etmişdir. Sığorta olunan 2 avtomobilə dəyən zərər qiymətləndirilmiş və həmin məbləğ şirkət tərəfindən təqdim edilən sığorta aktında əks olunmuşdur. Eyni zamanda, müəyyən edilən 5.000 manat icbari sığorta məbləği hər 2 avtomobil üçün zərərçəkmiş şəxslərə proporsional qaydada bölünməklə ödənilmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, qeyd olunan yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə idarə etdiyi ** MX *** dövlət nömrə nişanlı “Volkswagen Passat CC” markalı minik avtomobili ilə A.Heydərov küçəsi ilə Mayakovski küçələrinin kəsişməsində baş vermişdir. Qeyd olunan kəsişmədən yola çıxarkən “Toyota Prius” markalı avtomobil ilə toqquşma nəticəsində idarə etdiyi ** MX *** dövlət nömrə nişanlı “Volkswagen Passat CC” minik avtomobili ** MP *** dövlət nömrə nişanlı “Mitsubishi Lancer” markalı avtomobili vurmuş, idarə etdiyi avtomobil istifadəyə yararsız vəziyyətə düşmüşdür. İddiaçı iddia ərizəsində ona dəymiş maddi ziyanla bağlı "xxxx" ASCyə müraciət eldiyini, sığorta edən şirkət tərəfindən 2.100 manat məbləğində dəyən zərərlə bağlı kompensasiya əzərdə tutulduğunu bildirmişdir. Azərbaycan Respublikası İcbari Sığortalar haqqında Qanununun 56.1.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5.000 manatdır. Qeyd olunan müddəadan da, həmin Qanunun 58.3-cü maddəsindən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci maddəsindən məlum olur ki, nəzərdə tutulan 5000 manatlıq kompensasiya miqdarı bir və ya birdən çox şəxsin əmlakı üçün müəyyənləşdirilmiş ümumi məbləğdir. Birdən çox şəxsin əmlakına dəyən ümumi olaraq bu məbləği keçmədiyi halda sözügedən kompensasiyanın verilməsi sığorta şirkəti tərəfindən həyata keçirilməlidir. Faktiki olaraq isə "xxxx" ASC tərəfindən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həm “Toyota Prius” markalı avtoomobilə, həm də iddiaçının idarə etdiyi avtomobilə görə müəyyənləşdirilən kompensasiya miqdarı ümumi olaraq 5000 manatı keçməmişdir. Bu fakt, yuxarıda qeyd olunan sığorta şirkətindən sorğu tələb olunduğu halda təqdim ediləcək cavabda öz əksini tapacaqdır. Beləliklə, qeyd olunan ona qarşı yönəldilməsi əsassız olmaqla, iddiaçı tərəfindən sözügedən tələb aidiyyəti üzrə "xxxx" ASC-yə istiqamətləndirilməlidir. Bundan başqa, iddiaçının avtomobilin istifadəsindən məhrum qalması ilə bağlı çəkdiyi xərclərlə bağlı 1.400 manat dəyərindəki iddiası da əsassız olmaqla, həqiqəti əks etdirmir. Belə ki, "xxxx" ASC tərəfindən sığorta hadisəsinə uyğun olaraq müəyyənləşdirilən və verilən kompensasiya miqdarını qəbul etməyərək avtomobilin istifadəsindən məhrum qalmasına özü səbəb olmuşdur. Bundan başqa, iddiaçı sözügedən məhrum qalmanın nələrdən ibarət olduğunu, konkret nələrə xərcləndiyi əsaslandırmamışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Mayakovski küçəsi ilə A.Heydərov küçəsinin kəsişməsində xx.xx.2023-cü il tarixdə saat 18:30-da “Volkswagen Passat CC” minik markalı ** MX *** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə olunmuşdur. - Diamond Motors” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, Cavid Tarverdiyevə məxsus “Mitsubishi Lancer” markalı ** MP *** dövlət nömrə nişanlı avtomobilin təmir xərcləri ümumilikdə 5.030,13 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin sifarişi əsasında müstəqil sıorta eksperti X9 tərəfindən verilmiş müstəqil ekspert rəyinin surətindən görünür ki, X3 mülkiyyətində olan “Mitsubishi Lancer” markalı ** MP *** dövlət nömrə nişanlı avtomobilin təmir xərcləri ümumilikdə 2.759 manat müəyyən edilmişdir. - "xxxx" ASC-nin sığorta aktından görünür ki, X3 avtomobilinə dəymiş zərərin ümumi məbləği 2.759 manat müəyyən edilmiş və zərərin 2.459,44 manat hissəsi ona ödənilmişdir. - "xxxx" ASC-nin sığorta aktından görünür ki, X5 avtomobilinə dəymiş zərərin ümumi məbləği 2.850 manat müəyyən edilmiş və zərərin 2.540,56 manat hissəsi ona ödənilmişdir. - Sığorta ödənişinin alınması üçün xx.xx.2023-cü il tarixli plastik ödəmə kartının təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X6 plastik kart və ŞEN zərflər təhvil verilmiş və sonuncu tərəfindən təhvil alınmışdır. Hər iki tərəfin imzaları aktda öz əksini tapmışdır. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Mayakovski küçəsi ilə A.Heydərov küçəsinin kəsişməsində xx.xx.2023-cü il tarixdə saat 18:30-da “Volkswagen Passat CC” minik markalı ** MX *** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş, nəticədə zərərçəkənlər X3 idarə etdiyi və mülkiyyətində olan “Mitsubishi Lancer” markalı ** MP *** dövlət nömrə nişanlı avtomobilə və X7 idarə etdiyi və X5 mülkiyyətində olan “Toyota Prius” minik markalı ** CS *** dövlət nömrə nişanlı avtomobilə zərər vurulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanlanmış ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mitsubishi Lancer” markalı ** MP *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 4.100,25 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Mitsubishi Lancer” markalı avtomobilə baxış keçirilərkən məlum olmuşdur ki, “Mitsubishi Lancer” markalı ** MP *** dövlət nömrə nişanlı avtomobilin bufer hissəsi, qabaq sol fara və ön qapotu üzərində deyil və avtomobildə təmir işləri görülmüş vəziyyətdədir, yəni hadisədən sonrakı vəziyyəti əsaslı çəkildə dəyişmişdir. Ona görə də, baxış zamanı “Mitsubishi Lancer” markalı avtomobilin konkret olaraq hansı hissələrinin zədələnməsini müəyyən etmək mümkün olmamışdır. Ümumiyyətlə qeyd edilir ki, yolnəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən eilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və “Müstəqil sığorta eksperti X9” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mitsubishi Lancer” markalı ** MP *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4.100,25 manat (dəyişilməli hissələrin qiyməti 2.755,09 manat, təmir-bərpa işlərinin qiyməti 1.345,16 manat) müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və “Müstəqil sığorta eksperti X9” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mitsubishi Lancer” markalı ** MP *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3.103,16 manat (dəyişilməli hissələrin qiyməti 1.758 manat, təmirbərpa işlərinin qiyməti 1.345,16 manat) müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:30-da Mayakovski küçəsi ilə A.Heydərov küçəsinin kəsişməsində Cavabdeh tərəfindən idarə olunan “Volkswagen Passat CC” minik markalı ** MX *** dövlət nömrə nişanlı avtomobil vasitəsilə yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə İddiaçı məxsus “Mitsubishi Lancer” markalı ** MP *** dövlət nömrə nişanlı avtomobilə və X7 idarə etdiyi və X5 mülkiyyətində olan “Toyota Prius” minik markalı ** CS *** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Cavabdehin idarə etdiyi “Volkswagen Passat CC” minik markalı ** MX *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalandığından, iddiaçıya və digər şəxsə zərərin ödənilməsi ASC vasitəsilə həyata keçirilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə”də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş 5.000 manat təşkil etdiyindən, həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən az olduğundan, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericilikdə müəyyən edilmiş məbləğlər dairəsində mütənasib olaraq ödənilmişdir. İddiaçı vurulan zərər 2.759 manat, X8 vurulan zərər isə 2.850 manat müəyyən edilmiş, onlara dəymiş zərərə müvafiq olaraq və sığorta məbləği həddində iddiaçıya 2459,44 manat, digər şəxsə 2.540,56 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan “Volkswagen Passat CC” minik markalı ** MX *** dövlət nömrə nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh üzərinə qoyulmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Lancer” markalı ** MP *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən, 2.759 manat müəyyən edilmiş və "xxxx" ASC tərəfindən iddiaçıya 2459,44 manat məbləğində sığorta məbləği ödənilmişdir. Lakin məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən, “Mitsubishi Lancer” markalı ** MP *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan avtoehtiyyat hissələrinin köhnəlməsi nəzərə alınmaqla 3103,16 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi mötəbər sübut hesab edilməklə, həmin rəy nəzərə alınaraq, “Mitsubishi Lancer” markalı ** MP *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 3103,16 manat məbləğində müəyyən edilməli və həmin məbləğdən ödənilmiş 2459,44 manat məbləğində sığorta ödənişi çıxılmaqla, Cavabdeh 643,72 manat məbləğində maddi ziyan tutulmaqla, iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın “avtomobilinin yararsız hala düşməsi nəticəsində avtomobilindən istifadə edə bilmədiyinə görə əlavə 1.400 manat məbləğində maddi ziyanın” ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə öz təsdiqini tapmadığından təmin edilməməlidir. Belə ki, iddiaçı əvvəlki məhkəmə iclasında sual-cavab zamanı bildirmişdir ki, avtomobili yarasız hala düşdüyü üçün hər gün taksidən istifadə etməklə maddi ziyana uğramış və həmçinin avtomobilin qiymətləndirilməsi üçün xərcləri olmuşdur. Lakin həmin hallara dair mötəbər sübutlarının olmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə həmçinin ödənilmiş 85 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş ilkin və təkrar ekspertizaların dəyəri olan 150 manat ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 643,72 (altı yüz qırx üç manat yetmiş iki qəpik) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun 55 (əlli beş) manat hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-230/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-230/2024
03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver