Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2317/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-ə qarşı kredit borcunun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-ə qarşı kredit borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında olan kredir müqaviləsi üzrə yaranmış 7000 manat borcun 3000 manatını ödəməyi ilə bağlı silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin sentyabr ayının 27-də başlanmış vətən müharibəsi zamanı ermənilər tərəfindən atılan raket mərmisi evinə düşərək dağıdılaraq yararsız vəziyyətə salınmışdır. Hazırda yaşamağa yerləri olmadığı üçün 4 nəfər ailə üzvü ilə birlikdə orta məktəb binasında məskunlaşmışdır. Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC ilə onun arasında 23.09.2019-cu il tarixli kredit və girov müqaviləsi üzrə 3334 ABŞ dollar dəyərində qızıl zinət əşyası girov qoyaraq 11 ay müddətində banka faizi ilə birlikdə 8948,21 manat ödəməlidir. Müqavilə üzrə iddiaçı əsas borcla birlikdə illik 56 faiz olmaqla 111 aylıq 7000 manat kredit götürmüşdür. Həmin pulun aylıq ödəniş 813,47 manat olmaqla banka pul ödəməlidir. Krediti götürdükdən sonra 2 dəfə ardıcıl olaraq 1500 manat olmaqla ümumilikdə 3000 manat pul ödəmişdir. Covid-19 pandemiyasına görə sosial problem yarandıqdan sonra banka kredit borcunu ödəməkdə çətinlik çəkmişdir. Hazırda BOKT götürdüyü 7000 manat kredit pulun ödədiyi 3000 manatını nəzərə almayaraq ona faiz hesablayaraq 9000 manat kredit borcu hesablamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Bank Olmayan Kredit Təşkilatı “xxxx””QSC-ə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etmir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan kredit və girov müqaviləsindən görünür ki, cavabdeh “Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC İddiaçı 11 ay müddətinə, illik 52 faiz olmaqla 7000 manat kredit borcu vermişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, İddiaçı banka ödənişi hər ay üçün 813.47 manat müəyyən edilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC İddiaçı 06.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcunu 137 gün gecikdirdiyini, borcu ödəmədiyi halda 8 iş günü sonra yüklülük predmetini satışa çıxaracaqlarını məlumat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 422.1-ci maddəsinnə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, İddiaçının müqaviləyi bağladığı vaxt ümid etdiyi gəlirlərin əldə edə bilmədiyi şəraitin əhəmiyyətli dərəcə dəyişməsi hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan və iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-ə qarşı kredit borcunun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2317/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2317/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver