Məhkəmə qərarları › İş №2(005)-2325/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2325/2025

01.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2325/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə onun alimentin indeksasiya olunması barədə ərizəsi təmin edildiyindən, hazırki iddia tələbinə zərurət aradan qalxmış, bu səbəbdən də iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və 60 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsi ilə eyniməzmunlu izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinin geri qaytarılması barədə ərizəni qismən qəbul edərək, mediasiya xərcinin tutulması hissəsində ərizənin təmin edilməməsini, digər hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq iclasında iddiaçının vəsatəti əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 №-li qərarının 5-ci maddəsində qeyd edilir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək, 5.1.2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsaəsn, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, habelə Cavabdeh İddiaçı xeyrinə 60 manat mediasiya xərci tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşağın himayəsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Cavabdeh İddiaçı xeyrinə 60 manat mediasiya xərci tutulsun. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar